Azərbaycan aqroholdinqi Moskvada 200 milyon dollarlıq otel tikintisinə başlayır
Azərbaycanın “Karat Holding” aqroholdinqi Moskvada tarixi tikililərdə yerləşən ticarət köşklərini sökərək yerində beşulduzlu otel tikməyə hazırlaşır. virtualaz.org xəbər verir ki, bu haqda “Vedemosti” nəşri bildirir. Holdinq “Vasili Osipoviç Krasavin qardaşları ilə” kooperativinə məxsus olmuş və Moskvanın Taqansk rayonunda yerləşən bu ticarət köşklərini artıq sökməyə başlayıb.
Nəşr yazır ki, holdinqə daxil olan “Konreys” şirkəti həmin tikililərin yerləşdiyi ərazinin-Böyük Poluyaroslav döngəsində yerləşən 0.3 hektar torpaq sahəsinin mülkiyyətçisidir. Şirkət bildirir ki, həmin ünvanda yerləşən və ümumi sahəsi 2 min kvadratmetrə yaxın olan beş tikili artıq sökülüb.
Şirkətin nümayəndəsi “Vedemosti”yə bildirib ki, “Karat Holding” həmin binanı beş il əvvəl alıb. Holdinq əvvəlcə obyekti icarəyə verməyi planlaşdırıb, amma daha sonra biznesi qeyri-rentabelli hesab edərək onun yerində otel tikməyi qərara alıb. Şirkətdən layihənin təfərrüatlarını açıqlamayıblar, amma onu deyiblər ki, tikinti meydançasında işlər artıq başlayıb. Otelin 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.
Bundan əvvəl “Moskomstroyinvest” -Moskva meriyasının şəhərsalma-torpaq komissiyası Böyük Poluyaroslavsk döngəsində ümumi yerüstü sahəsi 11,3 min kvadratmetr olan otelin tikintisinə icazə verib. Bu həcm təxminən 140-150 nömrə deməkdir. Tikintiyə yatırılacaq investisiyanı daşınmaz əmlak ekspertləri 1,2-1,5 milyard rubl (təxminən 200 milyon dollar) dəyərləndirirlər. Ekspertlər istisna etmirlər ki, Azərbaycan holdinqi əslində layihəni daha sonra apartamentlərə çevirəcək.
Taqankadakı kompleks “Karat Holding”in Moskvanın otel seqmentində ilk layihəsi olacaq. Nəşr xatırladır ki, şirkət əsasən un və makaron məmulatlarının istehsalı ilə məşğul olur, Azərbaycanın ən iri aqroholdinqlərindən biridir. Və nəşr haqqin.az portalına istinad edərək holdinqin sahibinin keçmiş deputat Əsabil Qasımov olduğunu vurğulayır. Bildirilir ki, holdinq tikinti və bir çox digər biznes sahələrində də fəaliyyət göstərir. Onun Rusiyanın regionlarında və Moskvada çoxsaylı aktivləri, o cümlədən Yessentukidə sanatoriyası var. Ötən il isə Taqanka rayonunda tikintisi yarımçıq qalmış “Bernikov” biznes-mərkəzini alıb.
Əsabil Qasımovun çoxşaxəli biznes fəaliyyəti Qazaxıstan, Gürcüstan və Ukraynanı da əhatə edir.