azia.az
azia.az

Sahil Babayevin keçmiş işçisi onu bloq yazısı ilə “vurdu” - Heyfini çıxır?

30-01-2019, 09:05

Sahil Babayevin keçmiş işçisi onu bloq yazısı ilə “vurdu” - Heyfini çıxır?
Azia.az xəbər verir ki,“Həqiqətən ağır mənzərə idi: haqlı və haqsız görünməsindən asılı olmayaraq şəhid ailəsinin hansısa dövlət qurumunun qarşısında boynubükük durmasını izləmək!

Bunun məmur yaramazlığından, səhlənkarlığından və ya hansısa qanunla əsaslandırılmasından doğması ikinci məsələydi”.

Bunu kim-kim, hansısa partiya sədri, hansısa şəhid qardaşı yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq müdiri Elman Babayev bloqunda yazıb.

İkrah hissi doğurur, deyilmi? Necə da sarkazm mənzərəsidir. E.Babayev şəhid ailələrinə məmurların göstərdiyi laqeydlikdən yazır, bu acı mənzərənin haqsızlıq olduğunu bildirir, sonra prezidentin şəhid ailələri ilə görüşməsini təqdir edir.

Görəsən, ƏƏSMN-də tutduğu vəzifədə işləyərkən niyə E.Babayev səsini ucaltmırdı, bloq yazmırdı? Elə ki, nazir Sahil Babayev onu işindən azad etdi, E.Babayevin “quyruğu tapdandı”, onda şəhid analarının boynubükük dayanmasına dözə bilmədi.

E.Babayev yazır: “Sirr deyil ki, şəhid ailələrinə münasibətdə bir sıra hallarda yüksək çinli məmurların, böyük mövqe sahiblərinin davranışları yetərli olmur.

Onların qayğıları yetərincə dinlənilmir və bu kateqoriyadan olan şəxslərə lazım olan kömək edilmir. Bir sıra hallarda isə tapşırılan vəzifə formal olaraq yerinə yetirilir”.

Nazirliyin sabiq şöbə müdiri yüksək çinli məmurların “bostanına daş atır”, şəhid ailələrinin problemlərinin həll olunmamasında onları günahkar sayır, di gəl özü işlədiyi dövrdə bunları söyləmirdi, əksinə, ört-basdır etməklə məşğul idi.

Amma yeni nazir onunla işləmək istəməyəndən sonra E.Babayevin şəhid ailələri ilə bağlı vicdanı sızıldamağa başladı, S.Babayevə bloq yazısında hücuma keçdi.

Əlbəttə, bizim S.Babayevi müdafiə etmək fikrimiz yoxdur, çünki aylardır onu tənqid edirik, şəhid ailələrini küçələrdə qoymasını pisləyirik, E.Babayevdən fərqli olaraq.

Sabiq şöbə müdiri nazirlikdə indi işləsəydi, çətin ki bloq yazısını yazardı, yazsaydı da nazirin fəaliyyətini mədh edərdi. Amma işdən çıxarılan kimi Babayev nazir Babayevə hücum edir.

E.Babayev bloqunda yazır ki, bürokratik süründürməçilik, ədalətsizlik, rüşvət hallarının aradan götürülməsi və kompleks halda vətəndaşın dövlət qurumlarına inamının güclənməsi üçün sadəcə verilən tapşırıqları vicdanla icra etmək yetərlidir.

Görəsən, nazirlikdə işlədiyi vaxt niyə bu tənqidləri qəbul etmirdi? Nə üçün etiraz səsini ucaltmırdı? Bu ailələri incidən, süründürən, narazılıq yaradan S.Babayev idi, E.Babayevin işlədiyi nazirlik idi.

Nazir onu vəzifəsində saxlasaydı, biz başqa Elman Babayev görəcəkdik. Görünür ki, prezidentin şəhid ailələri ilə görüşməsi sabiq məmurun əlinə fürsət verib ki, nazirdən heyfini çıxsın.

Qeyd edək ki, Sahil Babayev ƏƏSMN-in mərkəzi aparatı və strukturlarına daxil olan qurumlarda indiyədək 100-dən çox şəxsi vəzifədən uzaqlaşdırıb. Düzdür, bunların arasında vəzifədən getməyi haqq edənlər də kifayət qədərdir.

Elə nazirliyin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin, mətbuat katibi Elman Babayevin, o cümlədən Səlim Müslümovun əmisi oğlu, nazirin müşaviri Yalçın Müslümovun, bacısının həyat yoldaşı olan DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərovun, dayısının kürəkəni olan Əmək müfəttişliyinin rəisi Fuad Əlizadənin, həmçinin ƏƏSMN-in Daxili Nəzarət, kadrlar şöbələrinin müdirlərinin işdən çıxarılması ictimaiyyətin böyük kəsimi kimi, daxildə də ürəkdən alqışlandı.

Lakin keçmiş zabit Sahil Babayevin ayaq səslərinin vahiməsi bundan o yana gedə bilmədi. O, nəinki Səlim Müslümovun bütün qohumlarına, o cümlədən nazirliyin “dərin kökləri”nə nəinki nüfuz edə bildi, əksinə, kənardan nazirliyə gətirdiyi təcrübəsiz kadrlarla “qaş düzəltdiyi yerdə, vurub gözü də çıxarmağa” başladı.

Bu deyilənlərlə bağlı tərəflərin mövqeyini dərc edə bilərik.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi