Köməkçi müəllimlər cəlb edilsin - Ekspertdən məktəblərlə bağlı TƏKLİF
Milli Məclisin plenar iclasında məktəblərdə şagird sıxlığı problemi gündəmə gətirilib. Deputat Fazil Mustafa 192 saylı məktəbi nümunə göstərərək bildirib ki, 855 şagird üçün nəzərdə tutulan təhsil müəssisəsində hazırda 2551 şagird təhsil alır. Onun sözlərinə görə, siniflərdə şagird sayının çox olması müəllimin hər uşağa ayıra bildiyi vaxtı azaldır, eyni zamanda tədris şəraitinə, şagirdlərin təhlükəsizliyinə və fiziki tərbiyə dərslərinin təşkilinə mənfi təsir göstərir. Deputat şagird sıxlığı yaşanan məktəblərin müəyyənləşdirilməsini, əlavə korpusların tikilməsi imkanlarının araşdırılmasını və problemin həlli üçün konkret tədbirlərin görülməsini təklif edib.
Maraqlıdır, məktəblərdə şagird sıxlığı təhsilin keyfiyyətinə və şagirdlərin mənimsəmə səviyyəsinə nə dərəcədə təsir göstərir? Mövcud vəziyyətdə bu problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, millət vəkili çox gözəl bir məsələyə toxunub:
"Əlbəttə ki, orta ümumtəhsil məktəblərində, xüsusilə də Bakı şəhərində və digər böyük şəhərlərdə yerləşən məktəblərdə şagird sıxlığı müəyyən qədər normallaşdırılmalıdır. Şagird sıxlığı çox olduğu təqdirdə bu, həm təlim-tədris prosesinə mənfi təsir göstərir, həm də müəllimlərin şagirdlərlə fərdi məşğul olmasına çətinlik yaradır. Düşünün, bir sinifdə 35 şagird varsa, müəllim onların hər biri ilə fərdi məşğul olmaqda müəyyən çətinlik çəkəcək. Çünki bütün şagirdlərdən mövzunu soruşmağa, yeni mövzunun möhkəmləndirilməsi istiqamətində sual-cavab aparmağa və tapşırıqları yoxlamağa vaxt çatdıra bilməyəcək. Amma sinifdə 20 şagird olduğu təqdirdə müəllim onlarla daha rahat şəkildə məşğul ola biləcək".
Ekspert əlavə etdi ki, şagird sıxlığı məsələsi beynəlxalq təcrübədə də diqqətə alınır:
"Əlbəttə, bəzi ölkələrdə, məsələn, Sinqapurda və Çində şagird sayı çox olan siniflər mövcuddur. Amma beynəlxalq standartlara nəzər saldıqda görürük ki, əsasən 18-24 şagirdlik siniflər daha ideal hesab olunur. Bu sayda şagirdin olduğu siniflərdə müəllimin dərsi daha rahat keçməsi üçün əlverişli şərait yaranır. Beynəlxalq təcrübədə 18-24 şagirdlik siniflər daha çox tövsiyə olunur. 26-32 şagirdlik siniflər orta səviyyədə, 32-dən çox şagirdin olduğu siniflər isə həddindən artıq sıx siniflər kimi qiymətləndirilir və arzuolunan hesab edilmir. Məsələn, Azərbaycanda bəzi orta ümumtəhsil məktəblərinin siniflərində 35, 36, hətta 40-a qədər şagird var. Bu, əlbəttə ki, arzulanan göstərici deyil. Böyük şəhərlərdə əhali sıxlığının çox olmasını müəyyən qədər başa düşmək mümkündür. Çünki əhalinin çoxluğu istər-istəməz məktəblərdə də şagird sıxlığının artmasına gətirib çıxarır".
Onun sözlərinə görə, bu vəziyyət müəyyən mənada tənzimlənməlidir:
"Bəlkə də həmin şagirdləri yaxınlıqdakı digər orta ümumtəhsil məktəblərinə yönləndirmək olar. Yaxud da şagird sıxlığının çox olduğu məktəblərdə əlavə korpusların açılması təmin edilə bilər. Düşünürəm ki, bu məsələ tənzimlənməlidir. Çünki şagird sayının çoxluğu tədris prosesinə mənfi təsir göstərən amillərdən biri kimi qiymətləndirilir. Hesab edirəm ki, bu istiqamətdə Elm və Təhsil Nazirliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müvafiq tədbirlər görməlidir. Şagird sayının çoxluğu həmin məktəblərdə təlim-tədris prosesinə mənfi təsir göstərə və şagirdlərin bilik səviyyəsinin müəyyən qədər aşağı düşməsinə səbəb ola bilər.
Beynəlxalq təcrübəni araşdırarkən Sinqapur və Çin kimi ölkələrdə şagird sayının çox olduğunu görürük. Məsələn, Sinqapur təcrübəsi xüsusilə maraqlıdır. Orada şagird sayı çox olsa da, təhsilin səmərəliliyi yüksəkdir. Bəs bunun üçün hansı üsullardan istifadə olunur? Tədris prosesi ilə yanaşı, köməkçi müəllimlər də cəlb edilir. Müəllim dərsi izah edir, lakin tapşırıqların yoxlanılması zamanı təkbaşına bütün işləri çatdırmaqda çətinlik çəkə bilər. Köməkçi müəllimlər isə bu istiqamətdə ona dəstək göstərirlər".
Müsahibimiz hesab edir ki, Azərbaycanda da bu alternativ üsuldan istifadə etmək olar:
"Məsələn, müvafiq ixtisaslar üzrə gənc kadrları cəlb etmək mümkündür. Şagird sıxlığının olduğu məktəblərdə, xüsusilə də inzibati bina imkanları məhdud olduqda, onlar müvəqqəti olaraq tədris prosesinə dəstək verə, şagirdlərin təlim-tərbiyə prosesində daha fəal iştirakına kömək edə bilərlər. Amma ən arzuolunan variant, əlbəttə ki, şagird sıxlığının azaldılması üçün zəruri inzibati binaların tikilməsi və əlavə sinif otaqlarının yaradılmasıdır. Bu, problemin həlli üçün ən məqsədəuyğun yoldur. Lakin belə imkanlar məhdud olduğu təqdirdə şagird sayı çox olan məktəblərdə köməkçi müəllimlərin tədris prosesinə cəlb edilməsi fənn müəllimlərinin işini müəyyən qədər asanlaşdıra bilər. Düşünürəm ki, artıq bəzi orta ümumtəhsil məktəblərində köməkçi müəllimlərin tədris prosesinə cəlb olunmasının zamanıdır".
Xədicə BAXIŞLI