İmişli rayon məhkəməsinin yeni inzibati binası istifadəyə verilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün binanın açılış mərasimi keçirilib.
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Milli Məclisin deputatı Çingiz Qənizadə, bölgə hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bina ilə tanışlıq zamanı bildirilib ki, ümumi sahəsi 2.300 kvadrat metr, iki mərtəbədən və zirzəmi qatından ibarət olan məhkəmə binası, digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati zonalara bölünməklə müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub.
BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq məhkəmə binasında əlillərin sərbəst hərəkəti üçün də şərait yaradılıb.
Mərasimdə çıxış edən ədliyyə naziri F. Məmmədov İmişli Rayon Məhkəməsinin müasir inzibati binasının istifadəyə verilməsinin vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini bildirib.
Qeyd olunub ki, dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində paytaxtda və bölgələrdə 11 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib, hazırda isə 8 məhkəmə üçün bina və komplekslərin intensiv inşası aparılır.