İstidə idman edənlərə xəbərdarlıq
Anomal isti havaların müşahidə olunduğu dövrlərdə açıq havada fiziki fəallıqla məşğul olmaq insan orqanizmi üçün ciddi təhlükəyə çevrilə bilər. Alimlər xəbərdarlıq edirlər ki, yüksək temperatur şəraitində gərgin fiziki hərəkətlər istivurmaya və ürək-damar sisteminin həddindən artıq yüklənməsinə yol açır.
“BBC”nin məlumatına görə, fiziki gərginlik zamanı əzələlərin oksigenə olan tələbatı artır. Lakin orqanizm bədəni soyutmaq üçün qan dövranını dəri səthinə yönəldir. Bu proses əzələlərin lazım olan miqdarda oksigen almasını çətinləşdirir, nəticədə insan tez yorulur və ürəyin iş yükü artır. İqlim dəyişiklikləri səbəbindən fiziki fəallığın azalması isə uzunmüddətli dövrdə sağlamlıq problemlərinin dərinləşməsinə gətirib çıxara bilər.
Ekspertlər isti günlərdə sağlamlığı qorumaqla idman etməyin əsas yollarını açıqlayıblar. Fiziki hərəkətləri havanın nisbətən sərin olduğu səhər və ya axşam saatlarına keçirmək lazımdır. Günəş şüalarının düşmədiyi kölgəli ərazilərə üstünlük vermək daha yaxşı olar. Havadakı yüksək rütubət tər tullantısının buxarlanmasını çətinləşdirir və bədənin təbii soyuma sistemini zəiflədir. Odur ki, isti havalarda idman müddətini qısaltmaq, tempini aşağı salmaq və sərin yerlərdə tez-tez fasilə vermək tövsiyə olunur. Bədən temperaturunu salmaq üçün buz paketləri əvəzinə qolları soyuq suya salmaq, bədənə su çiləmək və ya yaş soyuq dəsmaldan istifadə etmək daha effektivdir. Açıq havaya çıxmazdan əvvəl soyuq su və ya buzlu içki qəbul etmək bədənin ciddi temperatur həddinə çatması müddətini uzadır. Başgicəllənmə, ürəkbulanma, güclü təngnəfəslik və ya ürəkdöyünmə kimi hallar müşahidə olunarsa, məşqi dərhal dayandırmaq və sərin yerə keçmək vacibdir.
Mütəxəssislər bildirirlər ki, tədricən adaptasiya olunmaqla və düzgün vaxt seçimi etməklə isti havalarda da təhlükəsiz fəal qalmaq mümkündür.