“Fənərbaxça” Bakıya GƏLİR
“Zirə” və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda “Fənərbaxça” klubunun baş katibi Burak Kızılhanla görüşüb.
Bu barədə "Zirə"nin mətbuat xidməti məlumat yayıb.
“Fənərbaxça” klubunun ofisində keçirilən görüşdə həmçinin Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin idarə heyətinin üzvüləri də iştirak edib. Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbaxça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb.
Sonda görüş iştirakçıları bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.
Qeyd edək ki, bundan öncə “Qalatasaray” “Qarabağ”la, “Beşiktaş” “Sabah”la yoxlama görüşü keçirib.