azia.az
azia.az

Cəhənnəmin odlu guşəsi, özü də Bakının ortasında...

27-11-2018, 17:24

...İçəridə zülmətdir, əridilən qara metalın tüstüsü heç bir işıqlandırmanın mövcud olmadığı nəhəng tikilidə hökm sürən qaranlıqla qarışaraq əsl cəhənnəm mənzərəsi yaradıb. Bu zülmət qaranlığından arabir üz-gözü hisə boyanmış, mazutdan rəngi seçilməyən fəhlə geyimlərində kimsə çıxır.

Uzaqdan gözə arabir yüksələn alov dilimləri də dəyir ki, bunu da cəhənnəm mənzərəsinin ayrılmaz elementi saymaq olar. Əsatirlərdən məlum olduğu kimi cəhənnəm deyəndə ağla ilk növbədə zülmət qaranlığı və bu qaranlığın ortasında qoyulmuş qır qazanı, həmin qazandan yüksələn alovlar gəlir. İndiki halda fərq ancaq ondadır ki, qır qazanını qara metal tullantılarının əridildiyi kustar soba əvəzləyir.

Oxucular yəqin söhbətin nədən getdiyini başa düşdülər. Və yanılmadılar. Bu cəhənnəm mənzərəsi Bakının ortasında, Binəqədi rayonu ərazisində yerləşən kustar metaləritmə sexlərində hökm sürür. Hansı ki, virtualaz.org illərdir bu problem haqda yazır, araşdırır.

Fəhlələrin heç bir təhlükəsizlik normalarına əməl edilməyən, nəfəs almağın belə çətin olduğu yarıuçuq məkanlarda-sovet sənaye müəssisələrinin xarabalıqlarında işlədiyi, heç bir standartlara cavab verməyən tikinti materiallarının (armaturlar və s.) istehsal olunduğu, üstəlik hər gün havaya ağır metal tullantılarından ibarət zəhər buraxan kustar sexlər isə öz işindədir. Belə görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin öz səlahiyyətlərinin imkan verdiyi maksimum imkanlar çərçivəsində belə sexləri cəzalandırmasının da ciddi təsirləri yoxdur.

Bu kustar metaləritmə “zavodu” “Amor” şadlıq sarayı ilə üzbəüz, Süleyman Sani Axundovun adını daşıyan küçədə yerləşir. İşçilərini isə görkəmli yazıçının məşhur “Qorxulu nağıllar”ının personajlarına da bənzətmək olar. Axı belə şəraitdə işləyib qəpik-quruş maaş almaq doğrudan da qoxuncdur, təhlükəlidir və hər gün zəhər udan bu işçilərin gələcək aqibətlərinin necə olacağı məlumdur.

“Zavodun” ərazisində reportyorları özlərini təqdim etmək istəməyən şəxslər qarşılayır, daha doğrusu qarşımızı kəsir. Müəssisənin sahibini soruşuruq, “yoxdur, uzaqdadır” deyirlər. Biri özünü “sahibkarın köməkçisi” kimi təqdim edir, amma adını demir. Bəs sahibkar kimdir? Bu müəssisə nə istehsal edir, nə qədər işçisi var, təmizləyici qurğusu mövcuddurmu?
Cəhənnəmin odlu guşəsi, özü də Bakının ortasında...
Bu kimi suallara cavab verən yoxdur, ancaq “sahibkar özü cavab verə bilər” deyirlər. Sexə daxil olmağa və foto-video çəkməyə icazədən isə söhbət gedə bilməz. “İcazə yoxdur” deyə hər tərəfdən üstümüzə gəlirlər. Əlbətdə, bu cür ekstremal vəziyyətlərdə işləmək təcrübəsi olan əməkdaşlarımızdan biri telefonunu hər halda sexin içərisinə tuşlaya bilir. Amma nə fayda. İçəridə zülmət qaranlığıdır və çəkilən kadrlarda ancaq qaranlıq, bir də alov seçmək olur...

