Bu gün Azərbaycanda İlaxır çərşənbədir
Bu gün Azərbaycanda Novruz çərşənbələrindən ən sonuncusu İlaxır çərşənbə və ya başqa adla Torpaq çərşənbəsi qeyd olunur.
Azia.az bildirir ki, İlaxır çərşənbədə torpaq nəfəs alır, dolayısı ilə yer oyanır. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə, son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq cərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
İlaxır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.
Bu gündə qorxanların başından su töküb qorxunu alar, evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbədə ailə üzvlərinin sayına uyğun yandırılan şamları yarımçıq söndürmək olmaz. Həmçinin başqalarının evində bayramı keçirmək, o cümlədən tez yatmaq məsləhət görülmür.
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkərkən “filankəslərin adına qazan asdım” deyib, qazana ət, düyü və s. tökərlər.
Bir digər inanca görə, gecə yarısı yuxudan durub şam yandırmaq lazımdır. Şamı götürüb güzgüyə yaxınlaşan zaman insan gələcək qismətini görür. Bu an qorxanların niyyəti baş tutmur.
Bu il Azərbaycanda baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 14:29 radələrinə təsadüf edəcək.
(Mətubat.az)