İDMANÇILARIMIZ qızıl və gümüş medallar qazanıblar
ABŞ-də fəaliyyət göstərən azərbaycanlı idmançılar, qaydasız döyüş növü (MMA) üzrə Avropa, Amerika və dünya çempionu Elgün Xanoğlanlı, sambo və MMA üzrə Ukrayna çempionu Teymur Həsənov qrapplinq (Grappling, No-Gi) döyüş növü üzrə yarışda ölkəmizi yüksək səviyyədə təmsil ediblər.
"Report"un ABŞ bürosu xəbər verir ki, Şimalı Amerika Qrapplinq Federasiyasının (NAGA) təşkil etdiyi dünya çempionatı Nyu-Cersi ştatında keçirilib.
Hər il ənənəvi olaraq keçirilən və 7 mindən çox idmançının qatıldığı, dünyanın ən böyük qarışıq qrapplinq turniri hesab olunan yarışda iştirakçılar fərdi və komanda olaraq təmsil olunublar.
Qrapplinq qarşılaşmasında həmyerlimiz E.Xanoğlanlı 70 kq, T.Həsənov isə 100 kq çəkidə güclərini sınayıblar.
Gi və No-Gi versiyaları üzrə keçirilən yarışlarda E.Xanoğlanlı gümüş və bürünc medala, T.Həsənov isə qızıl medala sahib olub. E.Xanoğlanlı yarışı ikinci, T.Həsənov isə hər üç rəqibinə qalib gələrək birinciliklə bitirərək dünya qrapplinq çempionluğunu qazanıb.
İdmançılarımız zəfəri üç rəngli, ay-ulduzlu Azərbaycan bayrağını döyüş arenasında dalğalandıraraq qeyd ediblər. Nyu-York və Nyu-Cersi ştatlarında yaşayan həmvətənlərimiz idmançıları alqışlayıb, "Yaşasın Azərbaycan" şüarları səsləndiriblər.
Qeyd edək ki, hər iki həmyerlimiz ABŞ-də keçirilən beynəlxalq idman yarışlarında tez-tez ölkəmizi layiqincə təmsil edirlər. E.Xanoğlanlı Amerikada fəaliyyət göstərən azərbaycanlı idmançıları bir yerdə toplamaq və onların koordinasiyalı fəaliyyəti üçün ötən il yaradılmış Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, T.Həsənov isə təşkilatın aktiv üzvlərindəndir.