Hakim: "İlkin, əmin ol ki, barəndə ən obyektiv qərarı verəcəyəm" - "Nərmin İŞİ"
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Azia.az -ın APA-ya istinadən xəbərinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov ibtidai istintaq dövründə verdiyi etirafedici ifadəsinin yerində yoxlanılması ilə bağlı tərəflərin suallarını cavablandırıb.
Müdafiə tərəfi ifadənin yerində yoxlanılmasına aparılan zaman onun təzyiqlərə məruz qalıb-qalmaması ilə maraqlanıb.
İttiham olunan şəxs bu barədə danışarkən həmin vaxt Tovuz Rayon Polis Şöbəsinin rəis müavini olmuş Şahlar Cəfərovun adını çəkib. İkin Süleymanovun dediyinə görə, hadisə yerinə aparılmazdan əvvəl rəis müavini ona hədə-qorxu gəlib, işgəncə verib: "Dedi ki, lazım gəlsə, əlli nəfər əlisilahlı gətizdirərəm, oranı mühasirəyə alaram. Başıma və bədənimin başqa yerlərinə içki şüşəsiylə zərbələr vurdu. Həmin vaxt bir nəfər polis əməliyyatçısı içəri daxil olub, Baş Prokurorluqdan gələnlərin qabağında artıq-əskik danışmamağımı tapşırdı".
Daha sonra İlkin Süleymanov dövlət ittihamçısının suallarını cavablandırıb.
Prokuroru ilk olaraq İlkin Süleymanovdan hadisə yerində ifadə verərkən nəyə görə ayağında ayaqqabı deyil, çəkələk olduğunu soruşub. Təqsirləndirilən şəxs ayaqqabı geyinməməsinə səbəb kimi, işgəncə verildiyi üçün dabanlarının şişdiyini göstərib.
Prokuror isə "Görüntülərdə ağrıdığınız hiss olunmur, rahat gəzirsiniz", - deyə əlavə edib.
İlkin Süleymanov prokurorun bir neçə sualına "yadımda qalmayıb”, "bilmirəm” kimi cavablar verib. Bu zaman məhkəməyə sədrlik edən hakim Dadaş İmanov İlkin Süleymanova müraciət edərək ondan hər şeyi dəqiqliklə danışmasını istəyib: "İlkin, əmin ol ki, mən sənin barəndə ən obyektiv qərarı verəcəm. Ona görə burda hər şeyi dəqiqliyi ilə danış. İttiham sənə istintaqa verdiyin ifadə əsasında verilib, indi hər şeyi dəqiqliyi ilə danışmalısan ki, biz obyektiv qərar çıxara bilək”.
Proses noyabrın 29-u davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.