azia.az
azia.az

Qurduğu 4 şirkəti bir qayda ilə satdı: Onun dəyişməyən qaydası

Bu gün, 12:28

Rac Toletinin (Raj Toleti) “Andor Health” şirkəti səhiyyə sistemlərinə sadəcə növbəti proqram təminatını satmaq əvəzinə, ölçülə bilən nəticələr təklif edir. 

Valyuta.az xəbər verir ki, Toleti ilk şirkətini satdıqdan sonra bir dəfə təqaüdə çıxmağa cəhd edib. Ancaq bu, cəmi iki ay davam edib.

“Həyat yoldaşım dedi ki, məncə, bu, münasibətimiz üçün həqiqətən sağlam deyil. Düşünürəm ki, gedib özünə bir məşğuliyyət tapmalısan”, -  deyə Toleti gülərək bildirib.

Onun səhiyyə sahəsinə marağında ailəsinin də rolu olub. Toletinin sözlərinə görə, ailəsində 33 tibb mütəxəssisi var. Valideynləri, eləcə də nənə və babaları həkim olublar.

Toleti isə mühəndislik sahəsini seçib.

“Mənim əsas məqsədim həmişə bu olub: necə edə bilərəm ki, gündə cəmi 20 və ya 30 xəstəyə baxmaqla kifayətlənməyim? Hər gün minlərlə, hətta milyonlarla insanın həyatını necə dəyişə bilərəm?”, - deyə Toleti bildirib.

Bu yanaşma onun səhiyyə texnologiyaları sahəsində fəaliyyətinin əsasını təşkil edib. “Andor Health” Toletinin bu sahədə dördüncü startapıdır. Şirkət ABŞ səhiyyə sistemində tibb işçilərinin çatışmazlığı fonunda klinik proseslərin daha səmərəli təşkilinə yönəlib.

Həkimlərin işini əhatə edən proseslərin avtomatlaşdırılması

Toletinin sözlərinə görə, ABŞ-də tibb işçilərinin çatışmazlığı artıq ciddi problemə çevrilib. Xüsusilə kənd və ucqar ərazilərdə ixtisaslaşmış həkimlərə çıxış məhduddur. Eyni zamanda, əhalinin yaşlanması tibbi xidmətlərə tələbatı artırır.

Toletinin təklif etdiyi model həkimləri süni intellektlə əvəz etməyi deyil, onların işini əhatə edən yardımçı prosesləri avtomatlaşdırmağı nəzərdə tutur.

“Prosesdə həmişə insan iştirak edir. Mən klinisist kimi videozəngə qoşulduğum anda süni intellekt köməkçim xəstənin tibbi qeydlərini mənə təqdim etməli, lazımi məlumatları göstərməli və qiymətləndirmələr aparmalıdır. Məsələn, süni intellekt xəstənin ingilis dilində danışa bilmədiyini müəyyənləşdirərək tərcüməçi cəlb edə bilər. Bütün bu yardımçı tapşırıqları süni intellekt öz üzərinə götürür və onları geniş miqyasda yerinə yetirir", - deyə o qeyd edib.

Şirkətin təqdim etdiyi məlumata görə, onun texnologiyası tibb bacılarının iş yükünü azaltmağa və ucqar ərazilərdə yaşayan pasiyentlərin tibbi xidmətlərə çıxışını genişləndirməyə imkan verir. Sistem süni intellektdən istifadə edərək çoxsaylı pasiyentlərlə bağlı məlumatları emal edir və insan müdaxiləsinə ehtiyac yarandıqda işi mütəxəssisə ötürür.

Toleti şirkətləri necə qurur?

Bir çox süni intellekt startapı böyük həcmdə investisiya cəlb etdiyi halda, Toleti son iki şirkətini kənar investorların vəsaiti olmadan qurduğunu deyir.

Onun sözlərinə görə, “Andor Health” süni intellekt əsasında klinik xidmətlər göstərən və yüksək mənfəətlə işləyən şirkətlərdəndir. Toleti şirkətin illik təkrarlanan gəlirinin 100 milyon dolları keçdiyini bildirib.

Toleti müştərilərinə yalnız proqram təminatı təklif etmədiyini, konkret nəticələrə görə məsuliyyət götürdüyünü deyir:

“Mən sadəcə proqram təminatını satıb məsuliyyəti üzərimdən atmıram. Əsasən deyirəm ki, qulaq asın, mən xəstələrinizin yenidən xəstəxanaya yerləşdirilməsi hallarını 40%-ə qədər azaldacağam. 

Beləliklə, onun biznes modelində əsas diqqət proqram təminatının özündən daha çox onun yaratdığı ölçülə bilən nəticələrə yönəldilir. Toleti uşaqlarına da insanın dəyərinin ən son gördüyü iş qədər olduğunu söylədiyini bildirir.

Onun şirkətlərin satılmasına yanaşması da eyni prinsipə əsaslanır:

“Bunun üçün düzgün zaman anlayışı yoxdur. Şirkətinizi daim elə hazırlamalısınız ki, onu satmaq imkanı olsun. Hər gün şirkətin növbəti səviyyəyə yüksələ bilməsi üçün hazırlıq görürsünüz".

Ondan müəyyən maliyyə göstəricisinə çatdıqdan sonra özünü tam uğurlu hesab edib-etməyəcəyi soruşulduqda isə belə cavab verib:

“Əgər müəyyən etdiyim rəqəmə çatıramsa, deməli, həmin rəqəm yanlışdır. Bu, daha çox iş görməli olduğum anlamına gəlir" , - deyə o, bildirib.

Toletinin yanaşmasının əsas prinsipi müştərinin pul ödəməyə hazır olduğu məhsul yaratmaq, mənfəətliliyi qorumaq və yalnız proqram təminatına deyil, onun yaratdığı nəticəyə görə də məsuliyyət daşımaqdır.

Mayya Hüseynova 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi