Koronavirus: ümumdünya təhlükəsi və zəruri dövlət tədbirləri
Koronavirusun yayılmasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi dövlət başçısının ciddi nəzarəti altındadır. Koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri olan bütün addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.
Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il yanvarın 30-da “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.
Millət vəkili Tahir Mirkişili bildirib ki, hökumətin koronavirusla mübarizə üçün qətiyyətli və vaxtında atılan addımları nəticəsində virusun kütləvi yayılmasının qarşısını almaq mümkün olub. İnsanların sağlamlığını qorumaq üçün atılan sosial təcrid tədbirləri təbii olaraq, ölkədə iqtisadi fəaliyyətə də təsir etməkdədir. Bu baxımdan, dövlət başçısı cənab İlham Əliyevin zəruri dövlət dəstəyi istiqamətləri çərçivəsində 1 milyard manat vəsaitin ayrılması ilə bağlı imzaladığı Sərəncamı ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsini əhatə edir. Sərəncam sosial təcrid tədbirlərindən təsirlənən sahibkarların dövlət başçısının diqqətindən kənarda qalmadığını göstərir. Müxtəlif istiqamətlər üzrə dövlət dəstəyinin və stimullaşdırıcı tədbirlərin təcili həyata keçirilməsi ilə bağlı verilən tapşırıqlar iqtisadi subyektlər üçün mühüm əhəmiyyət daşıyır. İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun dəstək tədbirləri ilə bağlı təhlillərə başlaması onu deməyə əsas verir ki, bu tədbirlər geniş spektri əhatə edəcəkdir.
İndiki şəraitdə fiziki və hüquqi şəxslərin, vətəndaşların yaranmış şərait nəticəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsində, gündəlik, aylıq gəlir əldə edilməsində, işçilərin ixtisar edilməməsində isə dəstəyə ehtiyacları vardır. Digər tərəfdən alternativ, müasir, təmassız xidmətlərin də stimullaşdırılması zəruridir.
Dövlətin də atacağı addımların əsasən bu istiqamətlərdə olacağını düşünürəm. Ölkəmizdə aparılan iqtisadi islahatlar, çevik iqtisadi siyasət bu tədbirlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır.
Əminəm ki, həyata keçiriləcək tədbirlər nəticəsində iqtisadi subyektlərimiz böhrandan daha az təsirlənəcək.
Azia.az