Əhaliyə qazı hansı qurum satacaq? - “Azəriqaz”dan AÇIQLAMA
“Əhali və qeyri-əhali abonentlərinə qazın satışını, əvvəlki kimi, “Azəriqaz” İB həyata keçirəcək”.
Bu barədə Azia.Az-a “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.
Bildirilib ki, bugünədək SOCAR həm təbii qazın hasilatını, həm də təbii qazın daxili bazarın istehlakçıları və paylayıcılarına (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) satışını həyata keçirirdi.
Qərarda qeyd edilən tarixdən sonra isə satış prosesinin tənzimlənməsi artıq “Azərkontrakt” ASC tərəfindən həyata keçiriləcək və başqa hər hansı dəyişiklik olmayacaq.
“Azərkontrakt” ASC təbii qazın topdan satışı ilə məşğul olacaq.
Əhali və qeyri-əhali abonentlərinə isə təbii qazın satışını, əvvəlki kimi, “Azəriqaz” İB həyata keçirəcək.
Dünyanın əksər ölkələrində topdan satış və paylayıcı şirkətlər ayrı-ayrı fəaliyyət göstərir. Bunu qaz təsərrüfatı sahəsində bizim Respublika üçün də yeni bir islahat hesab edə bilərik” - deyə C.Səfərov məlumat verib.
0