Pul çoxalır, iqtisadi artım isə zəifləyir – Azərbaycanda paradoksal mənzərə: ekspertlər xəbərdarlıq edir
İqtisadiyyatda pul kütləsinin həcmi ilə real artım arasındakı mütənasiblik dayanıqlı inkişafın əsas göstəricilərindən biri hesab olunur. Müasir makroiqtisadi yanaşmalara görə, dövriyyədə olan vəsaitlərin artması rəqabətqabiliyyətli mühitdə istehsalın genişlənməsinə, investisiyaların canlanmasına, yeni iş yerlərinin açılmasına və son nəticədə Ümumdaxili Məhsulun (ÜDM) yüksəlməsinə təkan verməlidir. Lakin bəzən pul kütləsinin artımı real sektorda eyni templi sıçrayışla müşayiət olunmur; maliyyə resurslarının çoxalmasına baxmayaraq, iqtisadi artım tempi zəifləyir və ya yerində sayır. Bu fenomen adətən pulun real istehsala, ixraca yönəlmək əvəzinə alternativ kanallarda, yaxud yalnız daxili istehlakda cəmləşməsi, eləcə də iqtisadiyyatın aparıcı sahələrindəki struktur kiçilmələri ilə bağlı olur.
Azərbaycanda da son dövrlər dövriyyədəki vəsaitlərin çoxalması fonunda ÜDM-in artım dinamikası, maliyyə resurslarının real sektora, istehsala və yeni iş yerlərinin yaradılmasına təsir mexanizmləri iqtisadi gündəmin əsas müzakirə mövzularından biridir.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Oxu24.com-a açıqlamasında qeyd edir ki, mövcud şəraitdə pul kütləsinin artmasına birbaşa mənfi tendensiya kimi yanaşmaq düzgün olmazdı. Hazırda bu artım Azərbaycan iqtisadiyyatının kiçilməsi və daralması risklərini əhəmiyyətli səviyyədə neytrallaşdıran bir faktor kimi çıxış edir.

İndiki şərtlər daxilində fiskal (büdcə) siyasətin nisbətən daraldıcı yönümlü olduğunu vurğulayan ekspert, monetar siyasət nəticəsində ortaya çıxan pul kütləsi artımının iqtisadiyyata iki kanal vasitəsilə ötürüldüyünü bildirir:
-İnvestisiya yönümlü kanal
-İstehlak yönümlü kanal
İstehlak yönümlü təsirlərin açıq şəkildə göz qabağında olduğunu deyən iqtisadçı rəsmi rəqəmlərə də diqqət çəkib
“Baxmayaraq ki, iqtisadiyyat durğunluq mərhələsinə daxil olub, biz real ifadədə istehlakın 3.6% artmasını görürük. Bu məhz ekspansiv yanaşmanın hansısa formada təsirləridir. Əgər bu olmasaydı, Azərbaycan iqtisadiyyatı daha ciddi kiçilmə və geriləmə rəqəmləri ilə üzləşə bilərdi”.
Pul kütləsinin genişlənməsinə baxmayaraq, onun real sektora, istehsala və ixraca təsirinin zəif qalmasının, eləcə də ÜDM artımının istənilən səviyyədə olmamasının arxasında daha qlobal struktur kiçilmələri dayanır. Rəşad Həsənov iqtisadiyyatdakı geriləmənin menbəyi kimi iki əsas aparıcı sahəni xüsusi vurğulayır:
“Azərbaycan iqtisadiyyatının 30%-dən artıq hissəsini təşkil edən neft sektoru kiçilir. Bu proqnozlaşdırılan bir hal olsa da, son 5 ayın nəticələrinə görə bu sektorda 1% ətrafında azalma qeydə alınıb.
Qeyri-neft sektorunun sütunlarından sayılan tikinti sahəsində ciddi rəqəmlərlə geriləmə var. Belə ki, 4 aylıq müqayisədə tikinti sektorunda 19%-lik bir kiçilmə müşahidə olunur”.
Ekspert qeyd edir ki, pul kütləsinin genişləndirilməsi kimi texniki həllər və müdaxilələr vasitəsilə tikinti sektoru kimi nəhəng bir sahənin 19%-lik geriləməsinin fəsadlarını aradan qaldırmaq o qədər də asan məsələ deyil.
Rəşad Həsənovun təhlillərinə görə, indiki şərtlər daxilində qısamüddətli müdaxilələr vasitəsilə 2026-cı ilin ümumi yekun nəticələrinə hansısa formada ciddi təsir göstərmək real deyil. Əgər bu istiqamətdə müəyyən siyasət qərarları veriləcəksə, qısamüddətli dövrdə daha çox istehlak məzmunlu tələbin bu yöndə dəstəklənməsi ilə qısamüddətli artımların təmin olunmasına üstünlük verilməlidir.
Lakin bu alətdən də sonsuzadək istifadə etmək risklidir. Çünki hazırkı konyunkturada inflasiya meyllərinin güclü olduğu bir şəraitdə, pul kütləsinin genişləndirilməsi ilə bağlı davamlı siyasətlərin ortaya qoyulması gələcək dövrlər üçün mümkün görünmür. Məhz bu səbəbdən də sözügedən iqtisadi alətin effektiv istifadə imkanları olduqca məhduddur.
Çimnaz Telmanqızı