“Sizə heç kim qadağa qoya bilməz”-Prezident İlham Əliyev
Azia.az xəbər verir ki, o, KVN komandasının özəl televiziyalarda qadağada olmasını dilə gətirib:
Ötən gün mədəniyyət və incəsənət nümayəndələrinin Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşündə əməkdar artist Tahir İmanov çıxışı ilə ön plana çıxıb.
“Heç vaxt özüm üçün xahiş etməmişəm. Bu gün də xahiş etməyəcəyəm. Ancaq nəzərinizə çatdırmaq istəyirəm ki, bu son illərdə bizə qoyulan qadağalara baxmayaraq, biz aktiv fəaliyyətimizi davam etdiririk. Bir neçə biznesmenə, tanınmış iş adamlarına müraciət etmişik, amma hamı bir nəfər kimi deyir ki, özəl telekanallarda qadağalarınız olmasaydı kömək edərdik. Sizdən xahiş edirik ki, bizə bu işdə yardımçı olasınız. Əgər imkan olarsa, başqa bir görüşdə biz bu barədə daha ətraflı məlumat verə bilərik. O cümlədən Sizdən teatrımızın aparıcı aktyorları Bəhram Bağırzadə və Cabir İmanov üçün fəxri ad xahiş edirəm. Çünki biz heç bir dövlət qurumunun balansında deyilik. Ona görə bu sistemi bilmirik, bu sistem necə həyata keçirilir, məktublar necə yazılır.
Sonuncu xahişim də odur ki, bu il mənim babam bəstəkar Süleyman Ələsgərovun 95 illiyi qeyd olundu. Doxsan illikdə də ailəmiz adından cəhd göstərib Sizə məktub yazdıq, amma bilirik ki, o məktublar çatmadı. Sağ olun ki, 80 illik yubileyində Siz onun adını əbədiləşdirdiniz, məktəbə ad verildi. İmkan varsa, Süleyman Ələsgərovun adına bir küçə də versəniz, biz çox şad olarıq”.
Prezident İlham Əliyev isə İmanova belə cavab verib:
"Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, mən Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək.
Tahir İmanov: Özəl telekanallar qoyub qadağanı.
Prezident İlham Əliyev: Özəl telekanallar? Hesab edirəm ki, onlar səhv ediblər. Onlara da məsləhət görürəm, tövsiyə edirəm ki, əgər doğrudan da bu qadağa varsa, tamamilə götürülməlidir. Hesab edirəm ki, bütün televiziya kanalları sizin kimi istedadlı insanlar üçün açıq olmalıdır.
Tahir İmanov: Təşəkkür edirik.
Prezident İlham Əliyev: Mən şadam ki, bu məsələni sən qaldırmısan. Çünki görünür ki, burada hansısa anlaşılmazlıq olub. Yəni, dövlət xətti ilə sizə heç bir qadağa qoyula bilməz. Mən sizi artıq 20 ildən çoxdur ki, tanıyıram. Əvvəlki illərdə yaxşı təmaslarımız olubdur. Bu gün də sizin fəaliyyətinizi izləyirəm. Gördüyünüz işlərlə bağlı mənə müntəzəm olaraq məlumat verilir. Şadam ki, siz öz fəaliyyət dairənizi genişləndirirsiniz. Siz çox istedadlı insanlarsınız və Azərbaycan xalqı sizi çox sevir.
Tahir İmanov: Çox sağ olun.
Prezident İlham Əliyev: Qaldı Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi ilə bağlı məsələyə, bu gün Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş verirəm ki, Süleyman Ələsgərovun adına küçə verilsin. Siz də şəhər icra hakimiyyətinin başçısı ilə əlaqə saxlayın, küçənin seçilməsində sizin ailəniz mütləq iştirak etməlidir".
Aybəniz Abdulova