Hərbi xidmətlə bağlı qaydalar dəyişdi - QƏRAR
Azərbaycanda hərbi xidmətlə bağlı bir sıra qaydalara dəyişiklik edilib. Düzəlişlər sürücülük vəsiqəsinin verilməsi, notariat əməliyyatları, aliment hesablanması, özəlləşdirmə çekləri, hərbi nəqliyyat vasitələrinin uçotu və hərbi qulluqçuların ərzaq təminatı ilə bağlı normativ sənədləri əhatə edir.
Xəbər verilir ki, bu barədə Nazirlər Kabinetinin 23 oktyabr 2026-cı il tarixli qərarında qeyd olunub.
Qərar 2026-cı il martın 3-də qəbul edilmiş 376-VIIQD nömrəli Qanunun və Prezidentin aprelin 15-də imzaladığı 646 nömrəli Fərmanın icrası ilə əlaqədar qəbul edilib.
Dəyişikliklərdən biri əvvəlki normativ sənədlərdə işlədilən “hərbi komissarlıq” ifadəsinin yenilənməsi ilə bağlıdır. Belə ki, sürücülük vəsiqəsinin verilməsi qaydalarında və hərbi nəqliyyat vasitələrinin uçotu ilə bağlı sənəddə bu ifadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə istinadla əvəz edilir.
Müddətli həqiqi hərbi xidmətlə bağlı müddəalar dəqiqləşdirilir
Qərarda bir neçə normativ sənədə “müddətli həqiqi hərbi xidmət” ifadəsinin əlavə olunması nəzərdə tutulur. Düzəlişlər sürücülük vəsiqəsinin alınması, notariat hərəkətlərinin aparılması, uşaqlar üçün aliment tutulan gəlirlərin növləri və dövlət özəlləşdirmə paylarının verilməsi qaydalarına aiddir.
Bundan başqa, Silahlı Qüvvələrin və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin, eləcə də Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı normalarına dair sənədə də müvafiq əlavə edilir.
Qərarın digər müddəası hərbi nəqliyyat vasitələrinin uçotunu aparan qurumların adının yenilənməsini nəzərdə tutur.
Beləliklə, Nazirlər Kabinetinin qərarı hərbi xidmətə dair qanunvericilik dəyişikliklərinin müxtəlif sahələrdə tətbiq olunan qaydalarda əks etdirilməsinə yönəlib.
Qeyd edək ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
T. İSMAYIL