Rusiyada dəhşətli təyyarə qəzası: 61 ölü - YENİLƏNİB
Rusiyanın Rostov şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb
Dəqiqləşdirilmiş məlumata əsasən, Rostov-na-Donu şəhərində qəzaya uğrayan “Flydubai” aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rostov vilayəti fövqəladə xidmət orqanlarında bildiriblər. Qeyd olunur ki, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib.
İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəzaya uğramış təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə əcnəbilər olub.
Rusiyanın Rostov şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 55 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, “Boeing-738” təyyarəsi aeroporta eniş edərkən qəzaya uğrayıb.
Təyyarənin Dubay - Rostov marşrutu üzrə uçduğu bildirilir.
Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Təyyarənin göyərtəsində olan 55 sərnişin ölüb. Onlardan 4-ü uşaq və 7 nəfər ekipaj üzvüdür.
Hazırda hadisə yerinə bütün operativ xidmətlərin əməkdaşları cəlb edilib. Rostov hava limanı müvəqqəti olaraq bağlanıb. İlkin ehtimala görə, qəzaya səbəb pis hava şəraiti olub.