“Qapını sındırıb, 4 uşağı xilas etdim” - Yanğın baş verən yataqxanadan REPORTAJ
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında “Azərsu-tikinti” xəstəxanasının məcburi köçkünlər məskunlaşan yataqxanasında yanğın baş verib. Yanğın ərəfəsində bir nəfər özünü üçüncü mərtəbədən atıb. O, dərhal 3 saylı şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə baş nazirin müavini Əli Əhmədov, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Nizami rayon icra başçısı Arif Qasımov gəliblər və məcburi köçkünlərlə görüşdülər. Onlar məcburi köşkünlərlə bilikdə yataqxananı gəzib, hər bir otağın vəziyyəti ilə tanış oldular.
Məcburi köçkünlər tələb ediblər ki, onlar məcburi köçkünlər üçün tikilən binalara köçürülsünlər. Lakin qərar verilib ki, 23 ailə kirayə mənzillərə çıxarılsın. Onlara məcburi köçkünlərin binasından nə zaman ev veriləcəyi isə hələlik məlum deyil. R.Rzayev bildirib ki, məcburi köçkünlər üçün evlər tikilir və hər bir ailə mərhələli şəkildə mənzillə təmin olunacaq.
Musavat.com-un reportyor qrupu hadisənin baş verdiyi ərazidə olub və məcburi köçkünlərlə söhbət edib, onların yanğınla bağlı fikirlərini alıb. Məcburi köçkünlər bildiriblər ki, rəsmilər onlara böhtan ataraq deyirlər ki, bina qəsdən yandırılıb.
Hadisə zamanı 2 uşağını yanğından çətinliklə çıxardığını deyən Mənsumə Kərimova bildirib ki, aprelin 9-da da eyni yerdə yanğın baş vermişdi: “Gəlib baxdılar, dedilər ki, yanğını qəsdən törətmisiniz. Bu gün yenidən eyni yer yandı. İki uşağım yanğın nəticəsində az qaldı ki, dünyasını dəyişsin. Biz dəliyik ki, uşağımızı evdə qoyub, binanı yandıraq? Gözümün qabağında iki uşağım tüstüdən boğulub, ölürdü. Kim bilir ki, mən uşağımı necə böyüdürəm? Qazancımı verirəm, uşağın reseptinə... Burada bizim uşaqlar bütün günü xəstəxanadan atılan iynələrlə oynayırlar. Onlar vərəm olub, öləndən sonra bizi köçürəcəklər?”
Digər sakinlər də söyləyiblər ki, binanın arxası morqdur və gecələr morqa meyit gətirilən zaman şəhərə qədər yata bilmirlər: “Ölənin yiyələri səhərə qədər ağlayırlar. Uşaqlarımız qorxudan xəstəliyə düşüblər. Heç kim bizim vəziyyətimizdə deyil. Burada zirzəmidə yaşayan ailələri köçürdülər. Bəli, onlar da pis vəziyyətdə idilər. Ancaq biz də yaxşı gündə deyilik. Hava qızanda bura istidən girmək olmur. Bu boyda binanın cəmi 1 çıxışı var. Dar koridorla iki nəfər yanaşı gedə bilmir. Biz ağılsızıq ki, yandıraq, sonra da içəridə boğulaq ölək?”
Onu da qeyd edək ki, binanın yanmayan hissələri də suyun içərisindədir. Yanğın söndürülən zaman vurulan su, hazırda binanın aşağı mərtəbələrinə dolub.
Yanğın zamanı içəridə qalan uşaqları xəstəxananın həkimi xilas edib. Həkim musavat.com-a bildirib ki, qapıları sındıraraq, içəri daxil olub: “Əskini isladıb, ağzıma bağladım. Baxdım ki, qapı bağlıdır. Qapını qırıb, içəri daxil oldum. Gördüm ki, içəridə iki uşaq yatıb. Onları götürdükdən sonra gördüm ki, digər otaqlarda iki nəfər uşaq da var. Onları da götürüb, cəld çölə çıxdım. Binanın naqilləri çox yüklənirdi. Ona görə də tez-tez qısa qapanmalar, gərginliyin artıb-azalması baş verirdi. Yanğın da görünür, buna görə baş verib”. Hadisə yerindəki vəziyyəti aşağıdakı videodan izləyə bilərsiniz...