Buna baxmayaraq içəridə qızğın iş gedir-qəliblərdən təzə çıxmış pəstahlar üst-üstə qalanıb. İşçilər metal tullantılarını doğrayıb əritmə prosesinə hazırlayırlar, sexin dərinliklərində isə ətrafa zəif alov və tüstü saçan hansısa soba işləyir.
Cəhənnəmin odlu guşəsi, özü də Bakının ortasında...
Reportyor qrupumuzu sexin bir neçə balaca otaqdan ibarət tikilidə yerləşən “ofisinə” dəvət edirlər, “məsələni aydınlaşdırmaq üçün”. Əvvəlcə deyirlər ki, metal sexinin sahibi İsa müəllimdir. Qısa araşdırmadan sonra məlum olur ki, söhbət əvvəllər Nəsimi rayon vergi idarəsinə rəhbərlik etmiş və sahibkarlara qan uddurması ilə ad çıxarmış İsa Vəkilovdan gedir. Oğlu Müşfiq Vəkilov isə “Kredo Bank”ın Müşahidə Şurasının rəhbəri olub. Mətbuatda adı milyonlarla manatlıq bank maxinasiyalarına görə hallanır.
Cəhənnəmin odlu guşəsi, özü də Bakının ortasında...
Məlum olur ki, bu sexin bir küncündə kustar boya sexi də fəaliyyət göstərir. İşçilər görünür izi azdırmaq üçün bu dəfə İsa müəllimin təkcə boya sexinin sahibi olduğunu deyirlər. “Metal sexi onun deyil, bilmirik kimindir”-ofisdə belə deyirlər. Və hər ehtimala qarşı əməkdaşımızın telefon nömrəsini qeyd edirlər ki, sahibkar lazım olsa özü zəng vursun.

İşçilərdən heç bir tutarlı informasiya əldə etməyin mümkün olmadığını görüb müəssisəni tərk edirik. Yaxınlıqdakı kafenin işçisinə üz tuturuq. “Bəli, bu sex İsa müəllimindir, boya sexi də onundur, metal sexi də...”-işçi əminliklə deyir.

Doğrudur, sexin tüstü bacalarından ətrafa qara tüstünün yayıldığı müşahidə edilmir. Amma son vaxtlar ölkə başçısı səviyyəsində şəhərin havasını, ekologiyasını korlayan müəssisələr, obyektlər barədə məsələnin gündəmə gətirilməsi, müvafiq dövlət strukturlarının nəhayət hərəkətə keçib belə obyektlərə qarşı hansısa tədbirlər görməyə başlaması nəticəsində bu cür kustar sexlər metaləritmə sobalarını tam gücü ilə gecə saatlarında işə salmaq taktikasına əl atıblar. Gündüzlər isə əsasən tullantıları doğrayıb əridilməyə hazır hala gətirməklə məşğul olurlar.
Cəhənnəmin odlu guşəsi, özü də Bakının ortasında...
Bu hələ hamısı deyil. Yaxınlıqda, Cəfər Xəndan küçəsində, sovet dövründə beton zavodu olmuş müəssisənin xarabalıqlarında daha bir kustar armatur sexi işləyir. Reportyorlarımız bu dəfə fərqli taktika işlədir-sexə arxa qapıdan daxil olur. Müəssisənin ərazisində bir tərəfə üst-üstə hazır məhsul-armatur qalaqlanıb. “Bura satış sexidir, metaləritmə sexi o tərəfdədir”-gəlişimizin məqsədi haqda duyuq düşməyən qarovulçu deyir.

İstehsal sahəsinə keçirik, orada da tanış mənzərədir, metal tullantılarından ibarət cəngəllik, nələrisə kəsib doğrayan fəhlələr, işləyən dəzgahların səs-küyü...

Fəhlələrdən ancaq onu öyrənə bilirik ki, bu sexin sahibi türkiyəlir, “Əhməd bəy” deyilən biridir. Amma harada olduğunu bilmirlər. Müəssisənin ofisi kimi istifadə olunan otağın qapısını döyürük, qapını fəhlə açır. “Əhməd bəy yoxdur, harada olduğunu da bilmirəm” deyir.

Bu sexin ərazisində əsasən həm də qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yarıuçuq daxmalar yerləşir. Və daxmaların sakinləri deyəsən həyatlarından məmnundur.

“Ərlərimiz bu sexdə işləyir, maaş alır. Dolanırıq, sexin fəaliyyətindən razıyıq. Buradan da köçmək istəmirik, nəyimizə lazım. Şəhərin mərkəzidir, gül kimi yaşayırıq. Allah bilir “qaçqınkom” aparıb hansı ucqarda ev verəcək”-bu sözləri daxmalardan birinin sakini , 30-35 yaşlarında qadın deyir.

