Falçıların toruna düşənlərə XƏBƏRDARLIQ
Cəmiyyətdə nəzər, cadu, fal və müxtəlif inanclarla bağlı fikirlər geniş yayılıb. Bəzi insanlar qarşılaşdıqları çətinliklərin səbəbini cadu və nəzərdə axtarır, problemlərinin həlli üçün falçılara və bu kimi şəxslərə müraciət edirlər. Halbuki dini inancın əsasını təşkil edən müddəalarla xalq arasında yayılan xurafat arasında ciddi fərqlər var. Bəs xurafatla həqiqi dini inancı bir-birindən necə ayırmaq olar?
Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam dininin təməl prinsipləri Qurani-Kərimə və Məhəmməd peyğəmbərin (s.ə.s.) nümunəvi əxlaqına əsaslanır.

Onun sözlərinə görə, müsəlmanın əsas məqsədi Allahın vəhyini düzgün oxumaq, anlamaq və həyatında tətbiq etməkdir. İslam insanlara mənəvi rahatlıq, səadət, çətinliklər və müsibətlər qarşısında səbirli, təmkinli olmağı aşılayır.
İlahiyyatçı qeyd edib ki, xurafat və cəhalət isə dini dəyərlərlə heç bir elmi və məntiqi əsası olmayan düşüncələrin qarışdırılmasından qaynaqlanır:
“Cəmiyyətin içərisində dini dəyərlərdən, vəhyin hökmlərindən keçməmiş, sadəcə ‘babalarımız belə deyib’, ‘nənələrimiz belə söyləyib’, ‘qonşumuz belə danışıb’ kimi fikirlər əsasında formalaşan çoxsaylı yanlış inanclar yayılır. Həqiqətin yükü ağır olduğu üçün onu hər kəs daşımaq istəmir. Xurafat isə tez yayılır, insanların qulağına xoş gəlir. Çünki daha qısa və asan yollar vəd edir”.
Ağa Hacıbəyli bildirib ki, insanların çətinliklərdən qısa zamanda xilas olmaq istəyi də xurafatın yayılmasına şərait yaradır. Məsələn, xəstələnən insan həkimə müraciət etməli, müayinədən keçməli və müvafiq müalicə almalıdır. Ancaq bəziləri bunun əvəzinə möcüzəvi və sürətli həll yolu axtararaq falçılara, cadugərlərə üz tutur.
İlahiyyatçının fikrincə, cadu və fal adı altında insanların ümidlərindən istifadə edən şəxslər əslində onları aldatmaqla yanaşı, cəmiyyətin inkişafına da mane olurlar.
O, vurğulayıb ki, hətta müasir dövrdə, elmin və texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda belə, tanınmış şəxslər arasında falçılara müraciət edənlərə rast gəlinir. Bu isə cəmiyyətdə maarifləndirmənin nə qədər vacib olduğunu göstərir.
Ağa Hacıbəyli xurafatla dini inancı fərqləndirməyin əsas meyarını da açıqlayıb. Onun sözlərinə görə, İslamın konkret mənbələri, elmi və mənəvi əsasları, imanın və İslamın şərtləri var. Xurafatın isə nə etibarlı mənbəyi, nə elmi əsası, nə də söykəndiyi mötəbər dini qaynağı mövcuddur.
“İslam dini elmə və irfana əsaslanır. Hər şeyin arxasında bir mətn, qaynaq və mənbə var. Xurafatın isə nə qaynağı, nə mənbəyi, nə də istinad etdiyi elmi kitab var. İnsan bilmədiyi zaman bunları qarışdırır. Halbuki haqq ilə batil gecə ilə gündüz qədər bir-birindən fərqlidir”, – deyə ilahiyyatçı bildirib.
O, medianın bu istiqamətdə üzərinə mühüm vəzifə düşdüyünü diqqətə çatdırıb. Qeyd edib ki, xüsusilə gənc nəslin düzgün düşüncə və təfəkkürə yiyələnməsi, falçıların və cadugərlərin qurduğu tələlərdən uzaq qalması üçün maarifləndirmə işləri gücləndirilməlidir.
İlahiyyatçı əlavə edib ki, falçılıq və cadugərlik adı altında fəaliyyət göstərən şəxslər insanların psixologiyasına təsir edir, onların maddi imkanlarından sui-istifadə edir və mənəvi baxımdan zərər görmələrinə səbəb olurlar.
“Qurani-Kərimin ilk əmri oxumaqdır. Allahın adı ilə oxumaq insanı elmə, düşüncəyə və səcdəyə aparır. Ancaq falçıların və cadugərlərin fəaliyyəti insanı Allahdan, cəmiyyətdən və öz mənəvi dəyərlərindən uzaqlaşdırır. Onlar insanların var-dövlətinə əl qoyur, psixologiyalarını ələ keçirirlər. Belə insanların qurduğu tələlərə düşməmək üçün cəmiyyətin aydın düşüncəyə və maarifləndirməyə ehtiyacı var”, – deyə Ağa Hacıbəyli fikirlərini yekunlaşdırıb.
Aynurə İsmayıl