Qətlə yetirilən Mahir Allahverdiyev vəzifəli şəxs imiş - FOTOLAR
Dekabrın 11-də Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində qətlə yetirilən 1975-ci il təvəllüdlü Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı Kənd İnzibati Nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırmış.
Azia.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Allahverdiyev daha əvvəl uzun müddət "Azərişıq"da işləyib. Hadisəni törədən 2003-cü il təvəllüdlü Murad Kazımov isə ali məktəblərdən birinin 3-cü kurs tələbəsi olub. Murad dərsdən sonra ailəsinə dəstək məqsədilə həm də işləyirmiş.
Bildirilir ki, qətl hadisəsi Mahir Allahverdiyevin yaşadığı binanın qarşısında baş verib. Axşam saat 21 radələrində Murad ona zəng edərək küçəyə çıxmasını istəyib. O, özündən 28 yaş böyük şəxsə 17 bıçaq zərbəsi endirib. M.Allahverdiyev hadisə yerində vəfat edib.
Bildirilir ki, mərhum M.Allahverdiyev 3 qız atası olub. O, həm də Birinci Qarabağ Müharibəsi iştirakçısı və qazi imiş. Hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.
Qeyd edək ki, qətlə yetirilən Mahir Allahverdiyev şəhid Vüsal Allahverdiyevin əmisidir. Vüsal cəbhəyə aparılarkən çağırış məntəqəsinin qarşısında avtobusda çəkilmiş görüntüləri ilə tez-tez xatırlanır.