azia.az
azia.az

Ədliyyə işçilərinin peşə bayramı günü geniş qeyd olunur

22-11-2018, 12:46

Ədliyyə işçilərinin peşə bayramı günü geniş qeyd olunur


Azia.az xəbər verir ki, bu gün Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.

Əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 98 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.

Bayram ərəfəsində ölkə Prezidenti tərəfindən ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə mühüm dəyişikliklərin edilməsi, həmçinin fərqlənmiş bir qrup ədliyyə işçisinin dövlət təltiflərinə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.

Əlamətdar gün münasibətilə respublika ədliyyə nazirinin kütləvi informasiya vasitələrində Azərbaycan ədliyyəsinin müasirləşdirilməsi üzrə görülən məqsədyönlü işlər barədə geniş məqaləsi və müsahibəsi dərc olunub. Həmçinin, Azərbaycan ədliyyəsinin şanlı tarixinə və inkişaf dövrlərinə nəzər salınaraq ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib.

Bayramla əlaqədar silsilə tədbirlər təşkil olunub, o cümlədən ənənəvi olaraq ədliyyə veteranlarına baş çəkilib, qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlarla nazirliyin rəhbərliyinin görüşü keçirilib, habelə erməni işğalı nəticəsində məcburi köçkün düşmüş soydaşlarımıza yardımlar edilib, Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend və qısametrajlı film hazırlanıb.

Peşə bayramlarını sonsuz iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hakimlər noyabrın 22-də əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Həmçinin, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.

Sonra Ədliyyə Nazirliyində təntənəli mərasim keçirilib. Əvvəlcə əbədiyaşar liderimizin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub.

Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, nazirliyin kollektivi, vətəndaş cəmiyyətinin və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Peşə bayramı günü münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edən nazir F.Məmmədov builki peşə bayramının həm də ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd olunması ilə əlamətdar olduğunu, əsrə yaxın şanlı tarixi olan Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Nazir möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan danışıb.

Sonra Prezident İlham Əliyevin bir qrup ədliyyə işçisinin təltif olunması barədə 2016-ci il 18 noyabr tarixli Sərəncamı elan olunaraq yüksək dövlət təltifləri həmin şəxslərə təntənəli təqdim olunub, habelə fəaliyyətində fərqlənmiş digər əməkdaşlara xüsusi rütbələr və mükafatlar verilib.

Tədbirə dəvət olunmuş rəsmi şəxslər və vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edərək dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yeri və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb, ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edib, ədliyyə işçilərinə xoş arzularını çatdırıblar.

Dövlət təltiflərinə layiq bilinmiş ədliyyə işçiləri çıxış edərək, onlara göstərilən bu yüksək etimadı bundan sonra da doğruldacaqlarını söyləyib, ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Gənc ədliyyə işçiləri ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini, ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını, ədliyyə sistemində gənclərə hər zaman xüsusi qayğı ilə yanaşıldığını dərin minnətdarlıq hissi ilə qeyd edib, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Tədbirdə ədliyyə işçilərinin Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarından əminlik ifadə olunub.



















OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi