Oxlovla döyülən qadın ərini bağışladı
Bakının Xəzər rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü İslam yaşadığı evdə qeyri-rəsmi münasibətdə olduğu Lamiyə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı İslam Lamiyənin sifət və baş nahiyəsinə yumruq və şillə ilə vurub.
Daha sonra İslam evdə olan taxta parçasından hazırlanmış oxlovu götürərək qadının qoluna, hər iki ayağına, baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı İslamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Xəzər Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Qadın da təqsirləndirilən şəxsi bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli