Soçi görüşünün əhəmiyyəti - "İlham Əliyevin mövqeyi sənəddə tam şəkildə öz əksini tapıb"
Soçi görüşünün əhəmiyyəti - "İlham Əliyevin mövqeyi sənəddə tam şəkildə öz əksini tapıb"
Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüş Azərbaycanın müəyyənləşdirdiyi strateji hədəflərə tam cavab verir. İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən Soçi görüşü on illliklər boyu müharibə şəraitində yaşamış Azərbaycan və Ermənistan arasında normal münasibətlərin yaradılması baxımından möhkəm hüquqi baza rolunu da oynamış oldu. Bundan əvvəl iki dəfə - 44 günlük müharibəni başa çatdıran 10 noyabr 2020-ci ildə, daha sonra isə 11 yanvar 2021-ci il tarixində üçtərəfli görüşlər olmuşdu. Soçi görüşü Azərbaycan-Ermənistan arasında bundan sonra qurulacaq münasibətlərə bir daha aydınlıq gətirdi.
Nələr öz təsdiqini tapdı?
Əvvəla, Zəngəzur dəhlizinin açılması prosesi sürətlənməlidir və bunun üçün Ermənistanın müqaviməti sındırılmalı idi. Zəngəzur dəhlizi açılacaq, ancaq Ermənistanın dəhlizlə bağlı iddialarını, yersiz cəhdlərini zərərsizləşdirən addımlar da atılmalı idi. Məsələ bundadır ki, Zəngəzur dəhlizinin açılması 10 noyabr üçtərəfli razılaşmasının 9-cu bəndində öz əksini tapıb. Soçi görüşü zamanı Rusiya prezidenti Putinin “Dəhlizin açılmasında maraqlı olan tərəflərdən biri də Rusiyadır” deməklə, Paşinyanı tamamilə tərksilah etmiş oldu.
Həmçinin, üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin mətbuata bəyanatla çıxışı zamanı bu məsələ növbəti dəfə proseslərin “mayak”ı kimi qabardıldı. Belə ki, Putin iqtisadi əlaqələrin bərpasından danışarkən ilk olaraq nəqliyyat dəhlizlərinin açılması məsələsini diqqətə çatdırdı. O, bildirdi ki, iqtisadi əlaqələrin bərpası, sərhədlərin delimitasiyası, demarkasiyası və humanitar xarakterli məsələlərlə bağlı faydalı görüş alındı.
Daha sonra İ.Əliyev Rusiyanı dost və strateji tərəfdaş adlandırdı və üçtərəfli görüş zamanı qəbul edilən qərarların Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacağını bildirdi.
Ermənistanın Baş naziri Paşinyan mətbuata birgə bəyanat zamanı “Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm” deməklə, başqa yolun olmadığını bir daha ifadə etmiş oldu: “Biz regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması məsələsi barədə həqiqətən qeyd etdik ki, bu kommunikasiyaların necə işləyəcəyi barədə təsəvvürümüz ortaqdır”.
Üçtərəfli görüşün Azərbaycan üçün mühüm tərəfləri:
Birincisi, Azərbaycan diktə edən dövlət kimi görüşdə iştirak etdi və imzalanan sənəddən də aydın olur ki, Prezident İ.Əliyevin mövqeyi heç bir şərt olmadan sənəddə öz əkisini tapıb.
İkincisi, Zəngəzur dəhlizi açılması daha da qaçılmaz oldu. Moskva bu məsələ ilə bağlı növbəti dəfə ortaya açıq mövqe qoydu, bu dəhliz həm də Rusiya üçün vacibdir. Görünən budur ki, Ermənistanın dəhlizin açılması istiqamətindəki hər hansı cəhdləri olarsa, zərərsizləşdiriləcək. Çünki bu dəhliz regional və qlobal əhəmiyyətlidir. Eyni zamanda, dəhlizin açılması ilə bağlı öz üzərinə hüquqi öhdəlik götürdüyünü Ermənistan Soçi görüşündə növbəti dəfə təsdiqləmiş oldu.
Üçüncüsü, Rusiya-Azərbaycan arasındakı münasibətlərin mahiyyəti bir daha aydınlaşmış oldu. Məsələn, Putinin Əliyevlə təkbətək görüşü zamanı rus dilinin təbliğinə verdiyi dəstəyə görə təşəkkür etməsi kifayət qədər ciddi amil idi. Söhbət ikitərəfli mədəni, iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən doğan minnətdarlıq hissindən gedirdi. Məsələn, hazırda Rusiyada 15 mindən artıq azərbaycanlı gənc təhsil alır. İki ölkə arasında iqtisadi və humanitar sahələri əhatə edən 7 yol xəritəsi icra olunur.
Üçtərəfli görüş Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi: Azərbaycan qarşıdurmalara son qoymaq, bir-birinin ərazi bütövlüyünü tanıyan sülh müqaviləsinin bağlanmasını yenidən tarixi zərurət kimi önə çəkdi.
Üçtərəfli görüş bir daha nümayiş etdirdi ki, Rusiya ilə strateji münasibətlər ən yüksək səviyyəyə çatmalıdır. Hazırkı situasiya və bundan sonrakı ən azı 30 illik bir dönəm üçün Azərbaycan və Rusiyanın maraqları eynilik təşkil edir. Biz yaranmış bu situasiyadan istifadə edərək Ermənistan üzərində digər öz tarixi haqlarımızı bərpa edə bilərik.
Sevindirici haldır ki, bu ilin sonuna qədər sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı ortada real nəticələr əldə olunacaq.
Müəllif: Samir Feyruzov