Ağasəlim Mircavadov: “Əvvəlki futbolçular ”peraşki" ilə hazırlaşırdılar, amma yaxşı oynayırdılar"
“1994-cü ildən deyirəm ki, yığmada milli məşqçi olmalıdır”
Azərbaycan millisi Avro-2020 seçmə mərhələsinin payız sınağına çıxır. Yığmamız sentyabrın 6-da Uelsin qonağı olub, (müsahibə görüşdən öncə alınıb- E.S) 9-da isə Xorvatiyanı Bakıda qəbul edəcək.
AFFA Məşqçilər Komitəsinin üzvü, “Şöhrət” ordenli, veteran mütəxəssis Ağasəlim Mircavadovla söhbətimizdə Azərbaycan futbolunun bu günündən danışdıq.
Vaxtilə “Neftçi”, “Şəmkir”, “Qarabağ”, “Xəzər-Lənkəran” klubları ilə çempion olmuş, yığmanın baş məşqçisi çalışmış, A.Mircavadovun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
- Ağasəlim müəllim, qrupumuzdakı oyunlar haqda nə düşünürsüz?
- Biz hamımız istəyirik ki, yığmamız qalib gəlsin, yaxşı çıxış eləsin. Yəni Azərbaycanda bunun tərsini arzulayan çətin ki, olsun. Amma ötən illə müqayisədə yığmamız ürəkaçan deyil. Bunu özünüz də görürsünüz. Həm oyunçu, həm oyun baxımdan... Qrupdakı rəqiblərimiz bizdən üstündürlər. Qəbul eləmək lazımdır ki, Xorvatiya, Uels, Slovakiya, Macarıstan zəif yığmalar deyil. Xorvatiya dünya ikincisi olub, digərləri Avropada ortabab komandalar sayılırlar, oyunçuları İngiltərə, Almaniya, İtaliya klublarında çıxış edirlər. Amma o demək deyil ki, taleyimizlə razılaşıb oturmalıyıq. Hər yığma ilə oynamaq, mübarizə aparmaq olar. İndi mövsüm yeni başlayıb, bizim oyunçular klublarımızdan gəliblər, 3 tur oynayıblar. Əslində, formada olmalıdırlar. Çünki birinci tur ağır olur. Ancaq növbəti turlarda ayaqları açılır. Unutmayaq ki, 4 klubumuz avro kubokların seçmə mərhələlərində oynayıblar, yəni mövsümün ilk oyununa çıxmırlar. Ona görə də millinin seçmə görüşlərdə pis və ya yaxşı çıxış etməsinə klublardakı hazırlıq təsir edəcək. Əvvəllər baş məşqçilər milli ilə 12-14 gün təlim məşq toplantısı keçirirdi, indiki baş məşqçi (Nikola Yurçeviç - E.S.) 5-6 gün məşq keçir. Bu da başadüşüləndir, klubların oyunları olub. Mən oyunu üstün tuturam, xalı yox. Biz nəticə haqda deyil, yaxşı oyunu fikirləşməliyik. Çünki yaxşı oyun olanda, xal da özü gəlir. İndi 2:1, yoxsa 5:0 uduzmağın fərqi yoxdur, nəticədə məğlubiyyətdir. Yığmanın oyunu olmalıdır ki, nəticəsi qələbə olsun. Mən sizə deyim ki, Robert Prosineçki (millinin keçmiş xorvat baş məşqçisi - E.S.) yaxşı idi, mənə elə gəlir ki, onda yığmamızla işləmək alınırdı. Ümumiyyətlə, problemlərimiz var. Bu problemlər özünü yığmada da göstərir. Bizə yaxşı mərkəz müdafiəçi, orta xətt oyunçusu və hücumçu lazımdır.
-Sizcə, bu oyunçu kasadlığı çempionatda 8 klubun olmasından irəli gəlmir?
- Oyunçular klublarda yetişir. Razıyam ki, 8 klub azdır. Əvvəl çox idi. Bu da var, digər problemlər də... Hamısı üst-üstə yığılır. Bizə keyfiyyətli oyunçu lazımdır. Milliyə xarici gələndə də baxırsan ki, maliyyəyə görə gəlirlər. Amma milli vətənimizin komandasıdır, Azərbaycan deməkdir, biz qələbə arzu eləməliyik.
- Millinin bu oyunu ilə qrupda yenə axırdan birinci olacağımızı gözləyirsiniz?
- Qrup sonuncusu olmamaq üçün sadə məntiq var - oyunu udmalısan. Qrupda bir oyun heç olmasa qazanmalıyıq. İndi işimiz ağırdır. Bilirsiniz ki, ayın 9-da Xorvatiya Bakıya gəlir, dünya kubokunun finalçısıdır. Sadəcə, öz oyunumuzu tətbiq etməliyik.
Biz Xorvatiyanın adına baxsaq, onda qorxaq olarıq, ürək lazımdır, meydanda ürəyi qoymaq lazımdır. Odur ki, uşaqlara inanaq, ümid edək ki, milli qrup oyunlarında qalib gələcək.
- Ağasəlim müəllim, əsas fikir budur ki, millinin baş məşqçisi milli adam olmalıdır...
