Keçmiş işçisindən “Dominos Pizza”ya ittihamlar - Şirkətdən açıqlama (FOTOLAR)
"Dominos Pizza”da işçilərin əmək hüquqları pozulur.
Bu barədə Qaynarinfo-ya şirkətin keçmiş əməkdaşı N.Q. (öz xahişi ilə adını tam yazmırıq) bildirib. Onun sözlərinə görə, özü də şirkətdə çalışarkən haqsızlığa məruz qalıb:
"Mən "Dominos Pizza”da restoran müdiri olmuşam. Üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmişəm. Amma buna baxmayaraq, məni işdən çıxarmaq üçün müxtəlif üsullara əl atılıb. Bu vəzifədən başqa vəzifəyə keçiriblər, rentabelli olmayan nöqtələrə göndəriblər, kassaya əlavə pul qoyublar ki, məni maxinasiyada ittiham etsinlər. Halbuki özləri maliyyə maxinasiyaları ilə məşğuldur. İkili müsahibatla çalışırlar. Məsələn, mən əmək haqqımın yarısını kartla, yəni rəsmi olaraq, yerdə qalan hissəsini isə nağd şəkildə almışam. Bu, vergidən yayınmaq belə edilib”.
Şikayətçinin sözlərinə görə, ona qarşı haqsızlığın əsas səbəbi idarəetmədən narazılıq etməsi ilə bağlı olub:
"Təsəvvür edin, məni Nərimanovun heykəlinin yaxınlığındakı fililala keçirdilər və orada çox incitdilər. Yemək vaxtını belə bilmirdim. Yəni, imkan verilmirdi. Mən də narazılıq etdim. Rəhbərliyə bildirdim ki, azyaşlı uşaqlarım var, səbəbsiz yerə 3 marşrut dəyişib uzaq yerə getməyim. Bilirsiniz nə cavab verdilər? Dedilər ki, biz insanlığa dəyər vermirik, bizi maraqlandıran biznesdir. "Dominos”un işçiləri ilə az qala qul kimi rəftar kimi edirlər. İşçilərin haqqına girirlər. Artıq işlədirlər, amma buna görə pul vermilər. Xüsusilə, İnsan resursları şöbəsinin müdiri Səmimə Səlimova - biz onu Sima xanım çağırırıq - kobudluq edir. Məhz onun səyləri nəticəsində mən əmək haqqımı tam ala bilmədim. Həmçinin ərazi müdiri Rafiq Qəmbərovun da adını çəkə bilərəm. "Bizim arxa-dayağımız var” deyib narazılıq edən işçiləri hədələyir”.
Şirkətin İnsan resursları şöbəsinin müdiri Səmimə Səlimova isə Qaynarinfo-ya açıqlamasında şikayətçinin iddialarının əsassız olduğunu bildirib:
"Əgər şirkətdə işçilərə qarşı kobud davranış, qul kimi rəftar edilibsə, necə olub ki, bu xanım 2,5 il "Dominos”da işləyib? Hər hansı bir yerdə kimsə qul kimi işlədildiyini görsə yəqin ki, oranı tərk edər. Amma bu xanım 2,5 il işləyib”.
O, N.Q-nin iş yerinin dəyişdirilməsini belə izah edib:
"Bu xanım problemli xanım idi. O mənada ki, bizim standartlara uyğun deyildi. Biz isə onu işdən çıxarmadıq. Digər şöbələrə yönləndirdik. O, isə şəxsi problemlərinə görə dedi ki, Sumqayıtdan gəlib işləmək istəmirəm. Amma biz bu halda da onu iş çıxarmadıq, şans verdik. Deyəsən bu xanımın xoşuna gəlmədi və ərizə yazıb işdən çıxdı. Biz onu dəfələrlə ofisə dəvət edib izah elədik. Amma nəticəsi olmadı”.
Səmimə Səlimova şikayətçinin əmək haqqının tam verilməməsi məsələsinə də toxunub:
"Bu adam avqustun 27-də işdən çıxıb. Öz xahişi ilə çıxıb. Bizim qruplar var, orada da yazıb ki, avqustun 27-də işdən çıxıb. İndi bundan sonra özündən nəsə qurubsa, bu şirkətin təqsiri deyil. Bizdə bu məsələlər qanunla tənzimlənir”.
"Dominos”un keçmiş işçisi şirkətin indqrietləri yerli bazardan alması ilə redaksiyamıza fotolar göndərib. Onun sözlərinə görə, əslində məhsullar xaricdən alınmalıdır:
"Bir müddət əvvəl mətbuatda Vətən müharibəsi veteranlarından birinin şikayəti dərc olunmuşdu. Qarabağ veteranı bildirirdi ki, "Dominos"dan "Pizza Kalipso” sifariş edib. Pizzanı yeyəndən sonra zəhərlənib. Şirkətin bununla bağlı açıqlaması məni təəcübləndirdi. İddia edilirdi ki, guya məhsullar xaricdən, ciddi şirkətlərdən alınır. Bəli, doğrudan da məhsullar "Banvit" firmasından alınmalıdır. Amma mən sizə fotolar təqdim edirəm, özünüz baxın və şahidi olun ki, məhsullar əsasən yerli bazardan alınır. Bəzi hallarda tullantılardan istifadə edilir”.
Səmimə Səlimova bu iddianı qismən təsdiq edib. O, bildirib ki, məhsulların yalnız 10 faizi yerli bazardan alınır:
"Biz şirkət olaraq elan etməmişik ki, biz bu məhsulu xaricdən alırıq. Amma özümüz daxildə bilirik ki, məhsulların 90 faizi xaricdən gəlir. 10 faiz isə yerli bazardan alırıq. Bununla bağlı bizim sübutlarımız var. İdxal etdiyimiz məhsulların invoyslarını da sizə təqdim edə bilərik”.
Qeyd edək ki, "Dominos Pizza” ABŞ şirkətidir. Şirkətin təsisçiləri Tom və Ceyms Monaqan qardaşlarıdır. Şirkətin əsası 1960-cı ildə ABŞ-ın Miçiqan ştatında qoyulub.
"Dominos Pizza”nın bir çox ölkələrdə, o cümlədən Azərbaycanda françayzı var. Şirkət Azərbaycanda 2014-cü ildə "Domino S” MMC adı altında qeydiyyatdan keçib. MMC-nin qanuni təmsilçisi Məniçöhr Əhədpur Xangah Əli oğludur.
Məniçöhr Əhədpurun adı bu günlərdə həbs edilən "Broker” MMC-nin sahibi Əbülfəz Məlikovla yanaşı çəkilir. İddialara görə, Əhədpurla Məlikovun ortaq biznesi var. Əhədpur həm də fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs sayılır. Təsadüfi deyil ki, mediada Kəmaləddin Heydərovun biznes imperiyası barədə dərc edilən materiallarda "Domino S” MMC-nin adı nazirə məxsus şirkətlər arasında qeyd edilib.