Ədliyyə Nazirliyi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkillərinin onun səhhətində yaranmış problemlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
APA-nın xəbərinə görə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin peşəkar həkim - mütəxəssislərinin Akif Çovdarovun səhhətinə hər zaman həssas yanaşırlar.
“Bu məsələyə tam məsuliyyətlə yanaşılır. Müraciətlər olunursa, heç vaxt reaksiyasız qalmır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, A. Çovdarovun vəkilləri onun səhhətində problemlərin olması ilə bağlı Ədliyyə Nazirliyinə etdikləri müraciətlərin cavabsız qaldığını bildirmişdilər.