azia.az
azia.az

Zəlzələdə vəfat edən azərbaycanlı tələbənin valideynləri danışdı - VİDEO

24-02-2023, 16:38


Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadənin valideynləri onun vəfatından danışıb.

Azia.az xəbər verir ki, "Astar" "YouTube" kanalı Gündüz barədə süjet hazırlayıb, onun ailəsini danışdırıb.
Gündüzün atası Mübariz Nəzərzadə bildirib ki, baş vermiş zəlzələdən bir gün əvvəl onun doğum günü olub. Fevralın 5-də Gündüzlə danışan ata deyir ki, oğlu onunla sonuncu dəfə danışarkən halallıq istəyib. 

Mənə dedi ki, "Bu vaxta qədər mənə nə etmisənsə, haqqını halal et. Əslində həmişə məndən halallıq istəyirdi, amma bu dəfə tamamilə fərqli idi. Sanki ona agah olmuşdu”, - deyə ata bildirib.

Gündüzün anası Vəfa Nəzərzadə baş vermiş zəlzələ xəbərini tanışlardan birindən aldığını deyib:

"Səhər 8-in yarısı idi, mən işə getməyə hazırlaşırdım, bu vaxt mənə görüntülü zəng gəldi, tanışlarımızdan biri idi, dedi ki, Gündüzün qaldığı bina çöküb. Mən yoldaşıma xəbər verdim, biz çalışdıq ki, hava limanına gedək. Gündüzün qardaşı Antalyada qalırdı, biz ona xəbər verdik ki, tez get Gündüz qaldığı evə, onu axtar. Biz hava limanına getdik, neçə gün Gündüzü axtardıq, lakin tapa bilmədik”.

Mübariz Nəzərzadə deyir ki, xəbəri aldıqdan sonra oğulları ilə əlaqə yaratmaq istəyiblər, lakin zəng çatmayıb. Onun sözlərinə görə, vatsaplarına mesaj həmin vaxt 2 xətt gedirmiş.

O, həmin gün əraziyə getmək üçün biletin tapılmadığını deyib.

"Həmin gün uçmaq üçün bilet tapa bilmədik, digər oğlum Antalyada təhsil olur, ona dərhal xəbər verdik. Digər oğlum Gündüzün yanına 27 saata çata bildi, çünki o da bilet tapa bilmirdi, hava da qarlı idi”.

Gündüzün qardaşı Arzuman Nəzərzadə deyir ki, qardaşının axtarışlarına tək başlayıb:

"Vəziyyət çox pis idi, meyitlər yerdə, mən də bütün morqları gəzirdim, Azərbaycan Səfirliyi, Diaspor mənlə daimi əlaqə saxlayırdılar. Birinci xəbər yayılmışdı ki, yaralı kimi çıxıb, mən də xəstəxanaları gəzməyə başladım. Xəbəri eşidəndə bir az rahatlamışdım, sonra getdim xəstəxanaya, gördüm vəziyyət o deyil. Binanın qarşısına getdim, ora pis vəziyyətdə idi. Yanındakı binalardan normal vəziyyətdə olanlar var idi, amma Gündüzgilin binası pis çökmüşdü”.

Gündüzün anası binanın çox pis çökdüyünü və o binanı gördükdən sonra xəstəxanaya yerləşdirildiyini də bildirib.

"Bina çox pis vəziyyətdə idi. Binadan əsər-əlamət yox idi. Mən binanı gördükdən sonra özümü itirdim”.

Mübariz Nəzərzadənin sözlərinə görə, axtarış-xilasetmə işləri yüksək səviyyədə təşkil olunmuşdu:

"Axtarış gedirdi, lakin binanın vəziyyəti çox pis idi, binada beton deyilən şey yox idi, qırmızı kərpiclərdən istifadə olunmuşdu. Qıraqlarını elə sementləmişdilər ki, beton kimi görünürdü, amma o beton deyildi. Binanın vəziyyəti çox pis idi”.

Gündüzün anasının sözlərinə görə, Gündüz həmin vaxt yuxuda olub, çünki o, əlini başının altına qoyarkən yuxu vəziyyətində yatılı qalıb. Oğlumun üzü bir də ayaqları şişmişdi”.

Gündüzün İnönü Universitetində tanıdığı bir qız da olub. Gündüzün anası deyir ki, qız türk idi, amma onu sevmişdi:

"Qızla görüntülü danışırdım. Yaxşı qız idi. Biz onun arzularına heç vaxt "yox” demirdik, hər zaman hörmətlə yanaşırdıq. Bizi də Malatyada qızın ailəsi qarşıladı”.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Malatyada zəlzələ zamanı İnönü Universitetinin tələbələri olan Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıblar. Onların cəsədləri fevralın 14-də dağıntılar altından çıxarılıb

Həmin süjeti təqdim edirik:
 

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi