Bakıda kanalizasiya lyukuna ilişib dağılan bolidin xərcini kim ödəyəcək-Nazir oğlu AÇIQLADI
"Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov jurnalistlərlə söhbətində dünən yerindən çıxaraq, britaniyalı pilot Corc Rasselin bolidinə xəsarət yetirmiş və idmançının Bakıdakı ikinci məşqdə iştirakını mümkünsüz etmiş kanalizasiya lyuku barədə danışıb.
Azia.az "championat.com” nəşrinə istinadən xəbər verir ki, Rəhimovun sözlərinə görə, "Williams” komandasına dəymiş zərər mərhələ təşkilatçısının sığortası hesabına ödəniləcək."Bizdə küçə trasıdır, buna görə də, onun boyunca 300-dən çox lyuk var. Bütün lyuklar bərkidilmişdi və yarışlardan bir neçə gün öncə yoxlanmışdı, lakin konkret halda problem adi gözlə görünə bilməzdi. Lyukda problem aşağı hissədən qaynaqlanıb – lyuku saxlayan qarmaqlar paslanıb və elə buna görə də, belə bir hadisə baş verib, - Arif Rəhimov deyib. – Belə şeylər olur və biz başına bu cür iş gələn birinci adam deyilik, analoji hallar Monakoda, Çində və Malayziyada baş verib, yəni hətta şəhər trasında deyil, adi stasionar traslarda da olur. Təəssüf ki, indi bu, bizdə baş verib. Biz bir neçə dəfə "Williams” komandasından üzr istəmişik. Komandaya dəymiş zərər sığorta hesabına ödəniləcək. Hələlik söhbətin hansı məbləğdən getdiyini bilmirik, amma dəqiq ödəniləcək”.
Rəhimov əlavə edib ki, hadisədən sonra bütün lyuklar bir daha yoxlanıb və təşkilatçılar bütün tədbirləri görüblər ki. belə hal təkrarlanmasın. "Bundan sonra biz hər bir lyuku dörd dəfə yoxlamışıq, bərkidilməsi mümkün olan hər şeyi bərkitmişik. 100 faizlik etibarlılığı, yəqin ki, heç bir şeydə təmin etmək mümkün deyil, amma biz 99,9% zəmanət veririk. Bu hal bir də baş verməməlidir”, - o qeyd edib.