Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış
Alimlər xərçəng xəstəliyi ilə bağlı diqqət çəkən araşdırma aparıblar. Elm adamları çoxlu miqdarda ultra emal olunmuş qidalar istehlak edən kişilərdə prostat xərçənginə tutulma ehtimalının daha yüksək olduğunu müəyyən ediblər. Belə qidalara üstünlük verənlərdə xərçəng riski 24-31% artır.
Tədqiqat "The American Journal of Medicine" (AJM) jurnalında dərc olunub.
Tədqiqatçılar 2003-cü ildən 2023-cü ilə qədər Milli Pəhriz və Sağlamlıq Sorğusu zamanı toplanan 17.024 amerikalı kişidən əldə olunmuş məlumatları təhlil ediblər. Pəhriz iki gündəlik qida məhsulundan istifadə edilərək qiymətləndirilib və qidalar beynəlxalq NOVA təsnifatına uyğun olaraq ultra emal olunmuş kimi təsnif edilib.
Məlum olub ki, haqqında söz açılan zərərli qidalara tərkibində qida əlavələri, dadlandırıcılar və ətirləndiricilər olan və sənaye üsulu ilə emal olunmuş məhsullar - şirinləşdirilmiş içkilər, qablaşdırılmış qəlyanaltılar, kolbasa məhsulları və hazır yeməklər daxildir.
Belə məhsulları daha çox istehlak edən kişilərdə prostat xərçəngi riski statistik cəhətdən əhəmiyyətli dərəcədə yüksək olub. Onlar ən ekstremal qrupa aid ediliblər bu risk 34%-ə çatıb.
Əvvəllər də ultra emal olunmuş qidalar barədə araşdırma məlumatları yayılır, onların xeyli dərəcədə zərərli olması qeyd edilirdi. Belə qidalar piylənmə, metabolik pozğunluqlar, iltihab və ürək xəstəlikləri ilə əlaqələndirilirdi. ABŞ-da belə qidalardan daha çox istifadə olunur və prostat xərçəngi amerikalı kişilər arasında ən çox yayılmış xərçəng növüdür. 2026-cı il üçün 333.000-dən çox yeni xəstəliyin olacağı proqnozlaşdırılır. (Publika.az)