İki ölkənin imtina etdiyi SAHİBSİZ TORPAQ - Gedib öz dövlətinizi qura bilərsiniz
Misir ilə Sudan arasında yerləşən Bir-Tavil dünyanın ən qeyri-adi torpaq parçalarından biri kimi tanınır. Bunun səbəbi isə iki ölkənin fərqli sərhəd müqavilələrini əsas götürməsidir. Təxminən 2 min 60 kvadratkilometrlik səhra ərazisi hər iki ölkənin strateji əhəmiyyətə malik Halayib Üçbucağı üzərindəki iddiasını qorumaq istəməsi səbəbindən sanki "arzulanmayan bölgə" mövqeyindədir. Digər tərəfdən, 2014-cü ildə amerikalı bir macəraçı bölgəyə gedərək hətta öz bayrağını da sancmışdı.
Xəbər verilir ki, bölgənin bu qeyri-adi mövqeyinin arxasında isə XIX əsrin sonlarında çəkilən iki fərqli sərhəd xətti dayanır.

Bir-Tavilin bugünkü statusunun təməlləri Britaniya idarəçiliyi dövründə qoyulub. 1899-cu ildə Misir ilə Sudan arasındakı sərhəd 22-ci paralel əsas götürülərək müəyyənləşdirilib.
Bu sərhəd xəttinə görə Bir-Tavil Sudan tərəfində qalarkən, Qırmızı dəniz sahilindəki Halayib Üçbucağı Misirin sərhədləri daxilində yer alırdı. Lakin bölgənin sərhədləri bir neçə il sonra yenidən tənzimləndi.

Britaniya idarəçiliyi 1902-ci ildə bölgədəki qəbilələrin məskunlaşma ərazilərini və gündəlik yaşam şəraitini nəzərə alaraq fərqli bir inzibati sərhəd formalaşdırdı. Yeni tənzimləmə ilə Bir-Tavil Misirin idarəçiliyinə verildiyi halda, Halayib Üçbucağı Sudanın nəzarətinə keçdi. Beləliklə, bölgədə iki fərqli sərhəd xətti ortaya çıxdı. Bu gün Misir 1899-cu il tarixli sərhədi, Sudan isə 1902-ci ildə yaradılan inzibati sərhədi əsas götürür.

İllərdir Bir-Tavilə iki ölkə tərəfindən nə üçün sahib çıxılmaq istənilmədiyi də maraq doğurur. Misir və Sudan arasındakı anlaşılmazlığın ən diqqətçəkən nöqtəsi də məhz burada ortaya çıxır. Misirin Bir-Tavil üzərində haqq iddia etməsi 1902-ci il sərhədini qəbul etməsi mənasına gələ bilər ki, bu halda Sudanın Halayib Üçbucağı üzərindəki iddiası güclənər.

Sudan üçün də oxşar vəziyyət mövcuddur. Bir-Tavilə sahib çıxmaq Misirin qəbul etdiyi 1899-cu il sərhədini mənimsəmək mənasına gələ biləcəyindən, Halayib Üçbucağı üzərindəki haqq iddiasını zəiflədə bilər. Bu səbəbdən hər iki ölkə daha dəyərli və strateji mövqeyedə olan Halayib Üçbucağı üzərindəki iddiasını qorumaq üçün Bir-Tavilə sahib çıxmır.

Dünyanın ən qeyri-adi torpaq parçalarından biri kimi bilinən Bir-Tavil zaman-zaman fərdi təşəbbüslərin də hədəfi olub. 2014-cü ildə amerikalı bir macəraçı qızının şahzadə olmaq xəyalını gerçəkləşdirmək məqsədilə bölgəyə gedərək öz bayrağını sancıb. Ardınca "Şimali Sudan Krallığı" adlandırdığı bir dövlət qurduğunu bəyan edib. Lakin bu təşəbbüs heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Dolayısı ilə sözügedən bəyanat hər hansı hüquqi qüvvə qazanmayıb. Musavat.com