- Mən bu sözü 1994-cü ildən deyirəm ki, yığmada milli məşqçilər olmalıdırlar. Ancaq nədənsə üstünlük xaricilərə verdilər. Deyim ki, Prosineçkinin işi xoşuma gəlirdi. Onun psixoloji vəziyyəti başqaydı. Mən onun məşqlərində olmuşam, baxmışam, oyunçunu yaxşı kökləyir. Zəif oyunçu onun psixoloji hərəkətindən sonra özünü fərqli hiss edir. Amma ümumilikdə yerli məşqçilər olmalıdır. Bizdə orta yaşlı məşqçilər yoxdur, bizi də qırağa qoyublar, cavan məşqçilər isə klublarda öz sözünü deyə bilmirlər.
- Sizə elə gəlmir ki, Yurçeviç bu mövsümü yola vermək üçün gətirilib?
- Mənim indi belə danışmağım düz çıxmaz. Hər bir məşqçiyə hörmətim var, Yurçeviçlə bağlı maraqlanmıram. Yola vermək azərbaycanlısayağı deyilir. Amma belə olmamalıdır da, yola verilməməlidir... (gülür - E.S.) Biz qrupda 2 və ya 3-cü olmaq istəyiriksə, daxili gücləndirməliyik, klubların sayı artmalıdır, komandalar məşqçilərin savadının artırılması üçün iş görməlidir.
Düzdür, AFFA çox böyük işlər həyata keçirir, məşqçiləri oxudur, lisenziya verir. Bütün bunlar çox əhəmiyyətlidir. Amma yaşlı məşqçilərdən istifadə edilməlidir. Çünki onların təcrübəsi başqadır. İndi bizi xoşları gələr çağırarlar, gəlməz çağırmazlar...
- Futbol izləyənlərin çoxu deyir ki, Qurban Qurbanovdan sonra milliyə kim gətirilsə, heç bir nəticəsi olmayacaq. Siz bu fikri bölüşürsünüz?
- Qurban Qurbanov “Qarabağ”da çox işlər görür. Son illərdə əldə etdiyi nəticələr də göz qabağındadır. Stabil komandadır, uşaqlar təcrübə toplayıblar. Amma Qurbanın işi yığmada nədənsə alınmadı. Belə uğursuzluq hər məşqçidə olur.
Amma o fikri deyənlər də, biz də gərək bədbinliyə qapılmayaq. Fikirləşməyək ki, bundan sonra yığmada heç nə düzəlməyəcək.
Bu gün qarşıdan duran əsas məsələ işgüzarlıq, daha çox çalışmaq, çatışmazlıqları aradan qaldırmaq olmalıdır. Yenə deyirəm ki, əsas iş klubların üzərindədir və çempionatda komandaların sayı artırılmalıdır, rəqabət çoxalmalıdır.
- Vaxtilə Zaur Tağızadə, Vidadi Rzayev, Mahmud Qurbanov, Vadim Vasilyev və daha kimlər varıydı. Sizcə, millinin 20 il qabaqkı heyəti daha yaxşıdır, yoxsa bu günkü?
- Əvvəlkilər yaxşı oynayırdılar. Onlar “peraşki” ilə oyunlara hazırlaşırdılar. Vaqif Sadıqov və Əsgər Abdullayev birinci yığmada işləyirdilər, orada Samir Əliyev, Emin Quliyev, Zaur Tağızadə və başqa yaxşı uşaqlar var idi. Sonra rəhmətlik Əhməd Ələsgərov yığmanın başına gəldi, o uşaqlardan 6-7 oyunçunu yığmaya cəlb elədi. Bu gün əsas problem odur ki, yığmanın 16 və 17 yaşlılarının əvəzedici heyəti olmalıdır. Bu gün yığmada olan uşaqlar da çalışırlar, çox iş görürlər. Ancaq onlar üstün, fədakar, bilikli idilər. Onlar futbolla yaşayırdılar. Biz AFFA-nın Məşqçilər Komitəsi olaraq klublara gedirik, görürük ki, işləyirlər. Onlara daha çox öyrətmək lazımdır. Futbolçu klubda öyrənir, sən yığmada ona nə öyrədəcəksən? Yığma gec-gec toplanır, klublarda isə hər gün məşq toplanışları olur. Məsələn, “Qəbələ”nin akademiyası var. Çox yüksək səviyyədə iş qurulub. Ona görə klublar keyfiyyətli oyunçu yetişdirməlidirlər. Mənim yadımdadır, sovet vaxtı seminarlar təşkil edilirdi. Bu seminarlar ildə 4-5 dəfə keçirilirdi, biz orada çoxlu biliklər öyrənirdik. Sonra 1980-cı ildə akademiyada oxudum. Yəni, deyilməli problemlər çoxdur, amma işləmək lazımdır.
- Son sualım, “Qarabağ”ın Avroliqanın qrupunda şanslarını necə qiymətləndirirsiniz?
- “Qarabağ”ın Avropa təcrübəsi var. Onların öz oyun üslubu formalaşıb. Mən “Sevilya”nı çıxmaq şərti ilə “Qarabağ”ın digərlərindən üstün olduğunu düşünürəm.
Emil SALAMOĞLU,