Gənclər və idmançılar var qüvvələri ilə Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuzun yanındadırlar
Gənclər və idmançılar var qüvvələri ilə Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuzun yanındadırlar
Bu günlər hamımızın qəlbi Vətənimizin keşiyində ayıq-sayıq dayanan, azğın düşmən – təcavüzkar Ermənistanın işğalçı silahlı birləşmələrinə qarşı sarsıdıcı zərbələr endirən müzəffər Ordumuzun əsgərlərinin ürəyi ilə bir yerdə döyünür. Azərbaycan Silahlı Qüvvələrini təmsil edən əsgər və zabitlər, o cümlədən gənclər və idmançılar əslində çoxdan hərbi əməliyyatların aparılması yolu ilə torpaqlarımızı işğal etmək və təcavüzkarın layiqli dərsini vermək üçün Ali Baş Komandandan əmr gözləyirdilər. Düşmənin bu ilin sentyabrın 27-də həyata keçirdiyi təxribat, mülki sakinlərimizə və hərbi mövqelərimzə növbəti hüçumu Azərbaycan Ordusunun əks-hucum əməliyyatlarına başlamasını labüd etdi. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında bu şərəfli missiyanı çox böyük uğurla davam etdirir. Demək olar ki, hər gün cəbhədən yeni qələbə xəbərlərini eşidirik. Müzəffər Ordumuzun döyüşdə tətbiq etdiyi əməliyyatlar, taktiki üsullar dünyanın nəhəng dövlətləri tərəfindən müasir hərb tarixinin uğurlu yeniliyi kimi qəbul edilir. Əsgərlərimiz düşmənlə müharibədə həyatlarını belə canlı sipər etməkdən çəkinmir, Vətənə, xalqa, dövlətə xidmətin əsl nümunələrini yaradırlar. Çünki Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandanın rəhbərliyi altında bütün Azərbaycan xalqının və dövlətinin onların yanında olduğunu bilir və bundan yüksək fərəh və qürur hissi keçirirlər.
Hər bir xalqın və dövlətin gələcəyə olan ümidi, ilk növbədə, onun gənc nəsli ilə bağlıdır. Gənclik hər bir toplumun böyük potensialı olmaqla, onun gələcəyinin təminatı sayılır. Cəmiyyətin ən dinamik zümrəsi sayılan gənclik həmçinin hər bir ölkədə sosial-iqtisadi inkişafın əsas aparıcı qüvvələrindən biri olmaqla, baş verən bütün ictimai-siyasi proseslərin mərkəzində dayanır. Gəncliyə xas olan bu keyfiyyətləri yüksək qiymətləndirən xalqımızın ümummilli lideri Heydər Əliyev onların saflıq, yüksək əxlaq və mənəviyyat meyarları ilə tərbiyə olunmasına xüsusi diqqət yetirmiş, gənc nəslin düzgün və sağlam ruhda yetişdirilməsini hər bir dövlətin başlıca vəzifələrindən biri saymışdır. Bu baxımdan Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə hələ sovetlər dönəmində xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Ulu öndər 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə minlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərməklə, onların müasir ixtisaslara yiyələnməsini təmin etmişdir. Xalqımızın təkidli xahişləri ilə ölkədə ikinci dəfə siyasi hakimiyyətin zirvəsinə yüksələn H.Əliyev 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərmanı imzalamaqla, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi ilə, gənclərin fəaliyyəti və maraq dairəsi üçün əhəmiyyət kəsb edən sahələri, o cümlədən idmanla bağlı münasibətləri tənzim edən qanunvericilik aktlarının qəbul edilməsi yolu ilə dövlətin gənclərlə bağlı siyasətinin məqsədyönlü surətdə idarə olunmasına nail ola bildi.
Ümumiyyətlə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı, demokratik cəmiyyət quruculuğu, milli və mənəvi dəyərlərə hörmət ulu öndərin Azərbaycan gəncliyinin inkişaf strategiyasının əsasını təşkil edən əsas meyarlar olmuşdur. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti kimi fəaliyyəti bu meyarların həyata keçirilməsində xüsusi rolu olmuşdur. Təsadüfi deyildir ki, Azərbaycan idmançıları dövlət müstəqilliyini ən böyük sərvət kimi qiymətləndirir, yüksək vətənpərvər, milli kökə, mənəvi-əxlaqi dəyərlərə bağlı olmaları ilə seçilirlər. Ulu öndərin siyasi irsinə sadiq qalan Prezident İlham Əliyevin dövlət başçısı kimi uğurlu fəaliyyəti nəticəsində gənclərin həmçinin ölkə həyatının bütün sahələrində fəallığına nail olunmuşdur. Azərbaycanda gənclərin inkişafı və cəmiyyətdə özlərini təsdiq edə bilmələri üçün dövlət səviyyəsində hər cür şərait yaradılmışdır.
