Etdiyi yaxşılığı ömür boyu başa qaxan 4 bürc
Bəzi insanlar illər əvvəl etdikləri kiçik bir yaxşılığı belə unutmur, fürsət düşən kimi həmin hadisəni yenidən xatırladırlar. İstər çətin gündə göstərilən kömək, istər verilən borc, istərsə də edilən kiçik bir yaxşılıq olsun, onların yaddaşında heç nə itib-batmır. Astrologiyaya görə, Xərçəng, Şir, Əkizlər və Buğa bürcləri bu xüsusiyyətləri ilə seçilir.
Xərçəng – Yaxşılığını sevgisinin göstəricisi sayır
Xərçəng bürcü yaxınları çətinlik çəkəndə onların köməyinə çatmağı bacarır. Xəstəlik zamanı qayğı göstərir, dərdini bölüşmək istəyən insanı saatlarla dinləyir. Ancaq zaman keçdikdən sonra kiçik bir mübahisə zamanı keçmişdə etdiyi yaxşılıqları xatırlada bilər.
"O vaxt xəstə idin, sənə şorba gətirən mən olmuşdum", – deyərək göstərdiyi qayğını yada sala bilər. Astrologiya şərhlərinə görə, Xərçəng bunu bəzən minnət qoymaqdan çox, çəkdiyi zəhmətin və sevgisinin qarşı tərəf tərəfindən qiymətləndirilməsini istədiyi üçün edir.
Şir – Etdiyi yaxşılığın qarşılığında təşəkkür gözləyir
Şir bürcü üçün yaxşılıq etmək qədər, həmin yaxşılığın diqqətdən kənarda qalmaması da vacibdir. Çətin gündə köməyə ilk gələn, ad günündə xüsusi hədiyyə hazırlayan və dostları üçün əlindən gələni edən Şir sonradan bu hadisələri tez-tez xatırlada bilər.
"O gecə sənə kim kömək etmişdi?" kimi ifadələr onun diqqət və təşəkkür gözləntisini göstərə bilər. Astroloji yanaşmaya əsasən, Şir öz əməyinin qiymətləndirildiyini hiss etdikdə daha səxavətli və qayğıkeş davranır.
Əkizlər – Yaxşılığını hamıya danışır
Əkizlər bürcü etdiyi yaxşılığı yalnız həmin insana xatırlatmaqla kifayətlənməyə bilər. Bəzən hadisəni ortaq dostlarına da danışaraq onu maraqlı və ya gülməli əhvalata çevirir.
Onun üçün keçmişdə baş verənlər danışmağa dəyər hekayələrdir. Buna görə də etdiyi kömək zamanla dost məclislərində təkrar-təkrar gündəmə gələ bilər. Lakin bu davranış hər zaman özünü öymək məqsədi daşımır; bəzən sadəcə, söhbət etməyi və xatirələrini bölüşməyi sevməsi ilə əlaqələndirilir.
Buğa – Yaxşılıqları yaddaşında saxlayır
Buğa bürcü üçün yaxşılıq vaxt, zəhmət və bəzən də maddi imkan sərf etmək deməkdir. Kiməsə borc verməsi, yemək alması və ya sevdiyi əşyasını müvəqqəti olaraq paylaşması onun yaddaşında qala bilər.
Hətta illər sonra "O sviteri sənə vermişdim, hələ də qaytarmamısan" deyərək keçmiş hadisəni xatırlada bilər. Astroloji yozumlarda Buğanın bu davranışı kin saxlamaqdan çox, detalları unutmaması və etdiyi yaxşılığa əhəmiyyət verməsi ilə izah olunur./demokrat.az