azia.az
azia.az

5 milyon avro qiymət qoyulan AZƏRBAYCAN millisinin üzvü görün kimdir

8-02-2024, 08:58

Bu günlərdə ölkə futbolunun əsas mövzusu Toral Bayramovun "Qalatasaray"a mümkün keçididir.

Offsideplus.az olaraq diqqətinizə çatdırdıq ki, "Qarabağ" müdafiəçisini satmaq niyyətində deyil. Millimizin üzvü də Avropa ölkələrinin liqalarında çıxış etmək istəyir.

Ümumiyyətlə, Toralın Ağdam təmsilçisi ilə 2026-cı ilin iyununa kimi müqaviləsi var. Bəs, 23 yaşlı futbolçunu hansısa klub istəsə, "köhlən atlar" müdafiəçini hansı qiymətə satmalıdır?

Sualımızı ölkəmizdə kifayət qədər tanınan agentlər Vaqif Heydərli və Emil Şükürbəyliyə ünvanladıq. Hər iki menecerin mövzu ilə bağlı fikirlərini təqdim edirik:

IMG 20240208 010212 673

Vaqif Heydərli: "Bildiyim qədəri ilə Toralın "Qalatasaray"a keçidi ilə bağlı real olan nəsə yoxdur. Sadəcə, İstanbul klubu həmin mövqeyə futbolçu axtarır. Böyük ehtimal bu məsələ buradan qaynaqlanır. Bildiyim qədəri ilə "Qarabağ"ın da Toralı buraxmaq fikri yoxdur. Ağdam təmsilçisi indiki halda əsas heyət üzvlərindən birini əlindən buraxmaq istəmir. Sualın ikinci məsələsinə gəlincə isə qiymət mövzusunu biz, sadəcə, ehtimal edə bilərik. Satsa, nə qədər istəməlidir? Amma ümumi situasiyanı, istəyənin "Qalatasaray" olduğunu, bazar qiymətlərini nəzərə alsaq, "Qarabağ" əsas oyunçusu üçün 5 milyon avro tələb edər"

Emil Şükürbəyli: "Futbolçunun transfer dəyərini müəyyənləşdirərkən bir neçə əsas və ikinci dərəcəli amillər nəzərə alınır. Oyunçunun yaşı, çıxış etdiyi mövqeyi, haradan hara keçdiyi önəmlidir. Bundan əlavə, həmin liqadakı perspektivi və gələcəkdə daha güclü çempionata keçə bilmə ehtimalı da nəzərə alına bilər. Toral Bayramov bu mövsüm əvvəlkilərindən daha məhsuldar çıxışı ilə diqqəti cəlb edir. Maraqlıdır ki, karyerası ərzində sol cinah müdafiəçisi oynasa da, məhsuldarlıq əks cinaha keçəndən sonra artıb. Bir neçə il öncə portuqaliyalı agent tərəfdaşımız oyunçu haqqında məlumat istəyərkən məhz bu məqama diqqət ayırmışdım. Toralın "Qarabağ"dakı çıxışı onun bir neçə mövqedə oynamaq imkanını ortaya qoyub. Eyni zamanda milli komandanın üzvü olması və Türkiyədə legioner sayılmaması hazırkı durumda 23 yaşlı futbolçumuzun transferinə dəyər qatır. "Qarabağ"ın əvvəlki satışlarının qiymətlərini nəzərə alsaq, Toral üçün 2-3 milyon avro ətrafında əsas məbləğ tələb oluna bilər. Futbolçumuz sonradan top-5 liqalarına transfer olarsa, əlavə satış faizinin müqaviləyə salınması da münasib transfer dəyəri sayıla bilər".

İLKİN SULTANLI



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi