Sahibkarları sevindirəcək xəbər: Bəzi cərimələr ləğv oluna bilər
Azərbaycanda tətbiq olunan yüksək məbləğli cərimələr və onların sahibkarlıq fəaliyyətinə təsiri yenidən gündəmə gəlib. İqtisadçılar hesab edirlər ki, xüsusilə biznes subyektlərinə tətbiq olunan bəzi cərimələrin azaldılması və ya ləğv edilməsi iqtisadi fəallığın artırılmasına və sahibkarlıq mühitinin yaxşılaşdırılmasına şərait yarada bilər.
Bəs yaxın gələcəkdə hansı cərimələrin ləğvi və ya məbləğinin azaldılması mümkündür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, cərimələrin ləğvi və ya məbləğinin dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq dövlət qurumlarının səlahiyyətindədir:

“Cərimələrin ləğv edilməsi Nazirlər Kabinetinin və ya parlamentin səlahiyyətindədir. Ancaq bununla bağlı konkret qərarı onlar verə və ictimaiyyətə məlumat təqdim edə bilərlər.
Ümumiyyətlə, cərimələrin məbləği çox yüksəkdir. Onlar ya azaldılmalı, xüsusilə biznes subyektlərinə tətbiq olunan bəzi cərimələr isə ləğv edilməlidir. Çünki bu cərimələr iqtisadi aktivliyə mənfi təsir göstərən əsas amillərdən birinə çevrilib”.
Ekspertin sözlərinə görə, sahibkarların fəaliyyətinə əlavə maliyyə yükü yaradan və biznesin inkişafına mənfi təsir göstərən cərimələrin yenidən nəzərdən keçirilməsi vacibdir. Onun fikrincə, bu istiqamətdə mümkün dəyişikliklər biznes mühitinin daha da yaxşılaşdırılmasına və iqtisadi fəallığın artmasına xidmət edə bilər.
Qeyd edək ki, Azərbaycanda inzibati xətalara görə tətbiq olunan cərimələr müxtəlif sahələri, o cümlədən sahibkarlıq fəaliyyəti, vergi, ticarət və xidmət, ekologiya, yol hərəkəti və digər istiqamətləri əhatə edir.
Aynurə İsmayıl