Valideynin hesabındakı pul borclu övlada görə silinə bilər — Açıqlama
Bank krediti üzrə yaranmış borcun ödənilməməsi hallarında tələbin borclunun əmlakına və bank hesablarındakı vəsaitlərinə yönəldilməsi mümkündür. Lakin borclunun həyat yoldaşının, valideyninin və ya digər ailə üzvünün hesabındakı pul vəsaitinin bu borca görə həbsə alınması ayrıca hüquqi məsələdir.
Bəs hansı hallarda ailə üzvünün hesabındakı vəsaitə həbs qoyula bilər və həmin şəxsin borclunun öhdəliyinə görə hüquqi məsuliyyəti necə müəyyənləşdirilir?
Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bir şəxsin borcuna görə onun digər ailə üzvlərinin əmlakına və ya hesabındakı vəsaitə təkcə ailə üzvü olması səbəbindən həbs qoyula bilməz.
Onun sözlərinə görə, burada əsas məsələ həmin əmlakın hüquqi baxımdan kimə məxsus olması və borclunun həmin əmlak üzərində hansı hüquqa malik olmasıdır:
“Ər-arvad məsələsində isə vəziyyət bir qədər fərqlidir. Çünki qanunvericiliyə əsasən, nikah dövründə əldə edilən əmlak, bir qayda olaraq, ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Bu səbəbdən ər-arvaddan birinin borcu ilə bağlı müəyyən hallarda onların ümumi əmlakına yönəlmə məsələsi ortaya çıxa bilər. Lakin bu, o demək deyil ki, ər-arvaddan birinin şəxsi borcuna görə digərinin bütün əmlakı və
gəliri həbs edilə bilər. Qanunvericilikdə bunun konkret şərtləri var.
Məsələn, ər-arvaddan birinin şəxsi öhdəliyi varsa, borcun tutulmasının ilk növbədə onun şəxsi əmlakına və ümumi əmlakdakı payına yönəldilməsi mümkündür. Əgər borc kimi götürülmüş vəsaitin ailə ehtiyaclarına sərf edildiyi məhkəmə tərəfindən müəyyən olunarsa, borcun tutulmasının ər-arvadın ümumi əmlakına yönəldilməsi də mümkündür.
Amma söhbət valideyn, övlad, bacı-qardaş və digər qohumlardan gedirsə, onların sadəcə ailə üzvü və ya qohum olması həmin şəxsin borcuna görə məsuliyyət daşıması üçün əsas deyil. Həmin əmlakın borcluya məxsus olması və ya qohumun borc öhdəliyinə hüquqi əsasla qoşulması ayrıca sübut edilməlidir.
Eyni zamanda, ər-arvad arasında nikah müqaviləsi bağlanıbsa və həmin müqavilədə əmlakın ayrıca mülkiyyət rejimi müəyyən edilibsə, vəziyyət dəyişə bilər. Nikah müqaviləsi ilə ər-arvad ümumi mülkiyyət rejimini dəyişərək ayrıca mülkiyyət rejimi müəyyən edə bilərlər. Lakin belə müqavilənin bağlanması, dəyişdirilməsi və ya ləğvi barədə kreditorun məlumatlandırılması ilə bağlı da qanunda xüsusi qayda nəzərdə tutulub.
Ona görə də burada əsas məsələ sadəcə şəxslərin ər-arvad və ya qohum olması deyil. Əsas məsələ borcun kimə aid olması, əmlakın hüquqi statusu, həmin vəsaitin ailə ehtiyaclarına sərf edilib-edilməməsi və tərəflər arasında nikah müqaviləsinin olub-olmamasıdır”, – deyə Əkrəm Həsənov fikrini tamamlayıb.
Nuray Paşşanlı