Kasnı kökü - sağlam ürək, güclü immunitet
Kasnı bitkisinin kökü qədim zamanlarda müalicəvi vasitə kimi geniş istifadə olunurdu.
Həmçinin qədimdə insanlar belə hesab edirdi ki, kasnı kökü pis gözdən-nəzərdən, cadudan, pis insanlardan qoruyur və bu səbəbdən hər evdə kasnı kökü saxlayırdılar.
Azia.az Milli.Az-a istinadla bildirir ki, müasir zamanlarda da kasnı həm xalq, həm də ənənəvi təbabətdə istifadə olunur.
Kasnı kökü həmçinin kulinariyada konfetlərin, müxtəlif şirniyyatların, xörəklərin, salatların hazırlanmasında istifadə olunur. Kasnı kökündən qəhvəyə bənzər içki hazırlanır. Bunun üstünlüyü isə ondan ibarətdir ki, bu içkinin tərkibində kofein maddəsi yoxdur.
Kasnı kökü orqanizmə mikrob və iltihabəleyhinə, sidik- və ödqovucu təsir edir.
Kasnı kökü ürək fəaliyyətinə çox müsbət təsir edir - damarları genişləndirir, ürək əzələsi üçün xeyirlidir, qanın tərkibinə müsbət təsir edir.
Kasnı kökü soyuqdəymə və infeksion xəstəliklər zamanı çox yaxşı müalicəvi təsi edir - hərarəti salır, iltihabla mübarizə aparır, immun sistemini gücləndirir. 1 çay qaşığı xırdalanmış kasnı kökü 1 stəkan qaynar suda dəmlənilir (termosda dəmləmək daha yaxşıdır), limon və bal əlavə olunur. Bu vasitəni həmçinin soyuqdəymələrin profilaktikası və zəiflənmiş immun sisteminin möhkəmləndirilməsi üçün istifadə etmək olar.
Kasnı bitkisinin tərkibində inulin maddəsi var. Bu maddə qanda şəkərin səviyyəsini normallaşdırır və bu səbəbdən şəkərli diabet xəstələri üçün kasnı çox xeyirlidir. Tək xalq təbabəti deyil, ənənəvi tibb də kasnının bu xüsusiyyəti şəkərli diabet xəstələrinin müalicəsində istifadə edir.
İnulin həmçinin orqanizmdə piylərin mübadiləsini yaxşılaşdırır, xolesterinin səviyyəsini aşağı salır, arıqlamağa kömək edir.
Şəkərli diabet xəstələri üçün çox faydalı resept: 1 çay qaşığı xırdalanmış kasnı kökünün üzərinə 1 stəkan qaynar su əlavə edin və 10 dəqiqə ərzində vam odda saxlayın. Daha sonra süzün və gün ərzində 3 dəfə 50 ml olmaqla qida qəbulundan əvvəl qəbul edin.
Belə dəmləmə həmçinin sidik- və ödqovucu vasitə kimi istifadə olunur.
Kasnı kökü dəmləməsi iltihabəleyhinə və sidikqovucu təsirə malikdir ki, müxtəlif sidik ifrazı sistemi xəstəlikləri (böyrəklər, sidik yolları, sidik kisəsi iltihabları) zamanı istifadə olunur.
Kasnı kökü qara ciyər üçün çox xeyirlidir - qara ciyəri təmizləyir, onun funksiyalarını yaxşılaşdırır.
Kasnı kökü və yarpaqları dəmləmələri qastrit, kolit, xolesistit zamanı müalicəvi vasitə kimi istifadə olunur.
Kasnı kökü və yarpaqları dəmləmələri həmçinin müxtəlif dəri xəstəlikləri (ekzema, uşaqlarda diatez, irinli yaralar, çibanlar və s.) zamanı istifadə olunur.
Kasnı diş və damaqlar üçün çox xeyirlidir - damaqları möhkəmləndirir, diş daşının əmələ gəlməsinə mane olur, ağız boşluğunda olan iltihabları sağaldır.