Dövlətimizin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması xüsusi yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın sosial-iqtisadi baxımdan yüksək inkişaf etmiş, qabaqcıl elm, təhsil, humanitar, o cümlədən idman ölkələrindən birinə çevrilmişdir. Respublikamızın müxtəlif bölgələrində olimpiya idman kompleksləri açılmış, ölkəmiz bir sıra nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etmiş, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında xeyli sayda uğurlu çıxışları olmuşdur. Bütün sahələrdə Azərbaycan gəncliyinin önünə böyük qapılar, yollar açılmışdır. Sevindirici haldır ki, gənclərimiz bu imkanlardan yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi səy ilə çalışır və öz inkişaf yollarını müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul edirlər.
Siyasi-coğrafi tarix baxımından sivilizasiyaların qovuşduğu və imperiyaların bir-biri ilə çarpışdığı bir məkan olan Azərbaycan mübariz əzmkarlıq və qəhrəmanlıqlar ilə zəngin olan bir ölkədir. Müasir Azərbaycan gəncliyi həm də bu tarixi kökdən gələn milli-mənəvi dəyərləri, ata-babalarımızdan miras qalan adət-ənənələri göz bəbəyi kimi qoruyub yaşadır. Gəncliyimiz müasiri olduğu cəmiyyətin və dövlətin ruhunda tərbiyə olunduğundan, Azərbaycan gəncləri dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı, sərhədlərimizin toxunulmazlığı və ölkə ərazisisinin bütövlüyünün təmin edilməsi prosesinin ən fəal iştirakçılarına çevrilmişdir. Təqdirəlayiq haldır ki, Azərbaycan xalqı kimi, Azərbaycanın bütün gəncliyi, əsgər və zabitləri də yağı düşmənlə müharibədə xalqımızın sarsılmaz iradəsini, birliyini, mərdliyini, cəsurluğunu, Vətənə sonsuz sadiqliyini nümayiş etdirir, Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir tariximizin qızıl səhifələrini yazırlar.
Cənab Prezidentin həm dövlət başçısı, Ali Baş Komandan, Olimpiya idman Komitəsinin sədri, həm də bir ailə başçısı, bir vətəndaş olaraq dünyaya ən yüksək kişilik, mərdlik, ədalətlilik və s. bu kimi yüksək insani keyfiyyətləri nümayiş etdrməsi bir çoxlarında şəxsinə qarşı həsəd hislərini yaradır. Lakin bu, eyni zamanda qürurverici hislərdir, Azərbaycan xalqının sözünün və imzasının olduğu yerdə veriləcək vədlərin mütləq icra olunacağı deməkdir. Bu reallığın beynəlxalq aləm tərəfindən qəbul edilməsinə məhz dövlət başçısının apardığı siyasət və əməli fəaliyyət nəticəsində nail olunmuşdur. Bu, həm də müasir gənsliyimizin formalaşmasında tarix boyu unudula bilinməyən şəxsi nümunədir, xalqa məxsus olan spesifik keyfiyyətlərin, adət-ənənələrin, milli mənlik qururu və heysiyyatının, mədəniyyətin qorunub saxlanılması və gələcək nəslə ötürülməsinin zəmanətidir. Bu, eyni zamanda Azərbaycan gənclərinin və gələcək Azərbaycan nəsillərinin milli ruhda böyüyüb, sözünə, vədinə əməl edən, məsuliyyətli, Vətəninə sadiq olan vətəndaş kimi tərbiyə olunmalarının zəmanətidir. Ona görə də biz sadə vətəndaşlar Prezidentimizin şəxsiyyətinin yüksəkliyindən qürur duyuruq və bu hisləri bizə yaşatdığına görə ona əbədi minnətdarıq.
Onu da məxsusi olaraq qeyd etmək lazımdır ki, cənab Prezidentin qazandığı bu nailiyyətlər heç də, düşmən tərəfi dəstəkləyən opponentlərin kütləvi informasiya vasitələrində səsləndirdiyi kimi, “МГИМО” məktəbinin deyil, dahi Heydər Əliyev məktəbinin məhsuludur və məhz onun qanı ilə keçən genlərin, habelə nəsildən nəslə ötürülən şəxsi qabiliyyətin, yüksək mənəvi-əxlaqi dəyərlər ilə ailəyə, xalqa, dövlətə bağlı ruhda tərbiyənin göstəricisidir. Prezident İlham Əliyev vətənpərvərlik borcunu yüksək səviyyədə həyata keçirməklə, bir daha xalqımıza verdiyi vədinə, andına və ümummilli lider Heydər Əliyevin kursuna sonsuz sədaqətini, ulu öndərin görmək arzusunda olduğu gələcək Azərbaycanın qurulması üzrə əsl layiqli davamçısı olduğunu və əminliklə xalqımızın gələcəyinin əvəzedilməz lideri statusuna layiq olduğunu təsdiq etmiş oldu. Fikrimcə, son günlərdə yaşadığımız tarix xalqımızın və müasir Azərbaycanın yeni intibah dövrünün startı olacaqdır.