Amma bu daxmalarda yaşayanlar təkcə qaçqınlar deyil. Sakinlər arasında rayonlardan gəlib sexdə fəhləlik edən və yaşamağa evi olmayanlar da var.

Xatırladırıq ki, virtualaz.org saytının bu cür təhlükəli kustar metal “zavodları” barədə araşdırmalarına müvafiq dövlət strukturlarından indiyə qədər ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi reaksiya verib. Nazirlik öz səlahiyyətlərinin verdiyi imkanlar çərçivəsində hərəkət edərək bu sexlərə mütəxəssislər göndərir, havanın çirkləndiyini təsdiqləyən analizlər aparılır və müxtəlif məbləğlərdə cərimə cəzaları kəsilir.
Cəhənnəmin odlu guşəsi, özü də Bakının ortasında...
Amma problem təkcə məsələnin ekoloji tərəfidirmi? Əlbətdə yox. Bəs bu sexlərdə insanların heç bir əmək təhlükəsizliyi normaları gözlənilmədən işlədilməsi, buraxılan məhsulların keyfiyyəti, (hansı ki, bundan Bakıda tikilən binaların dayanıqlığı birbaşa asılıdır) niyə müvafiq strukturları maraqlandırmır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblı virtualaz.org-a açıqlamasında deyir ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) yoxlama apara bilmir. Lakin işçinin hər hansı bir əmək münasibətlərində qanun pozuntusu ilə bağlı müraciəti olarsa DƏMX səlahiyyətləri çərçivəsində araşdırma apara bilər.

Dərhal sual yaranır: axı harada görünüb ki, belə sexlərin işçiləri gedib DƏMX abbreviaturalı dövlət strukturunun qapısını döysün və əmək şəraitindən şikayətlənsin? Bəyəm belə sexlərdəki mənzərəni əks etdirən və mətbuatda dərc edilən çoxsaylı fotomateriallar özü hər şeyi demir?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, qeyri-qanuni fəaliyyət göstərən belə sexlərdə əməyin mühafizəsi, texniki təhlükəsizlik tələbləri pozulur. Lakin doğrudan da hazırda Dövlət Əmək Müfətiişliyi Xidmətinin yoxlama aparmaq səlahiyyəti yoxdur.
Cəhənnəmin odlu guşəsi, özü də Bakının ortasında...
“Əslində bütün dünyada müvafiq dövlət orqanlarının vergilər və əməyin mühafizəsi sahəsində yoxlamalar aparmaq səlahiyyəti var. Bizdə yalnız Vergilər Nazirliyinin sahibkarlıq fəaliyyətini yoxlama səlahiyyəti saxlanılıb”,-Məmmədov əlavə edib.

Təşkilat sədrinin sözlərinə görə, həmin sexlərdə işləyib peşə xəstəliyinə düşənlər sonradan bunu sübut edə bilmirlər. Əmək müqaviləsi olmur, işçi orada nə qədər maaş aldığını, həmçinin məhz həmin işdə işlədiyi üçün xəstələndiyini sübut edə bilmir.

“Əslində mətbuatda gedən məlumatlar Dövlət Əmək Müfəttişliyi Xidməti üçün yoxlamaya əsas ola bilər”, -Sahib Məmmədov bildirib.

Həmin sexlərin fəaliyyəti barədə yerləşdikləri rayonun-Binəqədi rayonunun İcra Hakimiyyətini də məlumatlandırdıq. İcra Hakimiyyətindən bildirdilər ki, dərhal əməkdaşlar əraziyə göndərilib və araşdırma aparılır. Nəticəsini daha sonra deyəcəklər...

Və nəhayət daha bir mühüm məqam-Bakı və Sumqayıt ərazisində fəaliyyət göstərən 30-a yaxın (bunlar hələ “elmə məlum olanlardır”) kustar metaləritmə sexlərini xammalla-yəni metal tullantıları ilə kimlər təchiz edir? Kimlər dövlət mülkiyyətini-dəmir yol relslərini, sovet dövründən qalma iri sənaye müəssisələrinin avadanlıqlarını, yaxud neft sənayesində işlədilən metal avadanlıqları doğrayıb tullantı adına bu sexlərə satır?

Göründüyü kimi, məsələ təkcə kustar metal sexlərinin fəaliyyətinin ekoloji tərəfində deyil. Məsələ mürəkkəb və çoxşaxəlidir, “qara iş” olsa da bunda çoxlarının maraqları var. Araşdırmalarımız davam edəcək.

Reportyor qrupu

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi