"O, narkomanları komandaya geri qaytarıb, çox narahatıq"-QALMAQAL
«Mingəçevir»də şok hadisələr baş verməkdədir.
Bu barədə redaksiyamıza Komandanın bəzi futbolçuları məlumat verib.
Onların bildirdiyinə görə, son vaxtlar düşərgədə ab-hava tamamilə pozulub və bu da nəticələrin pisləşməsində özünü göstərir.
Narazılıq edən oyunçuların iddiasına görə, Ədahim Niftəliyev özünü baş məşqçi kimi aparmır. Belə ki, o, yanlış addımlarıyla hamını bir-birinə vurub:
«Vaxtilə Sahib Qocayev bir neçə futbolçunu komandadan qovmuşdu. Onlara demişdi ki, siz narkomansız, başqalarını da öz yolunuza çəkirsiz.
Keçmiş baş məşqçi bilirdi ki, kimlər bu işlə məşğuldur və narkotiki təbliğ etmək üçün hansı yollara əl atırlar. Ədahim Niftəliyev həmin futbolçulardan bir-ikisini yaxınlarda geri qaytarıb.
Birinin atası Mingəçevirdə «bariqa» kimi tanınır və xeyli müddət bundan qabaq həbs olunub. Özü də bu işlərin həvəskarıdır.
Oturub-durub ancaq belə şeylərdən danışır. Açığı, hər birimiz çox narahatıq.
Komandamızda bu cür futbolçuların olmasını istəmirik. Bizdə gənclər çoxdur.
Onları həmin futbolçulardan qorumaq istəyirik. Bunu baş məşqçinin özünə də eşitdirmişik.
Niftəliyev dediyimiz sözlərə məhəl qoymur. Hərdən bizə elə gəlir ki, o, öz fikriylə oturub-durmur, kimlərinsə sözüylə hərəkət edir.
Çox istərdik ki, AFFA «Mingəçevir»ə nəzarəti gücləndirsin».