Bu günlərdə respublikamızın idman və gənclər təşkilatları, İdman və Gənclər Nazirliyi ilə birlikdə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası da bütün güçü ilə xalqımıza və ordumuza dəstəkdir. Səmti müəyyənetmə vətənpərvərlik, hərbi yönümlü, “шахматы на бегу” adlanan idman növü olmaqla, idmançıdan həm yüksək fiziki hazırlıq, həm də intellektual potensial tələb edir. Ona görə də Nazirlər Kabinetinin qərarı ilə bu idman növünün bütün güc strukturlarında keçirilməsi məcburi sayılmışdır. Bunu nəzərə alaraq Federasiyamız tərəfindən Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər güç strukturları ilə sıx əməkdaşlıq edilir və vaxtaşırı döyüş hazırlığı üzrə birgə təlimlər və yarışlar təşkil edilir. Cənab Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra milli orduda bu idman növünə diqqət xüsusilə artmışdır. Keçirdiyimiz tədbirlərdə 2016-cı il aprel döyüşləri qəhrəmanlarının (cəngavərlərinin) iştirakı isə bütün idman ailəsinin vətənpərvərlik ruhunu xeyli yüksəltmiş, ordu ilə idmançılarımızın düşmənə qarşı bütün sahələrdə, o cümlədən siyasi-informasiya savaşında sıx vəhdəti yaranmışdır. Federasiyamız könüllülər ilə birlikdə əsgərə məktub və digər layihələrdə fəal iştirak edərək, müntəzəm olaraq orduya həm də mənəvi dəstəyini göstərir. Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüz aktı və son cinayətləri haqqında Azərbaycan idman ictimaiyyətini təmsil edən 90 təşkilatın adından hazırlanmış bəyanatı Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası ilə yanaşı, qurumun əməkdaşlıq etdiyi 88 beynəlxalq tərəfdaşa göndərməklə, siyasi-informasiya savaşında da şanlı Ordumuz ilə bir yerdə olduğunu ifadə etmişdir. Gəncənin mənfur düşmən tərəfindən bombalanması və raket atəşinə məruz qalması nəticəsində öldürülmüş dinc sakinlərinin əzizləri, yaralılar ilə görüşmək üçün gənclər və idman təşkilatları birlikdə Gəncəyə səfər edərək, onlara öz mənəvi dəstəklərini ifadə etmişlər. Bu ağır, lakin eyni zamanda şərəfli günlərdə gənclər və idman təşkilatları var gücləri ilə xalqımızın və ordumuzun yanındadır.
Ona da qəti surətdə əminik ki, Azərbaycan xalqının, o cümlədən idmançıların həmrəy və döyüşə hazır olması dövlətimizin başçısının həyata keçirdiyi müdrik daxili və xarici siyasətin nəticəsidir. Siyasi münasibətlərdə dövlət müstəqilliyimizi əsas şərt kimi bəyan etmiş cənab Prezident heç bir zaman bizə kənar dövlətlər, hətta dünyanın super gücləri tərəfindən diktə olunmasına imkan verməmiş, insanlarımızın özlərini suveren və güclü dövlətin layiqli vətəndaşları kimi hiss edə bilmələri üçün hər şeyi etmişdir. Məhz bunun sayəsində Azərbaycan vətəndaşları, gəncləri, o cümlədən, idmançıları yüksək vətənpərvərlik ruhunda böyümüş, müstəqilliyimizi ən yüksək dəyər kimi qiymətləndirib, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması, erməni işğalçılarının torpaqlarımızdan çıxarılması uğrunda gedən döyüşlərdə canlarından keçməyə hazırdırlar. Bu cür gəncliyin formalaşması müstəqil Azərbaycan Respublikasında doğulub boya-başa çatmaq, bu ruhda tərbiyə almaq, ictimai həyatın bütün sahələrində çox yüksək inkişafa nail olmaq, dünya güclərinin istəyi ilə tez-tez dəyişən beynəlxalq siyasətdə dövlət müstəqilliyi, milli mənafe məsələlərində qəti güzəştə getməyən, buna görə edilən təzyiqlər qarşısında mərdliklə sinə gərə bilən, xalqımızın Qarabağ dərdini heç zaman unutmayan, ölkənin irəliyə doğru bütün inkişafının son məqsədlərindən birinin həm də Qarabağı mənfur düşmənin tapdağından geri almaq niyyətində olan ləyaqətli liderə malik olmaq kimi fəxr və qürur hisləri keçirilməli üstünlüklərin nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan əsgərləri, gəncləri və idmançıları dövlətimizin ötən dövr ərzində beynəlxalq arenalarda, iqtisadi, sosial və mədəni münasibətlər sahələrində qazandığı nailiyyətləri bu gün döyüş-hərb və siyasi-informasiya savaşı meydanlarında böyük şərəf və ləyaqətlə davam etdirirlər.
Cəbhədəki məğlubiyyət, iqtisadiyyatın çökməsi, maliyyə böhranı, əhalinin ağır sosial problemlərlə üzləşməsi Ermənistanda siyasi vəziyyəti daha da dərinləşdirmişdir. Düşmən ordusunun müqavimət qabiliyyəti tam tükənmiş, iflic vəziyyətinə düşmüşdür. Bu, əslində Ermənistanın siyasi rəhbərliyinin öz xalqına qarşı törətdiyi maliyyə terrorçuluğudur. Ordumuzun qüdrəti qarşısında aciz qalan qəddar düşmən çarə olaraq münaqişəyə üçüncü dövlətləri cəlb etmək niyyəti ilə Azərbaycana qarşı təhrikedici davranış sərgiləyir, bu məqsədlə ölkəmizin dinc əhalisini hədəfə alır, döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutmaqda davam edir. Ona görə də döyüş əməliyyatı keçirilməyən ərazilərimizdə (Gəncə, Goranboy, Mingəçevir, Bərdə Beyləqan, Yevlax, Xızı və s.) yaşayış məntəqələrimizi, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binaları, təsərrüfatları ağır artilleriya qurğuları, uzaq mənzilli ballistik raket və kasetli bombalar, pilotsuz-kamikadze uçuş aparatları vasitəsi ilə atəşə tutmaqla, dövlət səviyyəsində terrorçuluq əməllərini həyata keçirir. Ermənistan Respublikasının siyasi-hərbi hakimiyyətinin rəhbərliyi altında silahlı qüvvələrinin həyata keçirdiyi bu əməllər həm milli qanunvericilik, həm də beynəlxalq hüquq normaları baxımından sülh və insanlıq əleyhinə olan cinayətlərdir və onların bu cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər faktiki və hüquqi əsaslar vardır.
Böyük qürur və iftixar hissləri ilə “Qarabağ Azərbaycandır, nida işarəsi” ifadəsinin təkcə siyasi meydanlarda deyil, həm də döyüş meydanlarında reallığa çevrilərək, qısa zaman ərzində erməni işğalçılarının özlərinin də bunu deməyə məcbur edilmələrinə görə Azərbaycan xalqı, idman ictimaiyyəti, o cümlədən Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası (SMEF) adından, başda Ali Baş Komandan olmaqla, müzəffər Ordumuza sonsuz təşəkkürümüzü çatdırırıq.
Biz rəşadətli ordumuzun nailiyyətləri sayəsində düşmənin qısa zaman ərzində rəsmi səviyyədə də “Qarabağ Azərbaycandır, nida işarəsi” hökmünü qəbul edəcəyinə inanaraq, cənab Prezidentin, həmişə olduğu kimi, yenə də ordu və idmançı heyətlərinə çox yüksək səviyyədə dəstək verəcəyinə əmin olaraq, Federasiyamızın güç strukturları ilə birlikdə Şuşa şəhərində keçiriləcək ilk idman tədbirində böyük idman ailəsinin başçısı kimi şəxsən cənab Prezidentin iştirak etməyini və həmin tədbirin açılışında bir yerdə üçrəngli bayrağımızı qaldırıb himnimizi oxumaqla, xalqımızın tarixində olduğu kimi, SMEF-in tarixində də şanlı səhifənin yazılmasını arzu edirik.
SMEF müzəffər ordumuzun rəşadəti sayəsində qələbəyə tam əmindir və bütün gücü ilə Silahlı Qüvvələrimizin və Ali Baş Komandanın yanındadır. Qarabağ Azərbaycandır!
Mirəli Kazımov,
Azə[left]rbaycan Səmti Müəyyənetmə
İdman Federasiyasının Prezidenti,
BDU-nun dosenti, h.ü.e.d.