azia.az
azia.az

Şəhərin mərkəzində hündürmərtəbəli binaların tikilməsinə məhdudiyyət qoyulsun — Deputat

Bu gün, 17:16

Bakıda nəqliyyat sıxlığının azaldılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi müzakirə olunur. Bu çərçivədə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər təşkilatlarda dəyişkən iş qrafikinin tətbiqi nəzərdə tutulur. İş və dərs saatlarının fərqli vaxtlarda başlaması pik saatlarda yollardakı nəqliyyat yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Eyni zamanda, bəzi sahələrdə məsafədən və ya hibrid iş modelinin genişləndirilməsi də gündəmə gələn təkliflər sırasındadır. 

Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, ofis rejimi onsuz da Bakıda tətbiq olunur:

“İstehsalat və xidmət sahələrində iş günü əsasən saat 09:00-da, dövlət idarələrində isə fərqli vaxtlarda başlayır. Universitetlərdə dərslər isə saat 08:30-dan etibarən keçirilir. Göründüyü kimi, insan axınının müəyyən qədər bölüşdürülməsi mövcuddur. Lakin bu, sıxlığın aradan qaldırılması üçün kifayət etmir. Bu problemin həlli üçün bir neçə ciddi addım atılmalıdır. İlk növbədə, şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə hündürmərtəbəli yaşayış binalarının tikintisinə məhdudiyyət qoyulmalıdır. Çünki hər yeni çoxmərtəbəli bina həmin ərazidə əlavə avtomobil axını və tıxac riskinin artması deməkdir. Digər vacib addımlardan biri region universitetlərində tələbə sayının artırılması, paytaxtdakı ali təhsil müəssisələrində isə bu göstəricinin müəyyən qədər azaldılmasıdır. Bu, təhsil məqsədilə yaranan axının bir hissəsinin regionlara yönəlməsinə imkan verə bilər”.

O qeyd edib ki, şəhərin mərkəzində çoxmərtəbəli avtomobil dayanacaqlarının tikintisi təşviq olunmalıdır:

“Belə dayanacaqlardan vergi tutulmaması və avtomobil saxlama tariflərinin münasib səviyyədə müəyyənləşdirilməsi insanları nəqliyyat vasitələrini gün ərzində həmin məkanlarda saxlamağa həvəsləndirə bilər ki, bu da sıxlığın azalmasına müsbət təsir göstərər. Bundan əlavə də səmərəli həll yolları mövcuddur və dövlət bu istiqamətdə artıq müəyyən addımlar atır. Buraya yol infrastrukturunun genişləndirilməsi, müəssisələrin şəhər kənarlarına və regionlara köçürülməsi, eləcə də region universitetlərinin gücləndirilməsi daxildir. Bir sözlə, nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində dövlət tərəfindən ciddi tədbirlər həyata keçirilir”.

Leyla


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi