azia.az
azia.az

Prezidentin 10 sitatı: “Naftalin iyi verən insanlar artıq xalqı bezdirib”

26-10-2019, 11:04


Rusiyanın nüfuzlu “Kommersant” qəzeti keçmiş SSRİ ölkələrinin dövlət başçılarına həsr olunmuş yeni xüsusi layihə işə salıb.
Prezidentin 10 sitatı: “Naftalin iyi verən insanlar artıq xalqı bezdirib”
Birinci buraxılış Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunub.

Materialın müəllifləri Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Dağlıq Qarabağ münaqişəsi və digər sahələr barədə 10 sitatını seçib.

Oxuculara həmin sitatları təqdim edirik.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev haqqında:

“Mən çox eşitmişəm: “Onu atası aparır” və ya “Əgər Heydər Əliyev prezident olmasaydı, İlham heç nəyə nail olmazdı”. Buna nə deyə bilərəm? Hər ölkədə hakimiyyətin vərəsəliyi çox vacibdir. Ona görə də Heydər Əliyevin öz varisi barədə narahat olması təbii idi. Bundan başqa o, öz varisini əvvəlcədən hazırlamağa başlayıb. Atam addım-addım öz təcrübəsini mənə ötürüb və müxtəlif vəziyyətlərdə necə davranmaq lazım olduğunu deyib”.

Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva haqqında:

“Mehriban Əliyeva uzun illərdir ki, ictimai-siyasi, mədəni və beynəlxalq sferalarda fəaliyyətdə vacib rol oynayır. O, ümumilikdə çoxtərəfli və uğurlu fəaliyyət göstərir. Mən onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsində məhz bu amilləri rəhbər götürmüşəm… O, peşəkar, təcrübəli və prinsipial insandır, humanistdir”.

Prezident İlham Əliyev Dağlıq Qarabağ haqqında:

“Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ başa çatmayıb və biz hər an doğma torpaqlarımızın işğaldan azad olunmasına hazır olmalıyıq. Əminəm ki, o gün gələcək və Azərbaycan ərazi bütövlüyünü təmin edəcək”.

Prezident İlham Əliyev avrointeqrasiya haqqında:

“Bəziləri deyir ki, kiminsə xoşuna gəlmək, ya da donor pullarını əsaslandırmaq biz Avropaya inteqrasiya olmalıyıq. Sual olunur, biz hansı Avropaya inteqrasiya olmalıyıq? Bugünkü Avropa göz qabağındadır… Biz oraya inteqrasiya olmalıyıq, böhrana inteqrasiya olmalıyıq?! “Müsəlmanlara stop” deyilən yerə inteqrasiya olmalıyıq?! Qaçqın müsəlmanlara münasibətdə ikili standartlar tətbiq edənlərin cəmiyyətinə inteqrasiya olmalıyıq?! Müsəlmanları qəfəsdə saxlayanların cəmiyyətinə inteqrasiya olmalıyıq?!”

Prezident İlham Əliyev türk dünyası haqqında:

“Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.

Prezident İlham Əliyev SSRİ-nin dağılması haqqında:

“SSRİ böyük dövlət qismində düzgün aparılan milli siyasət hesabına mövcud oldu. Amma 1985-ci ildən SSRİ-yə rəhbərlik edən şəxslər ya öz məsuliyyətlərini başa düşmürdülər, ya da bilərəkdən zərərli addımlar atırdılar ki, bunların arasında separatçıların vaxtlı-vaxtında cəzalandırılmaması da var idi. Təəssüf ki, bu günədək Qorbaçov bu və digər cinayətlərə görə məsuliyyətə cəlb edilməyib”.

Prezident İlham Əliyev rus dili haqqında:

“Rus dilinə bizdə keçmişdə olduğu kimi hörmət edilir. Azərbaycan heç vaxt rus dilini özünə hədəf seçənləri dəstəkləməyəcək”.

Prezident İlham Əliyev müxalifət haqqında:

“Müxalifət dəyişməlidir. Bu naftalin iyi verən insanlar artıq xalqı bezdirib… Cəmiyyətə hökumətin diqqətini bu və ya digərə məsələyə yönəldən, hökumətin ünvanına sağlam tənqidlər səsləndirən konstruktiv müxalifət lazımdır, polisə daş atan müxalifət yox”.

Prezident İlham Əliyev tənqid haqqında:

“Freedom House” hesab edir ki, Azərbaycan azad deyil, internet qismən azaddır, son on il ərzində Azərbaycan bütün Avrasiyada demokratik idarəetmə baxımından hamıdan çox geri qalır. Təsəvvür edirsiniz? Bu, sadəcə gülməlidir və yəqin ki, bunu heç şərh etməyə dəyməz. “Freedom House” erməniyönümlü mövqeyi və ölkəmizə daimi hücumlarına görə Azərbaycanın heç bir əlaqəsi olmadığı bir təşkilatdır”.

Prezident İlham Əliyev təhsil haqqında:

“Məni ali məktəbə beş ay sonra 16 yaşımın tamam olacağını rəsmi təsdiq edən arayışla qəbul ediblər. Təhsilin birinci ili daha məsuliyyətli idi. Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin oğlu kimi təhsil almaq bir şeydir, Moskvada bu cür cavan yaşda tamamilə fərqli mühitdə təhsil almaq isə tamamilə başqadır. Amma mən atamı pis vəziyyətdə qoymadım, əvvəlcə institutda, sonra isə aspiranturada yaxşı oxudum”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi