azia.az
azia.az

Dekan kollektivin səsi ilə seçilir, bəs kim onu vəzifədən azad edir?

Bu gün, 15:32

Son illərdə bir sıra ali təhsil müəssisələrində dekan vəzifəsinə təyinatın seçki yolu ilə həyata keçirilməsi universitetlərdə idarəetmə prinsipləri ilə bağlı müzakirələri gündəmə gətirib.

Belə olan halda, kollektivin səsverməsi ilə vəzifəyə gələn dekanın fəaliyyətinə xitam verilməsi zamanı da eyni mexanizmin tətbiqi nə dərəcədə məqsədəuyğundur? Vəzifədən azad edilmə qərarında akademik heyətin mövqeyi hansı formada nəzərə alınmalıdır?

Mövzu ilə bağlı təhsil eksperti Turan Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, məsələyə beynəlxalq təcrübə və universitetlərin idarəetmə prinsipləri kontekstində yanaşmaq lazımdır. Onun sözlərinə görə, dekanın seçilməsi və vəzifədən azad edilməsi ali təhsil müəssisəsinin akademik muxtariyyəti, idarəetmə səlahiyyətləri və hesabatlılığı ilə birbaşa əlaqəlidir.


“Dünya təcrübəsində dekanların vəzifəyə gətirilməsi ilə bağlı vahid mexanizm mövcud deyil. Belə ki, Almaniyanın bir sıra universitetlərində dekan fakültə şurası tərəfindən seçildiyi halda, ABŞ universitetlərində onun təyin olunması və vəzifədən azad edilməsi, əsasən, rektorun və ya ali idarəetmə orqanlarının səlahiyyətlərinə daxildir”.

T.Hüseynovun sözlərinə görə, hətta eyni ölkənin müxtəlif universitetlərində də dövlət və ya özəl ali təhsil müəssisəsi olmasından asılı olaraq fərqli idarəetmə modelləri tətbiq edilə bilər.

“Dekanın seçilməsi və vəzifədən azad edilməsi həm eyni, həm də fərqli mexanizmlərlə tənzimlənə bilər. Burada əsas şərt prosedurların əvvəlcədən müəyyənləşdirilməsi, şəffaflığın təmin olunması və universitetin akademik maraqlarına xidmət etməsidir.

Dekanların akademik heyətin səsverməsi ilə seçilməsi universitetlərdə demokratik idarəetmənin, akademik muxtariyyətin və kollektiv etimadın göstəricisi sayıla bilər. Çünki fakültənin elmi potensialını, əməkdaşlarının təcrübəsini və idarəçilik imkanlarını ən yaxşı tanıyan məhz həmin kollektivdir”.

Bununla belə, o, diqqətə çatdırıb ki, dekan yalnız onu seçən kollektiv qarşısında deyil, bütövlükdə universitet və təhsil sistemi qarşısında da məsuliyyət daşıyır.

“Dekanın vəzifədən azad edilməsi müxtəlif səbəblərlə bağlı ola bilər. Bu, bəzən onun daha yüksək vəzifəyə təyin olunması ilə əlaqədar baş verir. Digər hallarda isə idarəetmədə ciddi nöqsanlar, akademik göstəricilərin zəifləməsi və universitetin strateji məqsədlərinə uyğun olmayan fəaliyyət vəzifəyə xitam verilməsini zəruri edə bilər.

Belə qərarlar şəxsi münasibətlərə və subyektiv yanaşmalara deyil, konkret meyarlara, fəaliyyətin qiymətləndirilməsinə və şəffaf prosedurlara əsaslanmalıdır”.

Ekspert Azərbaycanda da bu məsələnin daha səmərəli tənzimlənməsi üçün dekanların seçilməsi və vəzifədən azad edilməsi qaydalarının universitetlərin nizamnamələrində dəqiq göstərilməsini vacib sayır. Onun sözlərinə görə, əgər dekan kollektivin səsverməsi ilə seçilirsə, vəzifəsinə xitam verilərkən akademik heyətin mövqeyinin hansı formada nəzərə alınacağı da əvvəlcədən müəyyənləşdirilməlidir.

“Seçki ilə vəzifəyə gəlmək rəhbərin toxunulmazlığı demək deyil. Eyni zamanda, rəhbərin vəzifədən azad edilməsi mütləq şəkildə yeni seçkinin keçirilməsini də tələb etməyə bilər. Əsas məsələ bu proseslərin hüquqi və institusional baxımdan düzgün tənzimlənməsidir”, – deyə ekspert bildirib.

Beləliklə, dekanın seçilməsi kollektivin etimadını, vəzifədən azad edilməsi isə idarəetmədə məsuliyyət prinsipini ifadə edir. Hər iki prinsipin qorunması universitetlərdə şəffaf və sağlam akademik mühitin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Aynurə İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi