İlham Əliyev “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub - YENİLƏNİB + FOTO
Prezident İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub.
Azia.Az xəbər verir ki, dövlətimizin başçısı, həmçinin, 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verib ki, 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının inşası uğurla gedir. Hasil olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi, Bakının və Abşeron yarımadasının elektrik enerjisi təchizatında 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasından asılılığın aradan qaldırılması, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin edilməsi, respublika ərazisində 330 kilovoltluq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün bu yarımstansiya müstəsna rola malikdir.
“Qobu” yarımstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, bu, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiya olacaq və ən əsası, ölkənin ən strateji yarımstansiyası olan 500 kilovoltuq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq. “Qobu” yarımstansiyasının enerjisistemə inteqrasiyasının 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.
Ölkədə enerji təminatının əsaslı şəkildə yaxşılaşdırılması, böyük infrastruktur layihələrin icrası baxımından mühüm işlər görülüb. Lakin elektroenergetika sektorunun daim inkişaf edən sahə olduğunu, əhalinin artım tempini, sənayeləşmə prosesini nəzərə alaraq sonrakı dövrdə generasiya güclərinə tələbatın müəyyənləşdirilməsi və onun vaxtında qarşılanması konkret vəzifə olaraq qarşıya qoyulub. 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının generasiya mənbəyi olaraq yaradılması da qarşıya qoyulan mühüm vəzifənin əsas komponentlərindəndir.
Yarımstansiya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.
Qeyd edək ki, bu stansiyanın tikintisi yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən, Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq “Azad İqtisadi Zona”nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. “Qobu” layihəsinə dünyanın məşhur şirkətləri yüksək rəy verməklə yanaşı, onun tikintisində yaxından iştirak edirlər.
“Qobu” Enerji layihəsi, o cümlədən, 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının tikintisi ölkənin enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmağa hesablanıb.
Bu layihənin icrası digər sosial məsələdə də əhəmiyyəti ilə seçilir. Belə ki, “Qobu” Elektrik Stansiyası və “Qobu” yarımstansiyasının işə salınması məşğulluğun artırılmasına töhfə olacaq. Burada 120-dən artıq yeni iş yeri yaradılacaq.
Sonra Prezident İlham Əliyev energetiklərlə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışında deyib:
“Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. “Qobu” Elektrik Stansiyasının təməl daşını qoyduq. Əminəm ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda – 2022-ci ilin əvvəlində tam istifadəyə veriləcəkdir. Bu, bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansiyanın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar arasında öz yerini tapacaq.
Bütövlükdə bu stansiyanın çox böyük əhəmiyyəti var. Çünki bu stansiyanın timsalında biz müasir Azərbaycanın ümumi inkişafını görürük. Burada ən müasir texnologiyalar tətbiq ediləcəkdir. Dünyanın aparıcı şirkətləri bizimlə bərabər bu stansiyanın inşasında iştirak edəcəkdir. Eyni zamanda, çox güclü beynəlxalq nəzarət olacaq.
Stansiya bütün beynəlxalq ekoloji standartlara tam cavab verir. Ona görə ekoloji baxımdan stansiyanın əhəmiyyəti xüsusi qeyd edilməlidir. Burada şərti yanacağın sərfiyyatı da aşağı səviyyədədir - 260 qram. Energetiklər bilirlər ki, bu, çox aşağı səviyyədir.
Bütövlükdə son illərdə görülmüş işlər nəticəsində enerji sistemində şərti yanacağın sərfiyyatı aşağı düşməkdədir. Eyni zamanda, itkilər də azalır.
İtkilərin azalmasına gəldikdə, bu stansiyanın əhəmiyyəti ondadır ki, o, Bakının və Abşeron yarımadasının “Mingəçevir” İstilik Elektrik Stansiyasından asılılığını aşağı salacaq və beləliklə, itkilər azalacaq. Çünki “Mingəçevir” İstilik Elektrik Stansiyası Bakıdan 250 kilometr məsafədə yerləşir və əlbəttə ki, enerjinin ötürülməsi istər-istəməz itkilərə gətirib çıxarır.
Eyni zamanda, bu stansiyanın əhəmiyyəti ondadır ki, mümkün olan qəzaların fəsadları azalacaq. Çünki hamımız yaxşı xatırlayırıq, iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində demək olar ki, Bakı şəhəri, Abşeron yarımadası və ölkəmizin böyük hissəsi işıqsız qalmışdı. Ona görə bu stansiyanın məhz Abşeron yarımadasında inşa edilməsi bizi qəzalardan da sığortalayacaq.
Eyni zamanda, bildiyiniz kimi, son vaxtlar bərpaolunan enerji növlərinə Azərbaycanda çox böyük əhəmiyyət verilir. Bu istiqamətdə böyük planlarımız var. Energetiklər yaxşı bilirlər ki, bərpaolunan enerji növlərinin genişmiqyaslı inkişafı ənənəvi enerji növlərinin inkişafı ilə bilavasitə bağlıdır.
Ona görə bu stansiya enerji dayanıqlılığının təmin edilməsi işində də mühüm rol oynayacaqdır. Bütövlükdə bu stansiyanın enerji sistemimizin təşkilində və gələcək inkişafında çox böyük rolu olacaqdır.
Əlbəttə ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır. Bildiyiniz kimi, infrastruktur layihələri arasında elektrik stansiyalarının tikintisi xüsusi yer tutur və deyə bilərəm ki, biz birinci növbədə bu məsələ ilə məşğul olmağa başlamışdıq.
Təsadüfi deyil ki, 2004-cü ildə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında elektrik stansiyalarının tikintisi xüsusi nəzərə alınmışdır. O vaxtdan bu günə qədər ölkəmizdə 30-dan çox elektrik stansiyası tikilib. Mən onların arasında əlbəttə ki, böyük stansiyaları xüsusilə qeyd etmək istərdim. Çünki bu stansiyalar tikilməsəydi, bu gün biz öz enerji potensialımızı bu səviyyəyə çatdıra bilməzdik.
Yadımdadır, birinci regional inkişaf proqramı qəbul olunandan sonra 525 meqavat gücündə “Sumqayıt” Elektrik Stansiyası tikildi. Ondan sonra digər stansiyalar - təxminən 800 meqavat gücündə “Cənub” stansiyası, 400 meqavata yaxın gücü olan “Şimal-2” stansiyası, generasiya gücü 300 meqavat olan “Səngəçal” Elektrik Stansiyası. Ölkəmizin müxtəlif yerlərində modul tipli beş stansiya tikilmişdir ki, o stansiyaların hər birinin generasiya gücü təxminən 90 meqavatdır.
İndi təsəvvür edin, əgər bunlar tikilməsəydi, bu gün biz yenə də əvvəlki illərdəki kimi, idxaldan asılı vəziyyətdə olacaqdıq və öz enerji təhlükəsizliyimizi təmin edə bilməyəcəkdik. Məhz elektroenergetika sahəsinə göstərilən diqqət və ayrılan dövlət sərmayəsi imkan verdi ki, bu gün biz öz tələbatımızı tam şəkildə ödəyirik.
Eyni zamanda, bizdə güclü ixrac potensialı yaranmışdır. Daxili tələbatımızın artmasına baxmayaraq, bizim ixrac potensialımız ildən-ilə artır. 2004-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız və o cümlədən sənaye potensialımız üç dəfədən çox artmışdır. Müasir texnologiyaların tətbiqi nəticəsində Azərbaycanda həm generasiya gücləri yaranır, eyni zamanda, itkilər də azalmaqdadır.
Bütün bu müsbət nəticələrə baxmayaraq, onu da qeyd etməliyəm ki, əfsuslar olsun, əvvəlki dövrlərdə tikilmiş stansiyaların, o cümlədən bizim və Cənubi Qafqazın ən böyük stansiyası olan “Mingəçevir” İstilik Elektrik Stansiyasının istismarı dövründə böyük və kobud səhvlər buraxılmışdır. Vaxtında təmir işləri aparılmamışdır.
Stansiyaların müasirləşdirilməsi ilə əlaqədar heç bir addım atılmamışdır. Sovet dövründə tikilmiş stansiyalar tənəzzülə uğradı və eyni zamanda, 2004-cü ildən bu günə qədər tikilmiş stansiyalarda da generasiya gücləri böyük dərəcədə itirilmişdir. Məhz səhlənkarlıq, məsuliyyətsizlik və kobud səhvlər nəticəsində iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasının yarımstansiyasında qəza baş verdi və böyük fəsadlara gətirib çıxardı.
Ondan sonra dərhal operativ tədbirlər görülməyə başlanmışdır. “Azərenerji”nin rəhbərliyi dəyişdirildi və mən göstəriş vermişdim ki, bizim bütün enerji sistemimiz ciddi təftiş edilsin. Bu təftiş nəticəsində çox xoşagəlməz mənzərə üzə çıxdı.
Qeyd etdiyim kimi, məhz məsuliyyətsizlik və laqeydlik nəticəsində enerji sistemimizə çox böyük ziyan dəymişdir. Ancaq operativ tədbirlər, görülmüş işlər və ayrılmış vəsait nəticəsində biz cəmi iki il ərzində bu sahədə çox ciddi irəliləyişə nail ola bilmişik və itirilmiş generasiya gücləri bərpa edilmişdir.
Deyə bilərəm ki, 1300 meqavata qədər itirilmiş generasiya gücləri son iki il ərzində mövcud stansiyalarda bərpa edilmişdir. Ən böyük işlər “Mingəçevir” İstilik Elektrik Stansiyasında görülmüşdür. Orada 600 meqavat generasiya gücü bərpa edildi. 2400 meqavat gücündə olan və bu gün tam gücü ilə işləyən bu stansiya bizim əsas enerji mənbəyimizdir. Bu stansiyanın ömrü uzadıldı və o, bundan sonra onilliklər ərzində bizə xidmət göstərəcək.
“Cənub” Elektrik Stansiyasının təmiri nəticəsində orada 200 meqavat generasiya gücü bərpa olunmuşdur. Modul tipli stansiyalarda 200 meqavatdan çox generasiya gücü bərpa edildi. “Mingəçevir” və “Şəmkir” su elektrik stansiyalarında 230 meqavat generasiya gücü bərpa edildi. Digər stansiyalarda da işlər aparıldı və bütövlükdə iki il ərzində biz 1300 meqavat itirilmiş gücləri bərpa etdik.
Hesab edirəm ki, bu, çox böyük tarixi hadisədir. 1300 meqavat gücündə yeni stansiyaları tikmək bizə milyardlarla dollara başa gələ bilərdi. Ancaq “Azərenerji” bunları çox məhdud büdcə ilə sahmana saldı və bu gün bu stansiyalara yeni həyat verilmişdir.
Beləliklə, son illərdə bu sahədə görülmüş işlər təqdirəlayiqdir. Bu gün təməl daşını qoyduğumuz “Qobu” Elektrik Stansiyası da bizim ümumi enerji potensialımızı gücləndirəcək, ixrac imkanlarımızı genişləndirəcək və eyni zamanda, bundan sonra daxili tələbatı təmin edəcək. Çünki tələbat artır, Azərbaycan əhalisi artır.
Müstəqillik dövründə Azərbaycan əhalisi 8 milyondan 10 milyona qalxmışdır və bu meyillər davam edəcək. Bu, ölkəmizdə görülən işləri əks etdirir. Çünki insanların yaşayış səviyyəsi yaxşılaşır. Ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq demoqrafik vəziyyətə bilavasitə təsir edən amillərdəndir.
Eyni zamanda, sənaye istehsalı da artmaqdadır. Hətta bu il qeyri-neft sektorunda sənaye artır. Deyə bilərəm ki, pandemiyanın demək olar bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq və hətta bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10-15-20 faiz səviyyəsindədir, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət hesab edirəm, qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıbdır.
Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Bax, budur, bugünkü Azərbaycan reallıqları.
Bu, bir daha onu deməyə əsas verir ki, bundan sonra da elektrik stansiyalarının tikintisi və mövcud stansiyaların istismar müddətinin uzadılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz enerji potensialımızdan maksimum istifadə edirik və etməliyik.
Sevindirici hal ondan ibarətdir ki, bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İlin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır.
Ümid edirəm ki, ilin sonuna qədər bütün sənədlərin imzalanması başa çatacaq və stansiyaların tikintisinə start veriləcək. Azərbaycanda 440 meqavat gücündə bərpaolunan enerji növlərinin yaradılması, özü də Azərbaycan dövləti tərəfindən bir manat vəsait qoyulmadan reallaşdırılması bizə olan inamın təzahürüdür, həmçinin Azərbaycanın sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür.
Onu da bildirməliyəm ki, hazırda bizim Energetika Nazirliyi dünyanın bir neçə ən böyük enerji şirkəti ilə danışıqlar aparır. Biz bu şirkətlərlə bərpaolunan yeni Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar danışıqları apararkən hesab edirik ki, istədiyimizə nail olacağıq və xarici investisiyalar bu sahəyə daha böyük həcmdə gələcəkdir.
Eyni zamanda, yerli və xarici şirkətlərə bildirmək istərdim ki, biz ənənəvi enerji növlərinin istehsalı ilə əlaqədar işlərimizi davam etdirmək əzmindəyik. Biz xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik. O cümlədən onları su elektrik stansiyalarının və digər bərpaolunan enerji stansiyalarının tikintisinə cəlb etmək istəyirik.
Əgər belə maraq olarsa, hesab edirəm ki, qısa müddət ərzində bu məsələ öz həllini tapa bilər. Çünki bu gün Azərbaycanda investisiya qoyuluşu sayəsində çox böyük işlər görülür, Azərbaycanda biznes mühiti yaxşılaşır.
“Doing Business” proqramında biz tarixi nailiyyətlərə çata bilmişik. Dünya Bankı tərəfindən hazırlanan bu reytinq cədvəlində Azərbaycan artıq qabaqcıl yerlərdədir. Eyni zamanda, biz dayanıqlı inkişaf baxımından çox böyük irəliləyişə nail ola bilmişik. BMT-nin Dayanıqlı İnkişaf İndeksinə görə, biz ildən-ilə mövqeyimizi yaxşılaşdırırıq.
Ona görə Azərbaycan bu gün xarici sərmayələr üçün çox cəlbedici ölkə olaraq qalır və bu sahə - elektroenergetika sahəsi hesab edirəm ki, çox böyük maraq doğurur və artıq həyat bunu təsdiqləyir.
Bir sözlə, bu gün tam əminliklə deyə bilərəm ki, ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir. Çünki hər bir ölkənin iqtisadiyyatı üçün elektroenergetika sahəsi başlıca rol oynayır. Bu sahə inkişaf etməsə, heç bir başqa sahə inkişaf edə bilməz.
Ona görə kompleks tədbirlər nəticəsində elektrik stansiyalarının inşası, xarici investorların Azərbaycana gəlişi, yarımstansiyalarda aparılan təmir-bərpa işləri və yeni yarımstansiyaların tikintisi, ötürücü xətlərin təmiri və yeni xətlərin çəkilişi, qonşu ölkələrlə yüksəkgərginlikli elektrik xətlərinin tikintisi və artıq regional əməkdaşlıq üçün zəminin yaradılması da çox önəmlidir. Biz Türkiyə, Gürcüstan, Rusiya və İranla bu sahədə çox uğurlu əməkdaşlıq edirik. Biz artıq yaradılmış enerji dəhlizləri ilə öz elektrik enerjimizi ixrac edə bilirik.
Əlbəttə, əvvəlki illərin mənzərəsi yada düşəndə bir daha görürük ki, bu sahədə tarixi işlər görülüb. Çünki vaxtilə biz idxaldan tam asılı idik. Bizim yeganə generasiya mənbəyimiz olan “Mingəçevir” İstilik Elektrik Stansiyası çox bərbad vəziyyətdə idi. Ona görə bu sahə inkişaf etmədən heç bir inkişafdan söhbət gedə bilməzdi və biz buna nail ola bilmişik.
Onu da bildirməliyəm ki, bu sahədə görülmüş işlər beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Təkcə bir rəqəmi deyə bilərəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan elektrik enerjisinin əlçatanlıq indeksinə görə dünyada ikinci yerdədir.
Təkcə bunu demək kifayətdir ki, biz bu sahədə əldə edilmiş bütün uğurları əhatə edək və bu, doğrudan da tarixi nailiyyətdir. Dünya miqyasında ikinci yerdə olmaq özlüyündə böyük tarixi nailiyyətdir, xüsusilə infrastruktur layihələrinin ən vacib olan sahəsində - elektroenergetika sahəsində.
Mən bütün bu uğurlar münasibətilə Azərbaycan energetiklərini təbrik edirəm, onlara yeni uğurlar arzulayıram. Əminəm ki, “Qobu” Elektrik Stansiyası vaxtında – 2022-ci ilin əvvəlində istifadəyə veriləcək və biz bu stansiyanın açılışını qeyd edəcəyik. Sağ olun”.
Daha sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Orxan Azadxanov və İbrahim Məmmədov çıxış ediblər. Onlar bildiriblər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın elektroenergetika sistemi Prezident İlham Əliyevin diqqəti sayəsində çox sürətlə inkişaf edib.
Onlar elektroenergetikanın inkişafına göstərdiyi diqqətə görə dövlətimizin başçısına energetiklər adından minnətdarlıqlarını bildiriblər, bu sahədə çalışanların daim qayğı ilə əhatə olunduqlarını vurğulayıblar və göstərilən yüksək etimadı əməli işləri ilə doğruldacaqlarını deyiblər.
14:19
Prezident İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub.
Azia.Az xəbər verir ki, dövlətimizin başçısı, həmçinin, 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verib ki, 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının inşası uğurla gedir. Hasil olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi, Bakının və Abşeron yarımadasının elektrik enerjisi təchizatında 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasından asılılığın aradan qaldırılması, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin edilməsi, respublika ərazisində 330 kilovoltluq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün bu yarımstansiya müstəsna rola malikdir.
“Qobu” yarımstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, bu, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiya olacaq və ən əsası, ölkənin ən strateji yarımstansiyası olan 500 kilovoltuq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq. “Qobu” yarımstansiyasının enerjisistemə inteqrasiyasının 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.
Ölkədə enerji təminatının əsaslı şəkildə yaxşılaşdırılması, böyük infrastruktur layihələrin icrası baxımından mühüm işlər görülüb. Lakin elektroenergetika sektorunun daim inkişaf edən sahə olduğunu, əhalinin artım tempini, sənayeləşmə prosesini nəzərə alaraq sonrakı dövrdə generasiya güclərinə tələbatın müəyyənləşdirilməsi və onun vaxtında qarşılanması konkret vəzifə olaraq qarşıya qoyulub. 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının generasiya mənbəyi olaraq yaradılması da qarşıya qoyulan mühüm vəzifənin əsas komponentlərindəndir.
Yarımstansiya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.
Qeyd edək ki, bu stansiyanın tikintisi yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən, Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq “Azad İqtisadi Zona”nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. “Qobu” layihəsinə dünyanın məşhur şirkətləri yüksək rəy verməklə yanaşı, onun tikintisində yaxından iştirak edirlər.
“Qobu” Enerji layihəsi, o cümlədən, 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının tikintisi ölkənin enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmağa hesablanıb.
Bu layihənin icrası digər sosial məsələdə də əhəmiyyəti ilə seçilir. Belə ki, “Qobu” Elektrik Stansiyası və “Qobu” yarımstansiyasının işə salınması məşğulluğun artırılmasına töhfə olacaq. Burada 120-dən artıq yeni iş yeri yaradılacaq.
Sonra Prezident İlham Əliyev energetiklərlə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Daha sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Orxan Azadxanov və İbrahim Məmmədov çıxış edərək elektroenergetikanın inkişafına göstərdiyi diqqətə görə dövlətimizin başçısına energetiklər adından minnətdarlıqlarını bildiriblər.
12:14