azia.az
azia.az

Kərim Ağayev: “Mərdimazarlar olmasa, daha da irəli gedəcək”

4-11-2022, 14:06


Əliyar Ağayevin Çempionlar Liqasının qrup matçlarına təyinat alması Azərbaycan hakimliyində tarixi bir səhifə açıldı. "Kopenhagen” (Danimarka) - "Borussiya” (Dortmund, Almaniya) oyunun baş hakimi olan Ağayevin təyinatından sonra ÇL-in qrup mərhələsində ilk dəfə Azərbaycan da təmsil olundu. Təbii ki, hər bir azərbaycanlı üçün sevindirici faktdır. Ancaq ən çox sevinən şübhəsiz ki, Əliyarın atası Kərim Ağayevdir. Bu səbəbdən onun da fikirlərini öyrənməyə qərar verdik.

Sabiq hakim Qaynarinfo-ya müsahibəsində oğlunun təyinatına münasibət bildirdi. 

- Oğlunuz Çempionlar Liqasına təyinat almaqla Azərbaycan hakimliyində tarix yazdı. Həm sabiq hakim, həm də bir ata kimi düşüncələrinizi bölüşmənizi istərdik. Oyunu izlədinizmi?

- Bəli, oyuna baxdım. Demək olar ki, sərbəst hakimlik etdi. Oyun da ağır deyildi. Rahat idarəçilik oldu.

- Əliyarın hansısa çətinlik çəkdiyi məqamlar oldu?

- Yaxşı oyun keçdi. Komandalar güclü idilər. Amma hər iki tərəf gücünü sona qədər tam olaraq göstərmədi. 

- Əliyar Ağayev idarəçiliyinə görə hansı qiymətə layiq görülə bilər?

- Mən qiymət verə bilmərəm. Amma şəxsən normal qiymətləndirərdim. Sürət var idi, epizodlara çata bilirdi. Komandaların yüksək peşəkarlığı da hiss olunurdu. Oyuna sona qədər baxdım. Hakimlər yaxşı idarəçilik etdi. Yan hakimlər də lazımı şəkildə işlədilər. Əliyara kömək etdilər, epizodlara vaxtında reaksiya verə bilirdilər. İlk dəfə üçün yaxşı qiymətə layiqdir.

- Həyəcan hiss olunurdu?

- Oğlumda həyəcan hiss olunmurdu. Laynsmanlar öz yerində idi. Kritik məqamlarda düzgün qərar verdilər.

- Əksəriyyətin fikrincə, oğlunuz Çempionlar Liqasına daha tez, Hakimlər Komitəsinin sabiq sədri Fritz Ştuxlikin dönəmində təyinat ala bilərdi. Ancaq avstriyalı hakim ona maneə törədirdi, öz kadrlarını irəli vermək istəyirdi... Bəs siz necə düşünürsünüz?

- Mən də düşünürəm ki, daha tez olmalı idi. Ancaq kiminsə adını çəkə bilmərəm. Oyunlara getdiyi dönəmlərdə səhvləri olurdu, düzəldirdilər. Düzdür, Əliyar Çempionlar Liqasına daha tez təyinat ala bilərdi. O, təyinat alandan sonra bunun nə qədər çətin iş olduğunu hiss etdim. Oyunu görmək, analiz etmək və vaxtında qərar vermək asan deyil. Xeyli vaxt itirdilər. Allaha şükür ki, yolu açıldı.


- Bir ata kimi nə düşünürsünüz?

- Qürur hissi keçirirəm. Böyük futbola gəldiyim illəri xatırlayıram. Əliyarla özümü müqayisə etsəm, arada böyük fərq var. O, məndən daha üstündür. Hakimliyə yeni başlayanda bizə ingilis dili təlimləri keçirdilər. Əliyar isə bu dili daha yaxşı bilir.

- Onun hakimliyə gəlişini necə xatırlayırsınız?

- Azərbaycan çempionatının oyunlarında sərbəst idarəçilik edirdi. O, hakimliyi məndən daha tez qavradı. Tənbəllik etməyib ingilis dilini öyrənsəydim, daha çox kömək edə bilərdim. Beləcə həyat getdi (gülür). Qoy Əliyar bizim işləri davam etdirsin. Mərdimazarlar olmasa, daha irəli gedəcək (gülür).

- Oğlunuz ölkə çempionatında necə təsir bağışlayır? Bəzi oyunlardan sonra tənqid olunur…

- Daxili çempionatda belə hallar çox olur. Onlara daha çox diqqət yetiririk. 

- Azərbaycanda hakimliyin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Qiymət verə bilmərəm. Amma stabildir, pis deyil. Oyunlar, turnirlər keçirilir. AFFA hakimliyin inkişafı üçün əlindən gələni edir.

- Son zamanlarda əksər oyunlardan sonra baş məşqçilər hakimlərdən şikayət edir. Həqiqətənmi Azərbaycanda hakim səhvləri çoxdur?

- Həmişə belə olub, səhvlər var. Səhvsiz insan yoxdur. Təkcə Əliyar deyil, başqalarından da gözləyirik. Kim bacarıqlıdırsa, irəli getsin.

- Əliyarın davamçıları kimi hansısa hakimləri göstərə bilərsiniz?

- Savadlı uşaqlar var. Bundan sonra da yetişəcəklər. Həmişə belə olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi