azia.az
azia.az

Azərbaycan Dillər Universitetində nələr baş verir?!

18-12-2018, 22:52

Azərbaycan Dillər Universitetində nələr baş verir?!
Virtualaz.org xəbər verir ki, 50 ilə yaxın universitetin kadrlar şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışan Elmira Baxşəliyeva tərəfindən yazılan, həmçinin ölkə prezidentinə də ünvanlanan açıq məktubda bildirir ki, onu şantaj və təhdid yolu ilə iş yerindən uzaqlaşdırmağa çalışırlar.
Məktubda həmçinin universitetdə vəzifələrin satıldığı, rektorun çoxsaylı qohumlarının müxtəlif vəzifələrə təyin edildiyi qeyd olunur. Şikayətçinin sözlərinə görə, universitetdə çoxsaylı yüksək ixtisaslı mütəxəssislərin olmasına baxmayaraq, rəhbər vəzifələrə savadsız, təcrübəsiz, ixtisası uyğun gəlməyən, elmi adı və dərəcəsi olmayan şəxslərə verilir.
“Yaşadığım problemin əsas səbəbi universitetdə yerlərinin boşaldılması, müəssisədə vəzifələrin satılmasıdır. Kamal Abdullayevin rektor təyin olunandan bəri ADU-ya 200-dən artıq işçi qəbul edib. İşə qəbul olunanların nə peşəkarlıq keyfiyyətləri, nə də ki ixtisasları universitetin profilinə uyğun gəlmir. Xarici dil müəllimi hazırlayan universitetdə hazırda dil mütəxəssislərinin sayı nisbi götürüldükdə tədricən azalmaqdadır. Universitetdə hökm sürən qeyri-sağlam mənəvi-əxlaqi mühit, universitet işçiləri arasında ayrı-seçkilik insanları de-motivasiya edir”-şikayətçi bildirir.
E. Baxşəliyeva qeyd edir ki, universitetin təmiri məqsədilə keçən tədris ilində 650 min manat, cari tədris ilində isə 400 min manat xərcləndiyini rektor iclaslarda dəfələrlə qeyd etsə də, kollektiv əsaslı təmirin və təchizatın olmamasına şahiddir.
“Universitetin bütün korpuslarında insan sıxlığından nəfəs almaq artıq mümkün deyil. Vəzifələri hərraca çıxaran Kamal Abdullayev yerini boşaltmaq istədiyi işçiyə əvvəl hədə qorxu gəlir, alınmadıqda şər böhtan atır, bu niyyəti də baş tutmadıqda komissiyalar təşkil edir. Köhnə partokrat olaraq komissiya üzvlərinə təzyiqlər göstərir, zavallı əməkdaşlar çıxılmaz vəziyyətdə qalaraq illərlə yoldaşlıq etdikləri iş yoldaşlarına qarşı qurama fəaliyyət göstərmək məcburiyyətində qalırlar. Hazırda universitetin yüksək rütbəli əməkdaşlarının fəaliyyəti insanlar arasında qarşıdurma yaratmaqdan ibarətdir”, - deyə müraciətdə qeyd olunur.
E. Baxşəliyevanın sözlərinə görə, yeni rektorun Dillər Universitetinə Bakı Slavyan Universiteti və Bakı Multikulturalizm Mərkəzindən gətirdiyi çoxsaylı işçilər ADU-nun kollektivinə yuxarıdan aşağı baxır, bəzən onları ələ salır, bu da onların arasında ikitirəliyin, münaqişələrin yaranmasına yol açır.
Digər məktubda isə ADU-ya Kamal Abdullayevin rektor təyin olunmasından sonra özünə bir neçə müşavir təyin etdiyi qeyd olunur. Bildirilir ki, rektor prokurorluq orqanlarından çıxarılmış Abduləli İsmayılovu icraya nəzarət üzrə müşavir təyin edib. Hansı ki, belə müşavir postunu indiyə qədər nə eşidən, nə görən olmuşdu.
Universitet rəhbərliyinə qarşı ittihamlara cavab almaq üçün ADU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ağa Cəfərli ilə əlaqə saxladıq. O, virtualaz.org-a açıqlamasında universitetin əməkdaşı Elmira Baxşəliyevanın işinin hazırda məhkəmədə araşdırıldığını və ona görə də bu barədə çox danışmaq istəmədiyini dedi.
“Bu xanım işində ciddi nöqsanlara yol verib. Hətta cinayət xarakterli işlər törədib. Hazırda iş məhkəmədə olduğuna görə geniş açıqlama vermək istəmirik. Ancaq onu deyə bilərik ki, bu deyilənlərin hamısı şər və böhtandır. Biz Azərbaycan məhkəməsinin ədalətinə inanırıq və inanırıq ki, bütün həqiqətlər üzə çıxacaq”, - deyə A. Cəfərli bildirib.
Digər anonim məktuba gəlincə isə, universitet rəsmisi onun da böhtan və həqiqətə uyğun olmayan iftiralarla dolu olduğunu deyib . Qeyd edib ki, rektorun bu və ya digər sahə üzrə müşavir təyin etməyə və ya onu işdən çıxarmağa səlahiyyəti var.

Gülnar Əliyeva

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi