“Niyə maska taxmırsan deyəndə, adamı ələ salırlar” - Əməkdar artist
"Zarafatla deyirəm ki, məzuniyyətimi götürüb Türkiyəyə, oradan da İspaniya və Portuqaliyaya gedəcəyəm".
Bunu Azia.az -a Əməkdar artist Gülşad Baxşıyeva deyib. Aktrisa bildirib ki, karantin günlərində evdə pedaqoji fəaliyyətlə məşğul olur.
"Günümün çox hissəsi evdə keçir. Tələbələrlə işləyəcəyim mövzuları oxuyuram. Virus bütün işlərimizi yarımçıq qoydu. Tələbələrlə ünsiyyətimi pozdu. Bir il mən o boşluğu necə dolduracağam? Axı dərsləri pillə-pillə keçmişəm. İndi birdən 10-cu pilliyə addımlayacağıq. Belə olmur. Dərslərimiz, işimiz canlı ünsiyyətlə bağlı olan sənətdir, onlayn mümkün deyil. Amma bunu bizdən tələb edirlər. Biz isə uyğun varinatı tapa bilmirik. Heç kəsə də başa sala bilmirik ki, bu, ədəbiyyat dərsi deyil.
Tələbələri proqrama çağıranda biri gəlir, biri gəlmir. Birinin interneti, digərinin kompüteri yoxdur. Kompüter məndə də yoxdur. Yəqin ki, belə qalmaz, virusun sonu olacaq".
G. Baxşıyeva aktiv həyatdan passiv həyat tərzinə keçidin çətin olduğunu söyləyib.
"Həyətə düşürəm, marketə gedirəm, televizorda yaxşı filmlərə, verilişlərə baxıram. Qohumların, tanışların evinə getmirəm. Telefonla da çox danışmıram. Passiv həyat tərzi bizi virusdan qabaq öldürəcək. Həmişə evdə oturmaq ölümə məhkum olmaq deməkdir. Bizə gün ərzində verilən 2 saatlıq vaxtı yaxşı dəyərləndirməliyik. Çıxıb insan az olan yerdə gəzməli, günəş görməliyik. Yoxsa bədəndə D vitamini azalar, xəstəlik, əsəb, stress yaranar. Bir az da səbrli olmaq lazımdır. Qonşularım şikayət edir ki, bu nədi belə? Deyirəm, bundan da pis ola bilərdi. Heç olmasa bu günə şükür edək.
Mən heç vaxt xaricə getməmişəm. Zarafatla zəng edib deyirəm ki, mənim məzuniyyətimi nə vaxt verirsiniz, Türkiyəyə, oradan da İspaniya və Portuqaliyaya gedəcəyəm. Hər şeyin sonu var. Gün gələcək virus yoxa çıxacaq. Amma indi hamı ehtiyatını gözləməlidir. Soruşursan, niyə maska taxmırsan? Deyir, cibimdə gəzdirirəm maskanı, taxmıram, boğuluram. Bizim millət hər şeyə vedrə bağlayır, adamı ələ salırlar".