Premyer Liqada ilk baş məşqçi istefası - Xəbəri bu klubdan alacağıq
İyunda Cavid Hüseynovu Premyer Liqaya qaytaran «Araz-Naxçıvan» yeni mövsümə olduqca pis başlayıb.
İlk turda «İmişli» ilə xalları böldülər, dünən də «Neftçi» onları beş «yerə böldü».
Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun «hamı bir kənara, «Neftçi» bir kənara» fikriylə yanaşdığı oyunda «Araz» biabırçı təsir bağışladı.
İlk hissədə dörd qol vuran «Neftçi» fasilədən sonra tempi qəsdən öldürdü, hər fürsətdə topu irəli daşımadı, özündə saxladı.
İstəmədilər, yoxsa daha 3-4 dəfə qonaqların qapısına yol tapardılar.
«Neftçi»nin hesab arasındakı fərqi 5:0-dan o yana böyütməkdən yayınması tribunadan o qədər aşkar sezilirdi ki… Yəqin ki, Axundovun gözündən qaçmadı bu.
O. nəsə edəcək. Boş keçməyəcək 0:5-i. Ya bu gün, ya sabah, ya da həftəsonu səsi çıxacaq.
Hüseynovun istefa vermək yarışında digər həmkarlarını qabaqlayacaı bu gedişlə daha çox inandırıcıdır.
Axundov səbrsiz, eyni zamanda, iddialı rəhbərdir, «Araz»ın turnir cədvəlinin aşağılarında sürünməsinə çox dözməz.
İmkan verməz ki, Cavid Hüseynov «Şamaxı» və «Səbail» kimi, onun doğma şəhərinin komandasını da I Liqaya yola salsın.