Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-ŞİKAYƏT+FOTOLAR (YENİLƏNİB)
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-ŞİKAYƏT+FOTOLAR (YENİLƏNİB)
Tənzimləyici qurum kimi yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sovet “obxess”i kimi fəaliyyət göstərməyə başlayıb
Yenixeber.org: Ən azından İsmayıllı rayon Kürdmaşı kənd sakini Quliyev Tural Ramiz oğlunun və Aşıqbayramlı kənd sakini Zülfüqarov Anar Valeh oğlunun başına gələnlər bu qənaəti doğurur. Belə ki, yenixeber.org-a daxil olan məlumata görə İsmayıllı rayonunun bu sakinləri Qida Təhlükəsizliyi Agentliyinin yerli qurumunun əməkdaşlarının “obxess”sayağı fəaliyyəti sayəsində işsiz qalıb... Agentliyin əməkdaşları Eldar Əzizov və Elşən Qasımov bu iki ailənin yeganə gəlir mənbəyi olan qəssab dükanını əvvəlcədən xəbərdar etmədən qapayıblar. Rayon mərkəzində onlarla belə satış dükanı olsa da, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları məhz bu sırada standarta uyğun şəraiti olan üç-beş dükandan birini qıfıllayıb(?) Sahibkarlar üzləşdiyi problemlə bağlı Prezident Adminstrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə və İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciətlərinin əksəriyyətinin ünvanına çatması haqqında cavab alsalar da, Qida Təhlükəsizliyi Agentliyindən hec bir cavab almayıblar. Aktuallığını nəzərə alıb müraciəti müəyyən ixtisarla dərc edirik:
"Etdiyimiz müraciətimizə müsbət nəticəsi olmadığından, Sizə müraciət etməklə, bəzi məmurların dövlətimizin adına yaraşmayan əməllərini ictiamiləşdirmək məcburiyyətindəyik. Belə ki, bir neçə vaxtdır İsmayıllı “Yaşıl Market” bazar kompleksinin sahibi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərovun cəzasızlıq, məsuliyyətsizlik, vəzifə borclarını yarıtmaz yerinə yetirmələri, rüşvət və korrupsiya mühitinin olması, sahibkarlıq subyektinin normal fəaliyyət göstərlməsinə qəsdən müxtəlif əngəllərin törədilməsi, ət kəsim sexində antisanitariya qaydalarına riayət olunmaması və s. özbaşınalıqlarla bağlı Prezidentə,1-ci Vitse Prezidentə, Kənd Təssərrüfatı Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa və İsmayıll Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Təəssüflər olsun ki, etdiyimiz haqlı müraciətimizə bu günədək cavab verilməmiş, biganə və laqeyid münasibət göstərilmişdir. Bütün dünya koronavurusla mübarizə aparır. Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərov isə karantin vəziyyətini fürsət bilib yazdığımız yazılara görə bizi susdurmaq istəyir. Açıq-aşkar qanunsuz hərəkətlər edir. Belə ki, 21 aprel 2020-ci il tarixdə bizə məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən obyektdə yoxlama aparmaqla güya, fəaliyyətdə olan ət satışı mağazasında sanitariya-gigiyena qaydalarına əməl olunmadığını əsas gətirərək, fəaliyyət göstərdiyimiz
mağazanın giriş qapısını qıfıllanmış və kağız parcasına “giriş qadağandır” sözləri yazaraq qırmızı lentlə bağlanmışdır. Halbu ki, 09 yanvar 2019-cu il tarixdə mağazamız sanitariya-gigiyena qaydalarına cavab verdiyi üçün Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərov bizdən 250 manat pul alaraq ət satışına icazə vermişdir.
Onların qanunsuz hərəkətlərlə məşğul olmaları haqqında, eləcə də saxta arayışlarla kəsilmiş ətə möhür vurularaq ət satışına icazə vermələrini bildirmişdik. Etdiyimiz bu müraciətimizdən sonra bizə qarşı qərəzli mövqe nümayış etdirməkdə davam edirlər. Qeyd olunan səbəblərə görə, rayon ərazisində fəaliyyətdə olan 35 ət satışı mağazasından yalnız bizim mağazamız hədəfə alınmışdır. Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərovun etdiyi qanunsuz hərəkətlər nəticəsində fəaliyyətimizi danandırmışıq. Onsuz da hər kəsin dərdi özünə bir yükdür. Ətrafımızda baş verən bu hallar bizi ağır duruma salır, haqlı narazılığımıza və şikayətimizə səbəb olur. Hesab edirik ki, bu qanunsuzluqlara son qoyulmalı və ədalət bərpa olunmalıdır”.
Redaksiyadan: Bu məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən açıqlama almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. On gündən artıqdır ki, Agentliyə ünvanladığımız online müracətə cavab ala bilmədik(?) Bəlli olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinin faəliyyətinin vətəndaşlarda narazılıq yaratması ilə bağlı bu məlumat ilk deyil. Tənzimləyici orqan kimi yaradılmış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “obxess” kimi fəaliyyət göstərməsi haqqında iddialar isə qurum tərəfindən şərh olunmur və cavabsız qalır. Həm ictiami rəyin, həm də ekspertlərin bu Agentliyin fəaliyyətinə yanaşmalarının yumşaq desək birmənalı olmaması da sirr deyil.
Aktuallığını nəzərə alıb, mövzunu davam etdirəcəyik.