“Parlamentin Müdafiə komitəsi sualtı qayığı harada görüb?” – Polkovnik
Milli Məclisin plenar iclasında hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanması və tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər müzakirə olunub. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, təklif olunan dəyişikliklər hərbi qulluqçuların əlavə təhsilinin və elmi fəaliyyətinin nəzərə alınmasını, eləcə də müxtəlif xidmət sahələrində rütbədə olma müddətinin yenidən müəyyənləşdirilməsini nəzərdə tutur. Layihəyə əsasən, bəzi hərbi qulluqçuların rütbədə olma müddətinin bir il uzadılması, beşillik təhsil proqramı üzrə xüsusi təyinatlı təhsil müəssisələrini bitirənlər, həmçinin aviasiya, uçuş heyəti və sualtı qayıqlarda xidmət edənlər üçün fərqli müddətlərin müəyyənləşdirilməsi təklif olunur.
Maraqlıdır, bu dəyişikliklər hərbi qulluqçuların xidməti fəaliyyətinə və karyera yüksəlişinə hansı təsirləri göstərəcək? Hərbi rütbədə olma müddətinin təhsil səviyyəsi və xidmət sahəsinə uyğun fərqli qaydada müəyyənləşdirilməsi nə dərəcədə əsaslıdır və bu yanaşma orduda peşəkar kadr potensialının gücləndirilməsinə necə töhfə verə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, hərbi qulluqçuların elmə və təhsilə maraq göstərməsinin tərəfdarıdır:
"Bir vaxtlar xidmətdə olduğum dövrdə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak etmişəm. Zabitlərin, ayrı-ayrı ölkələrin nümayəndələrinin elmə, təhsilə və hərbi elmlərə marağını görəndə ən böyük arzularımdan biri də Azərbaycan hərbçilərinin həmin imkanlardan yararlanması olub. Məsələn, Ankarada NATO kurslarında təhsil alanda orada müxtəlif ölkələrdən, o cümlədən postsovet ölkələrindən — Qazaxıstan, Qırğızıstan, Gürcüstan və digər ölkələrdən nümayəndələr var idi. Əlbəttə ki, orada təkcə Müdafiə Nazirliyinin deyil, Daxili İşlər Nazirliyinin və Nazirlər Kabinetinin də nümayəndələri iştirak edirdi. Müxtəlif ölkələrdən elmə və əlavə təhsilə marağı olan şəxslərin həmin seminarlara qatıldığını görürdük".
Polkovnikin sözlərinə görə, hərbi qulluqçuların rütbədə olma müddətinin bir il uzadılması heç də yaxşı hal deyil:
"Tutaq ki, mən kapitanam və bu rütbədə olma müddətimi bir növ uzadırlar. Əslində isə mən təhsil alıram ki, Vətənə, dövlətə xidmət edim. Belə çıxır ki, mən təhsil almasaydım, hərbi rütbədə olma müddətim də uzadılmazdı. Hərbçi üçün ilk növbədə prioritet məsələ hərbi rütbədə irəliləməkdir: leytenant, baş leytenant, kapitan, mayor, polkovnik-leytenant, polkovnik və daha sonra general rütbəsi. Ona görə də bu məsələlər nəzərə alınmalıdır. Elmi fəaliyyətlə məşğul olan hərbçilərə digər hərbçilərlə bərabər yanaşılmalı, eyni zamanda, onları həvəsləndirmək üçün müəyyən güzəştlər tətbiq edilməlidir. Belə olduğu halda isə faktiki olaraq kimsə düşünmədən hərbi qulluqçunun rütbədə olma müddətini bir il uzadır".
Müsahibimiz beşillik təhsil proqramı üzrə xüsusi təyinatlı təhsil müəssisələrindən də danışdı:
"Mən Azərbaycanda beşillik hərbi təhsil müəssisəsi tanımıram. Bizdə dörd ildən artıq təhsil müddəti yoxdur. Kolleclərdə təhsil iki il, Naxçıvanski adına hərbi liseydə isə üç ildir. Bunlar ali təhsil müəssisələri deyil. Xüsusi təyinatlı təhsil müəssisələri olsalar da, beşillik təhsil proqramı haqqında şəxsən eşitməmişəm. Bu, yalnız tibb sahəsinə aid ola bilər. Ona görə də həmin proqramı bitirənlər, aviasiyanın uçuş heyəti və sualtı qayıqlarda xidmət edənlər üçün fərdi müddətlərin müəyyənləşdirilməsi təklif olunur. Vallah, mən bu yaşa gəlmişəm, ehtiyatda olan polkovnikəm, Azərbaycan Silahlı Qüvvələrində sualtı qayığın olmasını ilk dəfədir eşidirəm. Bəs Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi bu sualtı qayığı harada görüb? Ümumiyyətlə, sualtı qayıqlarla bağlı müddəanın SSRİ-dən qalma, rus dilindən tərcümə edilmiş bir variant kimi Azərbaycanda tətbiq olunmasının mənası nədir? Azərbaycanda sualtı qayıq var? Xəzər dənizində sualtı qayıq var? Yaxud Azərbaycan hərbçiləri sabah Türkiyəyə ezam olunsalar və Türkiyə Hərbi Dəniz Qüvvələrində xidmət keçsələr, aydın məsələdir ki, orada müəyyən tapşırıqları icra edəcəklər. Amma yenə də sualtı qayıqlarda xidmət edənlər üçün fərdi müddətlərin müəyyənləşdirilməsi təklif olunur. Bir daha deyirəm, bəzən Milli Məclisdən elə təkliflər irəli sürülür ki, adam mat-məəttəl qalır".
Ekspert hesab edir ki, aviasiyanın uçuş heyəti ilə bağlı müddəa aydındır, amma sualtı qayıqlarda xidmət edənlərlə bağlı məsələ onun üçün anlaşılmazdır:
"Düzünü desəm, özüm də çaşqın vəziyyətdə qalıram: Xəzər dənizində sualtı qayıq haradadır? Rus dilindən götürülərək tərcümə olunmuş mətnləri Milli Məclisin plenar iclasına çıxarıb müzakirə edirlər. Əgər belə bir sualtı qayıq varsa, izah etsinlər ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrində sualtı qayıqlar mövcuddur, biz də bilək. Burada sirli bir şey yoxdur. Mənim bildiyimə görə, İranın da Xəzərdə sualtı qayıqları yoxdur. Rusiyanın da, Qazaxıstanın da, Türkmənistanın da Xəzərdə sualtı qayıqları yoxdur. Azərbaycanda sualtı qayıq haradan meydana çıxıb? Düzünü desəm, bu suala cavab verməkdə çətinlik çəkirəm. Ümumilikdə, hərbi qanunvericiliyə dəyişikliklərin edilməsinin hər zaman tərəfdarı olmuşam. Mütərəqqi dəyişikliklər edilməli, hərbçilər əlavə təhsil almağa həvəsləndirilməlidirlər. Nə qədər savadlı, bilikli və elmi hazırlıqlı hərbçilərimiz olarsa, ordumuz da bir o qədər güclü olar".
Xədicə BAXIŞLI