azia.az
azia.az

Bakıda “TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi – QƏRAR

Bu gün, 09:55

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Amil Quliyevin (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Azia.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2025-ci ildə saat 21 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Amil Quliyevlə tanışı, zərərçəkmiş İlham Həsənzadə (soyadı şərtidir) arasında “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı mübahisə yaranıb. O, anlaşılmazlığı aydınlaşdırmaq məqsədilə zərərçəkmiş şəxsin çağırışı ilə hadisə yerinə gəlib. Burada tərəflər arasında şəxsi münasibətlər zəminində yenidən mübahisə yaranıb.

Bu zaman İlham Amili döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib. Təqsirləndirilən şəxs yerə yıxıldıqdan sonra qarşıdurma davam edib. O, zərərçəkmiş şəxsin altında qaldığı vəziyyətdə üzərində olan bıçaqla İlhama iki dəfə zərbə endirib.

Nəticədə zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının yan səthinin döş və qarın boşluğuna nüfuz edən, dalağın, sol böyrəyin və diafraqmanın yaralanmasına səbəb olan, həmçinin sol tərəfli hemopnevmotoraksla müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yara alıb. Hadisə zamanı onun dalağı və sol böyrəyi cərrahi yolla çıxarılıb.

Bundan başqa, zərərçəkmişə qarının ön divarının daxilə nüfuz edən, qaraciyərin və mədənin yaralanmasına səbəb olan daha bir deşilmiş-kəsilmiş yara yetirilib. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, zərərçəkmişə yetirilmiş hər iki xəsarət həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurma kateqoriyasına aid edilib.

Beləliklə, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi – qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan olunub.

Məhkəmə iclasında ifadə verən Amil Quliyev elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Amil Quliyev şikayətində hökmün dəyişdirilməsini və barəsində daha yüngül cəza təyin olunmasını xahiş edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi