Paralimpiya çempionu: "Komandamızın nəticəsindən qorxuya düşmüşdülər"
"İdman həyata bağlanma səbəbimdir. Gücüm yetdiyi qədər karyeramı davam etdirəcəyəm".
Bunu Azia.az-a Tokio 2020 Yay Paralimpiya Oyunlarının atletika (nüvəitələmə, F53 kateqoriyası) üzrə çempionu Elvin Astanov deyib.
Azərbaycana Paralimpiadanın səkkizinci qızıl medalını qazandıran 42 yaşlı idmançı karyerasının ən böyük uğuruna gedən yoldan danışıb. O, Oyunlar vaxtı üzərindəki təzyiqdən də söz açıb:
"Artıq onuncu ildir ki, idmandayam. Hamı kimi mənim də ən böyük arzum Paralimpiya çempionluğu olub. Bu yolda çox zəhmət çəkdik. Pandemiya vaxtı da dayanmadıq, özümüzə bir yer tapıb məşqlərimizi davam etdirdik. Gərgin əməyin nəticəsində 2021-ə uğurlu start verdim. İyunda Polşada keçirilən Avropa çempionatında qalib oldum. Amma nə yalan deyim, Paralimpiya Oyunlarının ab-havasını duymayan adam kimi üzərimdə bir qədər həyəcan hiss edirdim. Üstəlik, kənardan da bəzi ürək açmayan sözlər eşidirdim.
Məşqlərdə bəzən 9 metr atsam da, deyirdilər, bu, yaxşı nəticə qazanmağa kifayət etməyəcək. Əvvəlki Paralimpiya rekordçusu olan İran idmançısının hazırlıqlarda daha yaxşı nəticələr göstərməsi ilə bağlı fikirlər var idi. Bunlar istər-istəməz ruh düşkünlüyü yaradırdı. Ancaq məşqçimiz Vladimir Zayets sağ olsun, bu müddətdə mənə hərtərəfli çox dəstək oldu. Bizim idman növündə kənardan göründüyü kimi hər şeyi güc həll etmir, mütləq nəzərə alınmalı incə məqamlar var.
Paralimpiya Oyunları vaxtı üzərimizdə çox təzyiqlər var idi. Çox danışmaq istəmirəm, sadəcə deyim ki, bəzi nümayəndə heyətləri komandamızın nəticəsindən qorxuya düşmüşdülər. Sonda haqq yerini tapdı".
Paralimpiya rekordçusu bir müddət müalicə aldıqdan sonra hazırlıqlara başlayacağını və məqsədinin ən azı ikiqat Paralimpiya çempionluğu olduğunu bildirib:
"İdman mənim həyata bağlanma səbəbimdir. Gücüm yetdiyi qədər karyeramı davam etdirəcəyəm. Sadəcə, bir müddət səhhətimlə bağlı müalicə almağım lazımdır. Nəzərə çatdırım ki, mən həm də şəkərli diabetdən əziyyət çəkirəm.
İnşallah, müalicələr və bir qədər istirahət etdikdən sonra qaldığım yerdən davam edəcəyəm. Əsas məqsədim təbii ki, Parisdə də çempion olmaqdır".