Fransa məhsullarının boykotu nə vəd edir - təhlil
İşğalçının yanında olan bir ölkə ilə münasibətlərə yenidən baxmaq zərurəti yaranıb
İslam dini və müsəlmanlar haqqında təhqiramiz fikirlər səsləndirən Fransa prezidenti Emmanuel Makronun açıqlamaları Türkiyədə böyük qəzəblə qarşılanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Makrona sərt cavab verməklə yanaşı, ölkə vətəndaşlarını Fransa məhsullarını boykot etməyə çağırıb.
Maraqlıdır ki, Fransada Türkiyə məhsullarını boykot etmək barədə düşünmürlər. Fransanın xarici ticarət naziri Frank Riester bildirib ki, onun hökuməti Türkiyə mallarını boykot etmək niyyətində deyil: “Biz türklərin etdiyi kimi etməyəcəyik”.
Prezidentin çağırışından sonra Türkiyənin bəzi biznes qurumlarından dəstək bəyanatları səsləndirilsə də, bir çox ekspertlər boykot qərarının Türkiyəyə daha çox zərər vura biləcəyini qeyd edirlər. Rəsmi statistik məlumatlara baxsaq, bu fikirlərdə həqiqət olduğunu görmək mümkündür. Belə ki, Fransa hökumətinin məlumatlarından aydın olur ki, Türkiyə bu ölkənin Avropa Birliyindən kənardakı 3 ən böyük ticarət tərəfdaşından biridir. İki ölkə arasındakı qarşılıqlı ticarətin həcmi 2019-cu ildə 14 milyard 677 milyon avroya çatıb. Son 10 ildə ölkələrarası ticarətin həcmində 47,4 faiz artım baş verib. 2015-ci ilədək qarşılıqlı ticarətdə Türkiyənin Fransadan aldıqları üstünlük təşkil edirdisə, ondan bəri əks xarakterli proses gedir. Məsələn, ötən il Türkiyə Fransaya 7.6 milyard dollarlıq mal satıb, 6,3 milyard dollarlıq mal alıb.
Türkiyə Fransaya avtomobil sənayesi məhsulları (30,9 faiz), hazır geyimlər (14 faiz), avtomobil komponentləri (6,1 faiz), məişət texnikası (5,1 faiz), maşın və cihazlar (3,6 faiz), tekstil sənayesi məhsulları (3,1 faiz) və elektrik cihazları (2,7 faiz) ixrac edir.
Fransadan Türkiyəyə isə maşın və cihazlar (9,5 faiz), kimyəvi, azotlu, plastic, sintetik və kauçuk məhsullar (9,1 faiz), təyyarə və kosmik sənayesi məhsulları (8,2 faiz), dəmir və polad məmulatları (8,1 faiz), avtomobil komponentləri (7,6 faiz), elektrik cihazları (6,9 faiz), əczaçılıq məhsulları (6,5 faiz) satılır.
Türkiyə Mərkəzi Bankının məlumatına görə, 2002-2018-ci illərdə Fransa şirkətlərinin bu ölkəyə birbaşa investisiyaları 7 milyard 274 milyon dollar təşkil edib. Bu dövrdə türk şirkətləri Fransaya cəmi 235 milyon dollar sərmayə yatırıblar.
Müsəlman ölkələri Fransa məhsullarına boykot elan etdi - FOTO | KONKRET
Hazırda Türkiyədə 1524 Fransa sərmayəli şirkət fəaliyyət göstərir.
İqtisadçı-ekspert Natiq Cəfərli də hesab edir ki, Fransa mallarının boykotu Türkiyə üçün daha ağrılı nəticələrə səbəb ola bilər: “Son iki ildə Türkiyə Fransaya aldığından daha çox mal satır: 2019-cu ildə Türkiyə Fransaya 7,6 milyard dollarlıq mal satıb, Fransadan isə 6,3 milyard dollarlıq mal alıb - Türkiyə bu ticarətdə 1,3 milyard dollar qazanlb, bu isə Türkiyədə yüz minlərlə iş yeri deməkdir. Bu ilin ilk 8 ayında Türkiyə Fransaya 4,2 milyard dollarlıq mal satıb, 3,9 milyard dollarlıq isə mal alıb - müsbət saldo yenə Türkiyənin xeyrinədir, 300 milyon dollar qazanc var.
Qarşılıqlı boykot kimə xeyir verə bilər - təbii ki, Fransaya. Ona görə də haqlı mövqelərin hüquqi və siyasi müdafiəsi daha məntiqli və doğrudur, populizmə yuvarlanmaq olmaz".
Ekspert deyir ki, boykota bizdə də çağırışlar var: “Bunun da məntiqi və məzmunu yoxdur, Fransa üçün bizim - Azərbaycanın aldığı mal ixracatının 0,01 faizi də deyil. Biz isə onlara bu ilin ilk 9 ayında 56 milyon dollarlıq mal satmışıq - bu isə bizim üçün heç də az deyil. Ən çox aldığımız mallardan biri avtomobillərdir - o da Fransa malı olsa da, Türkiyədə istehsal olunur”.
Ekspertin də qeyd etdiyi kimi, Azərbaycanda da Fransanın Vətən müharibəsində açıq şəkildə Ermənistanın tərəfini tutması, həmçinin Makronun Məhəmməd peyğəmbər, İslam dini barədə aşağılayıcı ifadələr işlətməsi əsas gətirilərək, Fransa mallarının boykot olunması təklif edilir. Sosial şəbəkələrdə bir çox Fransa məhsulları üzrə boykot kampaniyaları başladılıb.
İslami ölkələrdə Fransa məhsullarının boykot edilməsi genişlənir - Sahar Azeri
Qeyd edək ki, Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib. Ötən əsrin 90-cı illərindən başlayaraq Fransız şirkətləri Azərbaycanın enerji layihələrində yaxından iştirak edir. “Suez”, “Total”, “Thales” kimi şirkətlər neft-qaz sektorunda dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrin iştirakçılarıdır. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. Rəsmi məlumatlara görə, ümumilikdə Azərbaycanın sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində də iştirak ediblər.
Azərbaycan həm də Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. 2018-ci ildə Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi dövriyyəsinin 62,4 faizi Azərbaycanın payına düşür.
Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırıldığı bildirilir. Azərbaycan hökuməti yaxın gələcəkdə ölkədə icra olunacaq mühüm layihələrdə Fransa şirkətlərinin iştirakına şərait yaratmaq niyyətindəydi. Məsələn, bu ildən Ələt Azad İqtisadi Zonasında Fransa şirkətlərinin fəaliyyətə başlaması nəzərdə tutulurdu.
Fransız şirkətləri Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən layihələrdə də fəal iştirak edirlər. Bu günədək nəqliyyat infrastrukturu, energetika, meliorasiya, tullantıların idarə edilməsi, telekommunikasiya, hava nəqliyyatı, metropoliten, şəhər nəqliyyatı, neft emalı və digər sahələrdə 40-dək layihəyə Fransa şirkətləri cəlb olunub.
Müsəlman ölkələri Fransa məhsullarına boykot elan etdi - FOTO | KONKRET
Azərbaycanın müxtəlif qurumları Fransa banklarından irihəcmli kreditlər cəlb edirlər. Məsələn, Azərbaycan Dəmir Yolları QSC 2019-cu ildə Fransa İnkişaf Agentliyindən “Dəmir yolu sektorunun inkişafı” layihəsi uzrə 67,3 milyon avro (128,0 milyon manat); Fransa İnkişaf Agentliyindən “Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması” layihəsi üzrə 93,2 milyon avro (178,0 milyon manat) kredit alıb.
Bu qurum 2015-ci ildə BNP Paribas bankından 180 milyon dollar, 2016-cı ildə Societe Generale Bankından 100 milyon avro kredit götürüb.
Qarşılıqlı ticarət dövriyyəsinə gəlincə, ötən il bu göstərici 787 milyon 366,61 min dollar təşkil edib. Bunun 250 milyon 727,34 min dolları Fransadan aldığımız, 536 milyon 639,27 min dolları isə onlara satdığımız məhsulların payıdır. Yəni bu ticarət 285 milyon 911,93 min dollar bizim xeyrimizə müsbət saldo deməkdir.
Biz Fransaya əsasən neft və neft məhsulları satırıq. Ötən il bu ölkəyə 536 milyon 639,27 min dollar təşkil edən ixracatımızın 528 milyon dollarını məhz bu məhsullar təşkil edib.
Fransadan isə əsasən ətirlər, kosmetik, qulluq vasitələri, ötən ilədək isə qaz və elektrik enerjisi sayğacları idxal edirik. Bu ildən qaz və elektrik enerjisi sayğaclarını Çin və Türkiyədən idxal etməyə başlamışıq.
Bu ilin 8 ayında Fransadan 113 milyon 895,99 dollarlıq məhsul idxal, oraya isə 55 milyon 56,69 min dollarlıq məhsul ixrac etmişik.
Göründüyü kimi, Fransa ilə qarşılıqlı ticarətdən daha çox Türkiyə və Azərbaycan faydalanır. Lakin dinimizi təhqir edən, ərazilərimizi işğal altında saxlayan, mülki vətəndaşlarımızın qanını tökən işğalçı Ermənistana açıq dəstək verən bir ölkə ilə əlaqələrin bundan sonrakı vəziyyətinin necə olacağını təsəvvür etmək elə də çətin deyil...
Dünya SAKİT,